“Müxalifət seçkilərdən sonra koalisiya yaradaraq hakimiyyətə gəlmək istəyir” – Ermənistan parlamentinin vitse-spikeri
Ermənistanda seçkiqabağı müxalifət
7 iyuna təyin edilmiş parlament seçkiləri ərəfəsində Ermənistan müxalifəti yenidən qruplaşır. Seçkilərdə birgə iştirak edəcəklərini Rusiyayönlü müxalif siyasətçi, “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan və oliqarx Qaqik Tsarukyan bəyan ediblər. Tevanyan vaxtilə lideri sabiq prezident Robert Koçaryan olan “Ermənistan” fraksiyasından deputat olub. Tsarukyan isə “Çiçəklənən Ermənistan” partiyasına rəhbərlik edir.
Andranik Tevanyanın sözlərinə görə, onların birləşməsi “ciddi proqramı və hakimiyyəti öz üzərinə götürməyə iddialı komandası olan güc mərkəzinin formalaşması” barədə siqnaldır.
Hakim “Vətəndaş müqaviləsi” fraksiyasında isə bu birləşmədə müxalifətin Gümrüdə keçirilən bələdiyyə seçkiləri zamanı tətbiq etdiyi ssenarinin təkrarlanması təhlükəsini görürlər.
2025-ci ilin yazında Gümrüdə növbədənkənar bələdiyyə seçkiləri keçirilib. Nəticədə heç bir partiya 50+1 faiz səs toplaya bilməyib. Ən çox səsi hakim “Vətəndaş müqaviləsi” partiyası əldə edib. Lakin müxalif qüvvələrin heç biri onunla koalisiya qurmağa razılaşmayıb.
Seçki baryerini keçən dörd müxalif qüvvədən üçü birləşərək Ermənistan Kommunist Partiyasının namizədi Vardan Qukasyanı dəstəkləyib. Beləliklə, o, ölkənin ikinci böyük şəhərinin meri seçilib. Parlament seçkilərinin nəticələrinə əsasən isə Ermənistanın baş nazirinin kim olacağı müəyyənləşəcək.
Parlamentin vitse-spikeri Ruben Rubinyanın qiymətləndirməsinə görə, Koçaryanın komandasının bir hissəsinin Tsarukyanın siyahısına qoşulması və onların seçkilərdə birgə iştirakı müxalifətin Gümrüdə tətbiq etdiyi ssenarini bu dəfə ümumrespublika səviyyəsində təkrarlamaq niyyətində olduğunu göstərir.
“Plan çox sadədir. Seçkilərdə üç qüvvə iştirak edəcək və proses zamanı hətta bir-biri ilə heç bir əlaqələrinin olmadığını bəyan edə bilərlər. Daha sonra isə koalisiya yaradaraq və ya bir-birinə səs verərək hakimiyyətə gəlməyi planlaşdırırlar”, – deyə o bildirib.
Rubinyan seçkilərin üç iştirakçısından danışarkən liderləri sabiq prezident Robert Koçaryan və iki biznesmen Qaqik Tsarukyan və Samvel Karapetyan olan qüvvələri nəzərdə tutur.
Gümrü ssenarisinin qarşıdakı seçkilərdə təkrarlana biləcəyini hakim partiyanın digər nümayəndələri də bildirirlər. Deputat Vaaqn Aleksanyan qeyd edib ki, “oliqarxik müxalifət” seçkilərdə iri ittifaqlar yaradaraq iştirak etməyə və səsvermədən sonra koalisiya formalaşdırmağa çalışır.
“Lakin sizin üçün pis xəbərim var. Sizə ‘Gümrü-2’ əməliyyatını həyata keçirmək mümkün olmayacaq. Buna nail ola bilməyəcəksiniz”, – deyə Aleksanyan bildirib.
