Mövqe: "Yerevan Bakı və Ankaranın virtual reallığına qoşulmamalıdır"
Azərbaycandan Ermənistana potensial təhlükələr
“Azərbaycan və Türkiyə özlərini sülhpərvər dövlətlər kimi təqdim edərək virtual reallıq yaradır. Əliyev deyir ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara özü başlayıb, onun mətnini hazırlayıb. Türkiyə də Qafqazda sülhdə maraqlı olduğunu bəyan edir. Lakin Ermənistan daxili siyasi və ya digər məsələlərdən çıxış edərək bu virtual reallığa tam şəkildə qoşulmamalıdır”, – deyə politoloq Benyamin Poqosyan yerli telekanallardan birinin efirində vurğulayıb.
Onun fikrincə, Yerevan ehtiyatlı davranmalı, vaxtaşırı qonşularına mövcud prosesləri, həmçinin əldə olunmuş, lakin hələ də icra edilməmiş razılaşmaları xatırlatmalıdır. Nümunə kimi tərəflər arasında hələ 2022-ci ildə əldə edilmiş, Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı razılaşmanı göstərir.
Bu fonda, onun sözlərinə görə, “Türkiyə, eyni zamanda Azərbaycan çox sülhpərvər dövlətdir,, onların Ermənistanla münasibətləri əladır” kimi narrativləri və danışıqların irəlilədiyi barədə iddiaları dəstəkləmək olmaz. O, mövqeyini bununla izah edir ki, bu ölkələrin apardığı siyasət əslində dəyişməyib.
“Türkiyənin Cənubi Qafqazda siyasəti keçmişdə də, indi də və gələcəkdə də hər zaman ‘Azərbaycan birinci yerdədir’ konsepsiyasına əsaslanıb və əsaslanacaq. Yəni Türkiyə Cənubi Qafqazda nə edirsə və ya etmirsə, hər zaman Azərbaycanla strateji müttəfiqlikdən çıxış edəcək və öz addımlarını, o cümlədən Ermənistana aid məsələlər üzrə Azərbaycanla koordinasiya edəcək”, – deyə o bildirib.
- Ermənistan Türkiyə münasibətlərinin Bakısız normallaşması mümkündürmü: qiyabi Yerevan-Ankara debatları
- “Ermənistan Türkiyədən konkret addımlar gözləyir”: tərəflər nəyə nail olub və daha nə mümkündür
- ABŞ-nin Ərdoğana “legitimlik” vermə siyasəti və məqsədləri
Bu il Bakı tərəfindən eskalasiya ehtimalı əhəmiyyətli dərəcədə daha aşağıdır
Politoloq xatırladır ki, ötən ilin əvvəlində Azərbaycan tərəfindən hərbi eskalasiya təhlükəsi son dərəcə yüksək idi. Söhbət açıq şəkildə Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən yolun “güc yolu ilə ələ keçirilməsi”ndən gedirdi. Poqosyanın sözlərinə görə, 8 avqust 2025-ci ildə Vaşinqtonda “Tramp Marşrutu” ilə bağlı əldə olunan razılaşmalardan sonra eskalasiya ehtimalı azalıb:
“Amma bunun səbəblərini anlamaq lazımdır. Səbəb ondadır ki, Bakı hərbi eskalasiya təhdidindən və öz tələblərindən imtina edib? Yoxsa Azərbaycan hesab edir ki, Vaşinqtonda əldə olunan razılaşmalar onun əvvəlcədən düşündüyü və təsəvvür etdiyi çərçivəyə uyğundur? Yəni bu, azərbaycanlıların bir dənə də erməni görməyəcəyi keçid modeli çərçivəsinə düşür?”
“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (Trump route for international peace and prosperity – TRIPP) Azərbaycanı Ermənistan ərazisindən keçməklə onun muxtar qurumu olan Naxçıvanla birləşdirəcək yoldur.
