Müğənni mahnıya görə cərimələnib. Gürcüstanda hakimiyyəti daha hansı formalarda tənqid etməyə görə cərimə tətbiq olunur?
Gürcüstanda müğənni cərimələnib
Gürcüstanlı müğənni Sofo Batilaşvili hakim partiyanın ünvanına qeyri-etik ifadələrin səsləndirildiyi “Ole Ola” mahnısını ifa edərkən çəkilmiş videonu sosial şəbəkələrdə paylaşdığına görə 3 000 lari (təxminən 1 150 dollar) məbləğində cərimələnib. Qərarı hakim Koba Çaqunava verib.
Məhkəmə iclasından sonra Batilaşvili jurnalistlərə bildirib ki, ölkədə etiraz formalarına tətbiq edilən məhdudiyyətlər getdikcə genişlənir və artıq musiqi sahəsində də senzuraya yol açıb.

“Bir il əvvəl insanların səkidə dayandıqlarına görə həbs edilməsi ağlasığmaz görünürdü. Amma indi Gürcüstanda elə bir vəziyyətə gəlib çatmışıq ki, müqavimət göstərən, etiraz edən və ya etirazçılarla həmrəylik nümayiş etdirən insanları istənilən bəhanə ilə həbs edirlər.
İş o yerə çatıb ki, bizə ifa edə biləcəyimiz mahnıların siyahısını təqdim edə bilərlər. Artıq ifası qadağan olunan mahnıların siyahısını tərtib etməyə başlayıblar. Biz artıq musiqiçilərə qarşı senzura ilə üzləşirik”, – deyə müğənni bildirib.
Nə baş verib?
“Ole Ola” mahnısında hakim “Gürcü Arzusu” partiyasının ünvanına qeyri-etik ifadələr səsləndirilir. Mahnı Tbilisidə iki ildən artıqdır fasiləsiz davam edən kütləvi Avropayönlü etirazların bir növ himninə çevrilib. Etirazlar 2024-cü il noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüyə namizəd statusuna malik Gürcüstanın avrointeqrasiya prosesinin 2028-ci ilə qədər təxirə salındığını elan etməsindən sonra başlayıb.
Sofo Batilaşvili bu mahnını ictimaiyyət qarşısında ifa etdiyinə görə cəzalandırılan ilk şəxs deyil.
Oktyabrın 7-də fəal Tornike Toşxua və tələbə Sandro Sexniaşvili “Ole Ola” mahnısını küçədə ifa etdiklərinə görə məhkəməyə çağırılıblar.
Batilaşvili mahnını ifa etdiyi videonu oktyabrın 8-də paylaşıb.
O, videonu müşayiət edən paylaşımında insanların mahnıya görə məhkəməyə çağırılmasına etiraz etdiyini və videonu məhz buna görə saat 22:00-da yayımladığını bildirib. Həmin vaxt Avropayönlü etiraz aksiyasının iştirakçıları mitinqdə “Ole Ola” mahnısını oxuyurlar.
“2026-cı ildə Gürcüstanda insanları bu mahnıya görə mühakimə edirlər. Bir daha təkrar edirəm, mahnıya görə. “Ole Ola” mahnısından çoxdan bezmiş, hətta onu zümzümə etmək belə istəməyən mən birdən qərara gəldim ki, buyurun, bu da sizə”, – deyə Batilaşvili yazıb.
O, paylaşımında “Ole Ola” mahnısının müəllifi, gürcü musiqiçi Kordz ilə də həmrəylik nümayiş etdirib. Hakimiyyətə qarşı müxalif mövqeyini açıq ifadə edən musiqiçi şəhər rəhbərliyinin, hakim “Gürcü Arzusu” partiyasının üzvlərinin və hökumətyönlü təbliğat mediasının hücum və təhdidlərinə məruz qalır.
Kordz iki dəfə ona hücum etməyə cəhd göstərildiyini bildirib.
Bu səbəbdən sentyabrda Kordzun (Aleksandr Kordzaya) çıxış etməli olduğu Qori şəhərindəki Kamara musiqi festivalı qeyri-müəyyən müddətə təxirə salınıb. Festivalın təşkilatçısı olan Danimarka Mədəniyyət İnstitutu tədbirin keçirilməsini təhlükəsiz hesab etməyib.
Batilaşvili Facebook paylaşımında cəmiyyətin insanlara qarşı bu cür münasibətlə barışmamasının nə qədər vacib olduğunu vurğulayıb.
“Bilirəm ki, artıq çox şey adi hala çevrilib. Onu da bilirəm ki, kimsə səsini çıxaranda hamı necə onun üstünə düşür. Amma özümüzə xatırlatmalıyıq ki, insanlara bu cür münasibət normal deyil və biz hələ də bir-birimizə dəstək oluruq. Əks halda, bütün bunların heç bir mənası qalmaz”, – deyə o yazıb.
