Moskvada Paşinyan-Putin görüşü: aktual problemlərin müzakirəsi üçün işgüzar səfər
Paşinyanın Moskvada Putinlə görüşü
Rusiyanın prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Səhər saatlarında Moskvadan iki ölkə liderlərinin “işgüzar səhər yeməyi” formatında görüşəcəyi bildirilsə də, Paşinyan daha gec saatlarda uçub. Danışıqlar isə artıq axşam saatlarında başlayıb.
Kremldə geniş tərkibdə görüş də keçirilib. Ermənistanın baş naziri Moskvaya baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və onun müavinləri ilə birlikdə gedib.
Rusiya tərəfdən danışıqlarda Rosatomun və Rusiya Dəmir Yollarının rəhbərlərinin iştirak etməsi onu göstərir ki, görüşdə Yerevanın hazırda ən aktual hesab etdiyi məsələlər də müzakirə olunub.
Xüsusilə, Ermənistan tərəfi mövcud AES-in modul stansiyalarla əvəz olunması niyyətindən danışıb. Güman ki, bu, Rusiyada Ermənistanın enerji sistemini diversifikasiya etmək və Rosatomla əməkdaşlıqdan imtina edərək, xüsusilə ABŞ olmaqla Qərb tərəfdaşlarına yönəlmək istəyi kimi qiymətləndirilib.
Bundan əlavə, Nikol Paşinyan Ermənistan dəmir yollarının konsessiyasının Rusiyadan həm Ermənistana, həm də Rusiyaya dost olan başqa bir ölkəyə verilməsi məsələsini qaldırıb. Baş nazir yaxın zamanda bildirib ki, Ermənistan dəmir yollarının Rusiya şirkətinin idarəsində olması səbəbindən regional dəmir yolu kommunikasiyalarının yaradılmasında rəqabət üstünlüklərini itirir. Buna cavab olaraq, Paşinyanın səfərindən bir gün əvvəl Moskvadan konsessiyadan imtina etmək niyyətində olmadıqları açıqlanıb.
2008-ci ildən etibarən Ermənistan dəmir yolları “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiya idarəsindədir. Bu şirkət isə öz növbəsində “Rusiya Dəmir Yolları”nın 100 faiz törəmə müəssisəsidir. Ermənistanlı ekspertlər qeyd edirlər ki, bu müddət ərzində yükdaşımaların həcmi iki dəfə azalıb, bəzi istiqamətlər fəaliyyətini dayandırıb, öhdəlik götürülən investisiyalar isə kağız üzərində qalıb.
Danışıqların qapalı hissəsinin nəticələri barədə hələlik məlumat yoxdur. Lakin görünən odur ki, bütün bu məsələlər Ermənistan və Rusiyanın birinci şəxslərinin iştirakı ilə müzakirə olunub.
Paşinyan və Putinin giriş çıxışlarında səsləndirdiyi əsas tezislər.
- “Ermənistanın təhlükəsizlik zəmanətçisi bizi qırğına apardı” — Nikol Paşinyan
- Paşinyan: “Biz RF-yə qarşı hərəkət etməyəcəyik, lakin hər zaman Ermənistanın maraqları naminə hərəkət edəcəyik”
- Rəy: “Rusiya Dəmir Yolları” şirkətinin Ermənistandan çıxması üçün hər şey edilməlidir
Putin: “Rusiya ilə Ermənistan arasında xüsusi münasibətlər var”
Görüşün mətbuat üçün açıq hissəsində Putin bildirib ki, Ermənistanda iyunda keçiriləcək parlament seçkiləri hansı nəticə ilə başa çatmasından asılı olmayaraq, “Rusiya-Ermənistan münasibətlərinin qurulması və möhkəmləndirilməsi istiqaməti davam etdiriləcək”. O, eyni zamanda ümid etdiyini bildirib ki, seçkilərdə Rusiyanın “dostları”, yəni prorusiyaya yaxın siyasi qüvvələr də iştirak edə biləcək. Ehtimal olunur ki, o, hazırda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə ev dustaqlığında olan rusiyalı biznesmen Samvel Karapetyanın partiyasını, eləcə də sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi bloku nəzərdə tutub.
Putin həmçinin ölkələr arasında Rusiya rəhbərliyində fəaliyyət göstərən KTMT çərçivəsində əməkdaşlıqla bağlı fikir ayrılıqlarına da toxunub. O, Ermənistan hakimiyyətinin KTMT ilə əməkdaşlıqdan narazılığını Qarabağ məsələsi ilə əlaqələndirib. Putin bildirib ki, Rusiya Azərbaycanın tərkibində olan ərazi ilə bağlı münaqişənin həllinə müdaxilə edə bilməzdi. Halbuki Ermənistan 2021-2022-ci illərdə öz suveren ərazisinin müdafiəsi üçün müttəfiqlərdən yardım istəmişdi.