- “Ölü doğulmuş proses”: Hakim komanda Paşinyanın impiçment layihəsini rədd edib
- “Paşinyanın hakimiyyətdə qalmaq şansı yoxdur, biz seçkilərdə fəal olacağıq” — Ermənistanın sabiq prezidenti
- “Moskva Ermənistanda ‘İvanişvili 2.0’ əməliyyatını həyata keçirməyə çalışır” – erməni analitik
Tevanyan-Tsarukyan yeni siyasi bloku barədə nə məlumdur
2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən Andranik Tevanyan sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi müxalif “Ermənistan” fraksiyasından deputat seçilib. 2023-cü ildə o, Yerevan Ağsaqqallar Şurasına seçkilərdə iştirak etmək üçün mandatından imtina edib. Bu qurum paytaxtın yerli özünüidarəetmə orqanıdır və şəhər parlamenti kimi fəaliyyət göstərir. Tevanyanın rəhbərlik etdiyi partiya 12 mandat qazanıb.
2025-ci ildə Tevanyanın partiyası Gümrü və Vaqarşapat şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərdə də iştirak edib. Partiya hər iki şəhərdə seçki baryerini keçərək hər birində 2 mandat əldə edib.
Koçaryanın rəhbərlik etdiyi siyasi qüvvə 2026-cı il parlament seçkilərində iştirak edəcək olsa da, onun keçmiş silahdaşı Tevanyan Qaqik Tsarukyanla birləşmək qərarına gəlib.
“Bu il mövcud rejimin devrilməsi ili olmalıdır. Hamımızın bir siyasi məqsədi olarsa və bir-birimizə qarşı addımlar atmasaq, həmin şəxsin [hazırkı baş nazir Nikol Paşinyanın] sonu çatmış olacaq”, – deyə Tevanyan bildirib.
Qaqik Tsarukyan isə hələlik rəhbərlik etdiyi qüvvənin baş nazir postuna namizədinin kim olacağını açıqlamayıb. Bununla yanaşı, o, bir namizəd yox, üç namizədinin olduğunu və onların hər üçünün “səriştəli və hazırlıqlı, biri digərindən daha yaxşı” olduğunu bəyan edib.
Tsarukyanla ittifaq çərçivəsində politoloq Suren Surenyantsın rəhbərlik etdiyi “Demokratik alternativ” partiyası da eyni siyahı ilə seçkilərdə iştirak edəcək. Ermənistanın bəzi nəşrləri yazır ki, sabiq Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan da onlara qoşula bilər. Lakin onun partiyasından bildirilib ki, hələlik belə bir qərar qəbul edilməyib.
Biznesmen Samvel Karapetyanın partiyası “ixtisaslı çoxluq” əldə edəcəyinə ümid edir
Müxalif “Güclü Ermənistan” partiyasının siyasi şurasının üzvü David Qazinyan digər müxalif qüvvələrlə mümkün əməkdaşlıq məsələsinin hələlik müzakirə olunmadığını bildirib:
“Biz ixtisaslı çoxluq qazanmaqdan başqa heç bir ssenarini nəzərdən keçirmirik. Vaxtı çatanda nə etməli olduğumuzu anlayacağıq”.
“Güclü Ermənistan” partiyasının lideri rusiyalı dollar milyarderi Samvel Karapetyandır. O, hazırda ev dustaqlığındadır. Karapetyan yayda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlara görə saxlanılıb. “Güclü Ermənistan” partiyasından baş nazirliyə namizəd kimi məhz biznesmenin özü irəli sürülüb. Halbuki konstitusiyaya əsasən o, bu vəzifəyə iddia edə bilməz, çünki Ermənistanla yanaşı daha iki ölkənin, Rusiya və Kiprin də vətəndaşıdır.
Buna baxmayaraq, partiyanın üzvü David Qazinyan müxalifətin seçkilərdə qələbə qazanacağına şübhə etmir:
“8 iyunda bu hökumət olmayacaq. Xalqımızın seçiminə hörmətlə yanaşaraq, ən yaxşı halda bu hökumət müxalifət roluna iddia edə bilər. Düşünürəm ki, parlamentdə çox az sayda təmsil olunacaqlar”.
“2026-cı ildən sonra siyasətdə bir oliqarx və ya sabiq prezident görməyəcəksiniz” – Paşinyan
Nikol Paşinyan bir neçə gün əvvəl biznesmen Samvel Karapetyanın baş nazir postuna namizəd kimi irəli sürülməsinə münasibət bildirib. Hazırkı baş nazir bu addımı “Ermənistanı növbəti dəfə gözdən salmaq cəhdi” kimi qiymətləndirib.
