Müxalif “Xronika plyus” qəzetinin baş redaktoru Eliso Kiladzenin oğlu ötən gecə qanunsuz yolla narkotik əldə etmə və saxlama ittihamı ilə həbs edilib. Polisin məlumatına görə, 28 yaşlı David Xarşiladzedən iki paket mənşəyi məlum olmayan toz və tablat götürülüb.
Eliso Kiladze polisi oğlunun cibinə saxta “sübut” qoymaqda və saxlanılan zaman ona zor tətbiq etməkdə ittiham edib. Kiladze bildirib ki, onun oğlunun saxlanılmasında Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini İosig Qoqaşvili şəxsən iştirak edib.
“İki həftə əvvəl Baş Polis İdarəsilə bağlı çox kəskin məqalə dərc etmişəm. Üstəlik mənimlə DTX-nın rəis müavini arasındakı münaqişə hamıya məlumdur. Əgər mənə razılaşma təklif etmək istəyirlərsə ki, mən jurnalist fəaliyyətimi dayandırım və ya başqa cür mənə təsir etsinlər, cavabım “yox” olacaq”, – Kiladze bəyan edib.
Onun sözlərinə görə, ailəsi Davidin saxlanılması haqda ancaq dörd saat sonra xəbər tutub. Narkoloji ekspertiza onun narkotik vasitələrin təsiri altında olmadığını təsdiqləyib. Kiladze bildirib ki, onun oğlu hepatit C-dən müalicə olunur, buna görə də onu narkotik istifadəsində ittiham etmək ağılasığmazdır.
Saxlanılanın vəkilinin sözlərinə görə, Xarşiladzeyə qarşı zorakılıq tətbiq edilib. Ombudsman nümayəndəsi ona baş çəkib və saxlanılanın üzündə həqiqətən də saxlanılma zamanı aldığı xəsarətlərin izi olduğunu təsdiqləyib.