“Müharibənin nəticələri dəyişməz qalacaq” – İlham Əliyev jurnalistlərin suallarına cavab verib
Ermənistanda nə baş verir? 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə necə əməl olunur? Niyə Azərbaycanda Çin vaksinindən istifadə edilir? Qarabağda ələ keçirilən 60 nəfər Ermənistan vətəndaşının aqibəti necə olacaq? İlham Əliyev bütün bu suallara cavab verib.
- Vətəndaş müharibəsi astanasında? Yerevanda eyni zamanda iki mitinq keçirilib: müxalifətin və hakimiyyətin
- Azərbaycan Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib
Fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün dörd saat davam edən mətbuat konfransı keçirib.
Ermənistandakı vəziyyət haqda
“Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir.
…Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki iyirmi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı”, – Əliyev bildirib.
“Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq”, – Azərbaycan prezidenti əlavə edib.
Üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi haqda
“Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur.
Rusiya və Azərbaycan prezidentlərinin, o cümlədn də Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabrda imzaladığı üçtərəfli bəyanat 44 gün davam edən ikinci Qarabağ müharibəsinə son qoyub.
Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil”, – Əliyev bəyan edib.
Koronavirusa qarşı vaksin haqda
Azərbaycan əhalisinin vaksinasiyası prosesi ilə bağlı jurnalistlərin suallarına cavab verərkən Əliyev deyib: “Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra.
Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. “COVAX” təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq?”
“CoronaVac” peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik”.
Qarabağda saxlanılan 60 nəfər Ermənistan vətəndaşı haqda
“Döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil.
…Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs – mobil operator şirkətinin nümayəndəsi həlak olub. Şuşa şəhərinə gedən həmin şəxs pusquya düşüb və bir neçə nəfər yaralanıb.
Təbii ki, biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir”, – Əliyev müharibədən sonra Qarabağdakı vəziyyət haqda suallara cavab verərkən bildirib.