Moskva: müxalifətçilərə qarşı uzun müddətli həbs cəzaları – tvitlərə və etiraz aksiyasında iştiraka görə
Rusiya məhkəmələri Moskvada keçirilən etiraz aksiyalarında iştirak edənlərlə bağlı misilsiz hökmlər çıxarmağa başlayıb. Onlar kütləvi iğtişaşlarda iştirak, ekstremist çağırışlar, polis əməkdaşlarına müqavimət ittihamları ilə illərlə azadlıqdan məhrum edilirlər.
Rusiyanın Mediazona nəşri xəbər verir ki, işlərə rekord qısa zamanda baxılır – ən uzağı üç günə. Məhkəmənin cəmi bir gün sürdüyü hallar da var.
• Şərh: “qatillərin kitablarını oxumayın”
Prokurorluq hamı üçün beş ilə qədər real cəza müddətləri tələb edir.
Bu günə qədər üç hökm artıq oxunub.
İctimai fəal İvan Podkopayevin işi
İstintaqın versiyasına görə, İvan Podkopayev Moskvanın mərkəzində keçirilən və kütləvi saxlanılmalarla bitən 27 iyul aksiyası zamanı güc strukturları əməkdaşları tərəfə bibər qazı səpib.
Podkopayev günahını boynuna alıb. Hakim onu ümumi rejimli koloniyada saxlanmaqla üç il müddətinə azadlıqdan məhrum edib.
• Şərh: Moskvada etirazlar böyüyür – repressiyalar da artacaq. Amma cəmiyyət buna hazırdır
İş adamı Danil Beqletsin işi
26 yaşlı iş adamı Danil Beqlets Moskvanın mərkəzində iyulun 27-də keçirilən aksiyada saxlanılıb.
Onun sözlərinə görə, o, təsadüfən orada olub və mühasirəyə düşdüyü üçün aksiyanın keçirildiyi ərazini tərk edə bilməyib.
İstintaqın versiyasına görə, Beqlets etirazçıları saxlayan polisin əlindən çəkib.
Müttəhim günahını qəbul edib. Hökm – ik il azadlıqdan məhrumetmə.
Bloger Vladislav Sinitsanın işi
Bloger Vladislav Sinitsa polislərin uşaqları haqda tvit yazdığı üçün beş il müddətinə azadlıqdan məhrum edilib.
Twitter-də nümayişlərin amansızca dağıdılmasında iştirak edən konkret hüquq-mühafizə orqanları əməkdaşlarının adlarının açıqlanmasının vacibliyi müzakirə olunub. Sinitsa yazıb:
“[Qoy insanlar] sevimli xoşbəxt ailə fotolarına baxsınlar, geolokasiyanı öyrənsinlər, sonra isə bir gün şanlı asayiş keşikçisinin övladı məktəbdən evə qayıtmır. Uşağın əvəzinə evə poçt vasitəsilə snaff-video olan kompakt disk gəlir”.
Sinitsa zorakılıq tətbiq etməklə təhdid edərək ekstremizmdə ittiham olunub. Hökmü elan edən zaman hakim Sinitsanın “cinayət alətinin” – ağ ayfonunun dövlət hesabına müsadirə olunması haqda qərar verib.
Kiril Jukovun işi
Kiril Jukov nümayiş zamanı polisin dəbilqəsinə toxunduğu üçün üç il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın versiyasına görə, o, bununla polis əməkdaşını fiziki ağrıya məruz qoyub.
Jukov ittihamı qəbul etməyib və bildirib ki, o, sadəcə əlini yelləyib və bilmədən dəbilqəyə toxunub.
“Moskva işinin” perspektivi
Ümumilikdə Moskvada iyulun 27-də baş verən iğtişaşlarla bağlı iş üzrə 15 nəfər ittiham olunur.
Bəziləri istintaq təcridxanalarında, digərləri ev dustaqlığında saxlanılır. Yüzlərlə insan şahid qismində sorğuya çəkilir, amma istənilən an onlar müttəhimə çevrilə bilər.
Aleksey Navalnının liderlik etdiyi Rusiya müxalifəti “Moskva işi” adını almış proses üzrə ittiham olunanların hamısı azad edilənə qədər fasiləsiz etiraz aksiyası keçirməyə çağırıb.
Onlar həmçinin sentyabrın 8-də Moskva şəhər Dumasına (şəhər parlamenti) keçiriləcək seçkilərdə yalnız açıq şəkildə repressiyaları qınayan və siyasi məhbusların azad edilməsini tələb edən namizədlərə səs verməyi tövsiyə ediblər.
Məhz Moskva şəhər Dumasına keçiriləcək seçkilərə müstəqil namizədlərin buraxılmaması Rusiya paytaxtında görünməmiş etiraz aksiyalarının başlanmasına səbəb olub. Etirazlar iyulun 14-dən davam edir və bu aksiyalara on minlərlə insan qatılır.