Münaqişə müharibəyə çevriləcək
Cənubi Osetiyada əslində köhnə olan mövzunun fəal müzakirəsinə başlayıblar – “Gürcüstan-Cənubi Osetiya münaqişəsi terminini işlətmək doğrudurmu?
Müzakirəni yenidən başlayan Cənubi Osetiya parlamentinin “Vahid Osetiya partiyasından olan deputatı Pyotr Qassiyev “münaqişə sözünün özünü doğru saymır, çünki onun fikrincə bu, tam miqyaslı müharibə olub. O, “Gürcüstan-Cənubi Osetiya ifadəsini də doğru hesab etmir.
“Hələ lap əvvəldə, 1990-cı illərdə Cənubi Osetiyada deyirdilər ki, “Gürcüstan-Cənubi Osetiya münaqişəsi termini baş verən hadisələrin mahiyyətini əks etdirmir, kimin qurban, kimin təcavüzkar olduğunu müəyyən etmir və beləliklə də faktiki olaraq, tərəflərin məsuliyyətini bərabərləşdirir. Nəticədə Gürcüstanın bir dövlət kimi cənubi osetiyalıların etnik birliyinin və onların yaratdığı Cənubi Osetiya Respublikasının məhv edilməsi məqsədilə hərbi təcavüzünə görə məsuliyyəti diqqətdən kənarda qalır, – deyə Qassiyev bildirir.
İxtisasca tarixçi, 2002-2009-cu illərdə Cənubi Osetiyanın informasiya və mətbuat naziri olan, “İr Media mərkəzi qeyri-hökumət təşkilatının rəhbəri İrina Qaqloyevanın izahı:
Cənubi Osetiya parlamentinin nəzdində hazırda tarixçilər, ictimai və siyasi xadimlərin daxil olduğu xüsusi komissiya yaradılır. Onlar da yekun qərar çıxaracaq: “Gürcüstan-Cənubi Osetiya münaqişəsi termini qalacaq, yoxsa onun əvəzində yeni “cənubi osetiyalıların 1989-2008-ci illər vətən müharibəsi termini istifadə olunmalıdır?
Komissiya müsbət qərar verərsə, yeni termin rəsmi terminologiya və hüquqi sənədlərdə, bundan başqa dərsliklərdə və elmi ədəbiyyatda istifadə olunacaq.
Parlament deputatı Zita Besayeva deyir ki, misal üçün, bu illərdə döyüşənlər üçün nəzərdə tutulan sosial imtiyazlar haqqında qanunlarda ifadələri dəyişmək lazım olacaq, çünki orada “gürcü-osetin münaqişəsi yazılıb. Bu hadisələrdə iştiraka görə mükafatlarla bağlı vəziyyət də eyni cürdür.
“Rəsmi şəxslər ancaq yeni termindən istifadə etməli olacaqlar. Tarix dərsi vaxtı müəllimlər də yeni termini işlədəcəklər. Qeyri-hökumət təşkilatları da yeni ifadədən istifadə etməli olacaqlar.
Cənubi osetiyalı politoloq, fəlsəfə elmləri namizədi Kosta Dzuqayev deyir ki, 1989-cu ildən bu günə qədər gürcü-osetin münasibətlərinin bütün müxtəlifliyini gürcü-osetin münaqişəsi də adlandırmaq olar, amma burada yenə də böyük problem var.
“Bu, oturuşmuş siyasi termindir. Bizdə həm də “milli azadlıq hərəkatı və ya “milli azadlıq mübarizəsi terminlərindən istifadə olunub, onlar da tam mənasıyla gürcü-osetin hərbi münaqişəsinin reallıqlarını əks etdirir.
Kosta Dzuqayev
Amma eyni zamanda Kosta Dzuqayev deyir ki, yerli cəmiyyətdə bu gün xüsusi psixoloji tələbat formalaşıb və onu başqa, “vətən müharibəsi termini təmin edir.
“İctimai təfəkkürdə həmişə konkretləşdirmənin olmaması hissi vardı və çoxları Abxaziyanın təcrübəsini təkrar etmək istəyir, burada “vətən müharibəsi termini çoxdan rəsmi səviyyədə istifadə olunur. Və bu tələbə cavab vermək, görünür, doğru olar.
Yeni terminin rəsmən qəbulundan sonra Cənubi Osetiyada xüsusi proqram və müvafiq dəyişikliklər etmək və ya artıq mövcud sənədlər, kitablar və dərslikləri dəyişmək üçün böyük vəsait lazım olacaq.
Pyotr Qassiyev
Bundan əlavə, dərsliklərin nəşr edilməsi və Cənubi Osetiyanı tanıyan dövlətlərlə – BMT üzvləri olan Rusiya Federasiyası, Nikaraqua, Venesuela və Naurunu ilə müqavilələrin də yenidən yazılması gözləyir.
Bu qərarın realizəsi proqramı və maliyyələşmə məsələsi hələ ki, Sxinvalda müzakirə olunmayıb.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 11.05.2016