Moskva şəhər Məhkəməsi Ukraynanın “Ukrinform” informasiya agentliyinin jurnalisti Roman Suşenkonu cəsusluq ittihamı ilə cəzasını ciddi rejimli koloniyada çəkmək şərtilə 12 il müddətində azadlıqdan məhrum edib.
İttiham tərəfi bildirib ki, Roman Suşenko Ukraynanın Hərbi Kəşfiyyat Baş İdarəsinin kadrlı əməkdaşıdır, ölkəyə Rusiya Silalı Qüvvələri və Rusiya Qvardiyası haqqında məxfi məlumatları toplamaq üçün gəlib.
Jurnalist özünü təqsirli saymır.
Buna qədər “Ukrinform” informasiya agentliyi dəfələrlə Suşenkonun 2002-ci ildən onların əməkdaşı olduğunu, 2010-cu ildən isə agentliyin Fransadakı xüsusi müxbiri vəzifəsində çalışdığını açıqlayıb. Jurnalist Moskvaya şəxsi işləri ilə bağlı gəlib, çünki həmin vaxt məzuniyyətdə olub, – agentlikdə qeyd ediblər.
Suşenkonun işi “məxfi” qrifi altındadır, onun işi üzrə məhkəmə iclasları qapalı rejimdə keçirilib.
Roman Suşenko 2016-cı il oktyabrın 3-də Moskvada Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Ona qarşı “cəsusluq” maddəsi ilə cinayət işi qaldırılıb və orada söhbət dövlət sirri təşkil edən məlumatların xarici dövlətə ötürmək məqsədilə toplanması və saxlanmasından gedir.
Suşenkonun müdafiəçiləri öz növbələrində bildiriblər ki, Moskvada jurnalistin qohumları və dostları yaşayır, sonuncu dəfə isə o, Moskvaya kuzeni ilə görüşmək üçün gəlib.