Moldova: Türkiyəli müəllim terrorizmi maliyyələşdirməyib
Ziarul de Garda -nın materialları əsasında
Moldovada türk liseyi direktoru və Türkiyə vətəndaşı Turqay Şənin cinayət təqibi başa çatıb. “Üfüq” liseyini Türkiyə hakimiyyəti tərəfindən təqib olunan maarifçi və ilahiyyatçı Fətullah Gülənin adı ilə bağlayırlar. Gülən – dünya üzrə genişmiqyaslı, nüfuzlu məktəb və ali məktəblər şəbəkəsinin təsisçisidir. Keçmişdə o Türkiyə prezidentinin tərəfdaşı olub, daha sonra onların yolları ayrılıb, indi də Türkiyə hökuməti Güləni terrorizm, dövlət çevrilişinə cəhd və Türkiyədə Rusiya səfirinin qətlində ittiham edir. Son bir neçə il ərzində Türkiyə hökuməti “gülənçilik”lə əlaqəyə görə on minlərlə insan həbs edib.
ehtimal olunur ki, Şən məhz gülənçilikdə ittiham olunduğu üçün həbs olunub. Şənin məhz nədə şübhəli bilinməsi ilə bağlı rəsmi açıqlamalar verilməyib. 11 aprel tarixində Moldovanın Mütəşəkkil Cinayətkarlıq və Xüsusi İşlər üzrə Prokurorluğu ancaq onu bildirib ki, istintaq Turqay Şənin əməllərində cinayət tərkibinin olmadığını müəyyən edib.
Şən Moldovanın onu Türkiyəyə verməsindən ehtiyatlandığından, azad olunan kimi hökumətə ona sığınacaq verməsi üçün müraciət edib. Onun sözlərinə görə, ərizəsi ancaq bu məsələyə “Vəkillərin Hüquq Mərkəzi” QHT-si və BMT-nin Moldovadakı Qaçqınlar İş üzrə Ali Komissarının nümayəndəsi qarışandan sonra qəbul edilib.Hazırda türk məktəbinin direktoru cavab gözləyir.
10 milyonluq təmir
Şəni 31 mart tarixində, Buxarestdə baş tutacaq konfransa gedərkən, sərhəddə saxlayıblar və dindirilmə üçün prokurorluğa aparıblar. Dindirilmə 7 saat davam edib, Şəndən ölkədən çıxmama ilə bağlı iltizam aldıqdan sonra buraxıblar.
Türk liseyi direktoru deyib ki, saxlanılması ilə bağlı heç bir izahat ala bilməyib, amma güman edir ki, onu terrorizmin maliyyələşdirilməsində ittiham edə bilərlər, təqib “Türkiyənin əmri ilə başlayıb” – ZDQ-yə müsahibəsində deyən direktor onu da əlavə edib ki, Türkiyə maliyyə qoyuluşları sayəsində Moldova rəhbərliyinə təsir etmək imkanına malikdir və edir də. O cümlədən, Türkiyə bu yaxınlarda Moldova prezidenti administrasiyasının təmirini maliyyələşdirib və buna 10 milyon avrodan artıq pul xərclənib.
Turqay Şən Moldovada tutulan ilk “gülənçi”dir. Türkiyə Moldovada “Üfüq” məktəblər şəbəkəsinin mövcudluğu ilə bağlı narazılığını 2017-ci ilin may ayında bildirib. Moldova və Türkiyə baş nazirləri Pavel Filip və Binəli Yıldırımın görüşü zamanı sonuncu bildirib ki, bu məktəblərin rəhbərləri Türkiyədə terrorçuluq və dövlət çevrilişinə cəhddə ittiham olunan Gülənlə bağlıdır. Pavel Filip isə türkiyəli həmkarına cavab verib ki, liseylərin bağlanması üçün ona sübut lazımdır.
Növbədə kimdir?
Şənin həbsi gülənçilərin Avropa ərazisində təqib olunmağının ikinci halıdır (Türkiyə bunu indiyə qədər əsasən Azərbaycan və Gürcüstanda edirdi). 29 mart tarixində 6 türk vətəndaşı Kosovada həbs olunub. Bu hadisə Gülən tərəfdarlarının əməllərindən narahat olduğunu bildirən Türkiyə ədliyyə nazirinin müavini Bilcal Ucarın səfərindən sonra baş verib.
“Üfüq” şəbəkəsinə beş məktəb daxildir, üçü Kişinyovda, biri böyüklüyünə görə ikinci şəhər olan Beltsıda, biri də Çadır-Lunqa şəhərində yerləşir, bu şəhər Moldovanın tərkibində muxtariyyət olan, əksər əhalisi mədəniyyəti türklərə yaxın olan qaqauzların təşkil etdiyi olan Qaqauziyada yerləşir.