Presedenti olmayan vəziyyət
Sofo Batilaşvilinin cərimələnməsi Gürcüstan üçün presedenti olmayan hadisə hesab edilə bilər.
Beynəlxalq təcrübədə oxşar hadisələr arasında Rusiyada baş verən bir hal xüsusilə diqqət çəkir. 2025-ci ildə Sankt-Peterburqda Ukrayna və Rusiya hakimiyyətini tənqid edən musiqiçilərin mahnılarını küçədə ifa etdiklərinə görə Stoptime qrupunun üzvləri həbs olunublar.
Qrupun solisti Diana Loginova (Naoko) “Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq” ittihamı ilə cərimələnib, musiqiçilər isə bir neçə dəfə inzibati qaydada saxlanılıblar.
Sosial şəbəkələrdən səkilərə qədər: Gürcüstanda etirazlara qarşı mübarizə necə sərtləşib?
“Gürcü Arzusu”nun rəhbərlik etdiyi hökumət 2024-cü ilin sonundan etibarən inzibati və cinayət qanunvericiliyini bir neçə dəfə sərtləşdirib. Nəticədə vətəndaşlar həm etiraz aksiyalarında iştirak etdiklərinə, həm də sosial şəbəkələrdə dövlət rəsmilərini tənqid etdiklərinə görə məsuliyyətə cəlb olunublar.
● 2025-ci ilin fevralında parlament İnzibati Xətalar Məcəlləsinə 173-cü maddənin yeni 16-cı hissəsini əlavə edib. Bu müddəaya əsasən, dövlət və siyasi vəzifə tutan şəxslərin, dövlət qulluqçularının və onlara bərabər tutulan şəxslərin ünvanına şifahi təhqirlər, söyüşlər və təhqiramiz hərəkətlər inzibati xəta hesab olunur.
Bu pozuntuya görə 1 500 laridən (təxminən 600 dollar) 4 000 lariyə (təxminən 1 500 dollar) qədər cərimə və ya 45 günədək inzibati həbs nəzərdə tutulur.
Qısa müddət sonra bu norma hökuməti tənqid edən bəyanatların və Facebook paylaşımlarının müəlliflərinə qarşı tətbiq olunmağa başlayıb. 2026-cı ildə sosial şəbəkələrdə yayımlanan bəyanatların monitorinqi daha da intensivləşib.
● Human Rights Watch təşkilatının məlumatına görə, Daxili İşlər Nazirliyində yaradılmış müvafiq xüsusi bölmə 2026-cı ilin avqustuna qədər ehtimal olunan inzibati xətalarla bağlı təxminən 300 işi məhkəmələrə göndərib.
● Qanunvericiliyin sərtləşdirilməsi küçə etirazlarına da təsir edib. 2025-ci ilin oktyabrında qəbul edilən dəyişikliklərlə yolların süni şəkildə bağlanmasına görə sanksiyalar sərtləşdirilib və etiraz aksiyaları zamanı üzü örtmək qadağan olunub. Bəzi hallarda cərimələr inzibati həbslə əvəz edilib, təkrar pozuntulara görə isə cinayət məsuliyyəti müəyyənləşdirilib.
● 2025-ci il dekabrın 12-də qəbul edilən növbəti dəyişikliklərlə məhdudiyyətlər səkilərə və piyadalar üçün nəzərdə tutulmuş ərazilərə də şamil olunub. Yeni qaydalara əsasən, toplantı və ya nümayiş insanların hərəkətinə mane olarsa, təşkilatçılar əvvəlcədən Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər.
Polisə toplantı iştirakçılarından aksiyanın yerini və ya marşrutunu dəyişməyi tələb etmək üçün geniş səlahiyyətlər verilib. Bu tələblərə əməl edilməməsi iştirakçıların 15 günədək, təşkilatçıların isə 20 günədək inzibati həbsinə səbəb ola bilər. Təkrar pozuntular cinayət təqibi üçün əsas yarada bilər.
Dəyişikliklər qüvvəyə mindikdən sonra polis səkidə dayanan insanları etiraz aksiyalarının iştirakçıları hesab edərək saxlamağa başlayıb.
● Hüquq müdafiə təşkilatlarının məlumatına görə, qanunvericilik dəyişiklikləri sərbəst toplaşmaq və ifadə azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırır və dinc etirazçıların cəzalandırılması mexanizminə çevrilib.
Human Rights Watch təşkilatının 2026-cı il üzrə hesabatında da qeyd olunur ki, Gürcüstanda insan hüquqlarının vəziyyəti kəskin şəkildə pisləşib və hökumət tənqidi səsləri susdurmaq üçün inzibati və cinayət-hüquqi mexanizmlərdən istifadə edir.
Gürcüstanda müğənni cərimələnib