Bir neçə il ərzində Yerevan və Bakı bu məsələ üzrə razılığa gələ bilmirdi. Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı yolun verilməsini tələb edirdi. Ermənistan hakimiyyəti isə bütün yolların blokdan çıxarılmasına hazır olduqlarını bildirir, lakin “dəhliz” terminini qəbul etmirdi, çünki bu termin ölkənin həmin ərazi üzərində nəzarətini, yəni suveren hüquqlarını itirməsini nəzərdə tutur.
Yalnız 8 avqustda Vaşinqtonda tərəflər razılığa gəldilər ki, yol Ermənistanın suveren nəzarəti altında qalacaq və ABŞ blokdan çıxarılma prosesinə biznes-tərəfdaş kimi qoşulacaq. Bu səbəbdən layihə vasitəçinin adına uyğun olaraq “Tramp Marşrutu” adlandırılıb.
Analitikin fikrincə, səbəbləri anlamaq üçün “Tramp Marşrutu” layihəsinin icrasını gözləmək lazımdır. Xüsusilə Ermənistan-ABŞ birgə şirkətinin yaradılması şərtləri və texniki detalların vacibliyini vurğulayır.
Politoloq əmindir ki, detalları Yerevan və Vaşinqton arasında razılaşdırılsa da, əgər onlar Bakını qane etməsə, Azərbaycan yolundan istifadə etməyəcəyini bəyan edə bilər. Bu halda isə yolun tikintisi mənasız olacaq.
“Azərbaycan bəyan edə bilər ki, tələb olunan tənzimləmələrin olmaması səbəbindən avqust razılaşmaları yolun açılmasına gətirib çıxarmayıb. Və Trampın Ağ Evdən getməsindən sonra biz 2025-ci ilin yanvarındakı vəziyyətə qayıda bilərik. Ermənistan hökumətinin iddia etdiyi kimi, həmin vaxt Azərbaycan tərəfindən genişmiqyaslı hücum ehtimalı kifayət qədər yüksək idi”, – deyə Benyamin Poqosyan vurğulayıb.
Müsbət addımlar Bakı tərəfindən gələn təhdidi neytrallaşdırmır
Politoloqun fikrincə, son iki il ərzində Ermənistan Azərbaycan münasibətlərində müəyyən müsbət dəyişikliklər müşahidə olunub. Nümunə kimi o, aşağıdakı faktları göstərir:
- 2023-cü ilin dekabrında Ermənistan və Azərbaycanın qəbul etdiyi ilk birgə bəyanat, onun nəticəsində 32 erməni məhbusun vətənə qayıtması, eləcə də Yerevanın razılığı sayəsində Bakının COP29-u keçirməsi,
- 2024-cü ildə Tavuş-Qazax istiqamətində 12,6 kilometrlik sahədə delimitasiya prosesi.
“Elə güman edilirdi ki, bu faktlar münasibətlərin müəyyən qədər yumşalmasına və müsbət inkişaflara gətirib çıxaracaq. Lakin 2025-ci ilin əvvəlində Azərbaycan tərəfindən hərbi əməliyyatlar və genişmiqyaslı eskalasiya riski kifayət qədər yüksək idi”, – deyə o bildirib.
Ekspert hesab edir ki, buğdanın Azərbaycan ərazisindən Ermənistana idxalı, eləcə də gələcəkdə ölkələr arasında digər malların mümkün idxal və ixracı da kiçik müsbət addımlar məntiqi çərçivəsində dəyərləndirilməlidir.
Poqusyanın fikrincə, bu müsbət addımlar Azərbaycandan qaynaqlanan riskləri neytrallaşdırmır:
“Faktlar onu göstərir ki, kiçik irəliləyişlər keyfiyyətcə dəyişikliklərə gətirib çıxarmır və əsas təhlükəni aradan qaldırmır. Azərbaycan daim başımızın üzərində saxladığı dəyənəyi geri çəkmir. Sanki deyir ki, əgər özünüzü yaxşı aparmasanız, dəyənək başınıza düşəcək”.
Azərbaycandan Ermənistana potensial təhlükələr