Respublikanın hərbi münaqişələr zonasına yaxın olması Gürcüstana Rusiya ilə vizasız rejimdən yararlanmağa mane olur, Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin bildirib. O, cümə axşamı Praqada Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə danışıqların növbəti raundunu keçirib.
“Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə mane olan sadəcə ölkələrimiz arasında 2008-ci ildə Tbilisi tərəfindən birtərəfli şəkildə kəsilən diplomatik əlaqələrin bu günə qədər olmaması deyil. Bu məsələnin həllində regiondakı təhlükəsizlik də böyük rol oynayır. Gürcüstan yaxınlığında hərbi münaqişələr baş verir, terrorçuların bu yolla Rusiyaya daxil olmaq cəhdi qeydə alınıb. Buna görə də hazırkı vəziyyət ciddi müzakirə və ekspertlər üçün təhlil mövzusudur”, – Karasin RİA Novosti agentliyinə bildirib.
Rusiya və Gürcüstan arasında viza rejimi 2000-ci il dekabrın 5-dən Rusiyanın təşəbbüsü ilə qüvvəyə minib. 2012-ci il fevralın 29-dan o zaman Gürcüstan prezidenti kürsüsündə olan Mixail Saakaşvilinin sərəncamı ilə Rusiya Federasiyası vətəndaşları Gürcüstan sərhədini vizasız keçib ölkə ərazisində bir il müddətində qala bilər.
Gürcüstan Rusiya ilə diplomatik əlaqələri 2008-ci il avqust müharibəsindən sonra, rəsmi Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq kəsib;
1012-ci il 1 oktyabr seçkilərinin nəticəsində hakimiyyətə gələn “Gürcü arzusu” hökuməti Rusiya ilə münasibətlərin nizamlanmasını əsas prioritetlərdən biri elan edib. Bu istiqamətdə konkret addımlar atılıb, o cümlədən də Zurab Abaşidze ilə Qriqori Karasinin mütəmadi görüşləri formatında Gürcüstan və Rusiya arasında birbaşa dialoq bərpa edilib;
Hazırda Rusiya və Gürcüstan arasında dialoq Cenevrə diskussiyası çərçivəsində də dəstəklənir, amma beynəlxalq vasitəçilərin iştirakı ilə. Cenevrədə yalnız humanitar, nəqliyyat, iqtisadi və mədəniyyətlə bağlı məsələlər müzakirə olunur.