Paşinyanın fikrincə, qarşıdakı seçkilərin nəticələrinə əsasən müxalif qüvvələr “sarsıdıcı məğlubiyyətə” uğrayacaqlar:
“Köhnə hakimiyyətin bütün nümayəndələri və oliqarxlar siyasi arenadan qəti və dönməz şəkildə sıxışdırılıb çıxarılacaq. 2026-cı ildən sonra siyasətdə bir oliqarx və ya sabiq prezident görməyəcəksiniz”.
Karapetyanın “Güclü Ermənistan” partiyasından bildiriblər ki, Paşinyan bu açıqlaması ilə öz narahatlığını nümayiş etdirib. Onun bəyanatına sabiq prezidentlər də reaksiya veriblər.
Sabiq prezident Robert Koçaryanın ofisinin rəhbəri vurğulayıb:
“8 iyundan sonra xalqın hamısının utanacağı lider dəqiq olmayacaq”.
Digər sabiq prezident Serj Sarqsyanın partiyası hələlik seçkilərdə iştirakla bağlı qərar qəbul etməyib. Lakin partiya nümayəndələri Paşinyana “siyasi məğlubiyyətlər barədə deyil, onun rəhbərliyi altında Ermənistanın məğlubiyyəti barədə düşünməyi” tövsiyə ediblər.
Şərhlər
Hakim partiyadan deputat Vaaqn Aleksanyan:
“Ermənistanın müstəqilliyinə qarşı çıxan oliqarxik müxalifət bütün respublika üzrə ‘Gümrü-2’ əməliyyatını həyata keçirməyə çalışır. Robert Koçaryan mətbuat konfranslarının birində bildirib ki, müxalifətin bir şansı var. Bu da ‘Gümrü-2’ əməliyyatıdır və müxalifət bu seçkilərdə iri bloklarla iştirak etməlidir.
Və onların formalaşması gözlərimiz qarşısında baş verir:
- Andranik Tevanyan – Qaqik Tsarukyan,
- Samvel Karapetyanın partiyası [hansı güc ilə qoşulacağını dəqiqləşdirməyib],
- Robert Koçaryan – Daşnaksutyun EİF partiyası.
Bu şəxslər Gümrü effektini bütün respublika üzrə yaratmağa cəhd edəcəklər. Hətta formal olaraq bir-birilərinə hücum edəcək, birlikdə olmadıqlarını deyəcəklər. Lakin seçkilərdən sonra bir-birilərinə səs verəcək və ya koalisiya quracaqlar”.
Milli Məclisin vitse-spikeri Ruben Rubinyan:
“Biz təmin etməliyik ki, Ermənistanda hakimiyyətin və baş nazirin kim olacağına xalq qərar verməyə davam etsin, Koçaryan və biri rusiyalı, digəri yerli olan iki oliqarx yox.
Ölkəmizdə ədalətin və sülhün bərqərar olması naminə çox böyük qurbanlar vermişik. İndi isə bu nailiyyətlərin geridönməz olacağı mərhələnin astanasında dayanarkən Koçaryan və iki oliqarxın onları məhv etməsinə imkan verə bilmərik.
Koçaryanın və iki oliqarxın komandası hakimiyyətə gələcəyi təqdirdə sülh sazişini imzalayacağını heç cür təsdiqləmir. Müxtəlif söz oyunlarından istifadə edirlər, amma bunu demirlər. Bir dəfə əlavə təminatlara ehtiyac olduqlarını bildirirlər, başqa dəfə danışıqlar aparacaqlarını və mətni yenidən nəzərdən keçirəcəklərini deyirlər. Hər nə olursa olsun, bu sözləri səsləndirmirlər: “Hakimiyyətə gəlsək, sülh sazişini imzalayacağıq”.
Niyə? Çünki onlara illərlə çəkilən məhrumiyyətlər və qurbanlar nəticəsində bizə nəfəs almaq və dayanıqlı sülh əldə etmək imkanı verən arxitekturanı dağıtmaq tapşırılıb”.
Ermənistanda seçkiqabağı müxalifət