Bundan əlavə, Rusiya prezidenti bildirib ki, Moskva Yerevanın Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməsinə sakit yanaşır:
“Biz başa düşürük ki, hər bir ölkə üçüncü tərəflərlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. Amma bu, aydın olmalıdır və əvvəlcədən, necə deyərlər, açıq şəkildə bildirilməlidir ki, Avropa İttifaqı ilə və Avrasiya İqtisadi İttifaqı ilə eyni zamanda gömrük ittifaqında olmaq mümkün deyil. Bu, tərif etibarilə mümkün deyil. Məsələ hətta siyasi deyil, sırf iqtisadi xarakter daşıyır.”
Paşinyan: “Münasibətlər dinamik inkişaf edir”
Ermənistanın baş naziri ilk növbədə Rusiya ilə münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. O bildirib ki, yeni reallıqlarda, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunduğu şəraitdə Rusiya ilə əməkdaşlıq da daha məhsuldar olur. Paşinyan xatırladıb ki, müstəqillik dövründən bəri ilk dəfə Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi mövcuddur. Ermənistan Azərbaycan ərazisi vasitəsilə Rusiyadan mallar idxal etmək imkanı əldə edib. Bundan əlavə, o, yaxın zamanda eyni marşrut üzrə ixracın da mümkün olacağına ümid etdiyini bildirib.
Avropa İttifaqına üzvlük məsələsinə toxunan Ermənistanın baş naziri deyib:
“Əlbəttə, biz bilirik ki, prinsip etibarilə iki ittifaqda eyni vaxtda üzvlük mümkün deyil. [Burada Rusiya rəhbərliyi altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqını nəzərdə tutur.] Amma hazırda etdiklərimiz və gündəliyimiz bir-biri ilə uyğundur. Bu faktdır. Bu gündəlikləri uzlaşdırmaq imkanı olduğu müddətdə biz bunu davam etdirəcəyik. Bu proseslər qərar qəbul etmək lazım olduğu nöqtəyə çatanda həmin qərarı Ermənistan vətəndaşları verəcək. Əlbəttə, bu kontekstdə Rusiya ilə münasibətlərimiz heç vaxt sual altında olmayıb və olmayacaq”.
Energetika sahəsində əməkdaşlığa gəldikdə, Paşinyan bildirib ki, həm Rusiya, həm də Qərb tərəfdaşları ilə aktiv danışıqlar aparılır.
O açıq şəkildə qeyd edib ki, Ermənistan enerji sisteminin gələcək inkişafı üçün özünə ən sərfəli variantları axtarır.
ABŞ prezidentinin Azərbaycanla sülhün qurulmasında oynadığı böyük rolu qeyd edən Paşinyan, eyni zamanda Rusiya prezidentinin də bu proseslərə marağını vurğulayıb. Bununla yanaşı, o bildirib:
“Vaşinqtonda baş verənlər Rusiya ilə münasibətlərimiz üçün də yeni imkanlar açır. Bu faktdır. Hazırda Rusiya ilə dəmir yolu əlaqəsinin mövcud olması uzun illər üzərində çalışdığımız bir məsələ idi, lakin təəssüf ki, əvvəllər belə bir nəticəyə nail olmaq mümkün olmurdu”.
Qarabağ məsələsinə toxunan Ermənistanın baş naziri bir daha bildirib ki, bu məsələni bağlanmış hesab edir və bunu regionda sülhün qurulması üçün yaxşı əsas kimi qiymətləndirir.
Paşinyan Putinin KTMT ilə bağlı açıqlamalarına da cavab verib:
“Biz xalqımıza izah edə bilmirik ki, KTMT niyə Kollektiv Təhlükəsizlik Müqaviləsinə uyğun öhdəliklərinə baxmayaraq [Ermənistanın hərbi yardım müraciətinə] reaksiya vermədi”.
O, Rusiya prezidentinin prorusiyaya yaxın qüvvələrin seçkilərdə iştirakı ilə bağlı bəyanatına da münasibət bildirib:
“Ermənistan demokratik ölkədir. Bizdə həmişə siyasi proseslər gedir. Hətta Ermənistanda ölkənin həddindən artıq demokratik olduğunu düşünən vətəndaşlar da var. Amma bu, bizim üçün prinsipial məsələdir. Qarşıda parlament seçkiləri var. Bu seçkilər, əslində, de-fakto baş nazir seçkiləridir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, bu seçkilərdə yalnız Ermənistan vətəndaşlığı olan şəxslər iştirak edə bilər. Bütün hörmətimlə, lakin Rusiya pasportu olan şəxslər Ermənistan Konstitusiyasına əsasən nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilməzlər. [Burada Rusiya və Kipr vətəndaşı olan və baş nazir postuna iddia edən biznesmen Samvel Karapetyanı nəzərdə tutur]”.
Paşinyan çıxışını Rusiya ilə dialoqun davam etdiriləcəyini və hələ istifadə olunmamış əməkdaşlıq imkanlarının dəyərləndiriləcəyini bildirərək yekunlaşdırıb.