Moldova prezidenti kurortda otel otağının bir gecəsinə 4 min avro ödəyir
Paylaşmaq
Paylaşmaq
Moldova prezidenti İqor Dodon ailəsi ilə birlikdə Türkiyədə, Aralıq dənizi sahillərində nömrələrinin qiyməti 4 min avrodan başlayan dəbdəbəli oteldə istirahət edir. Halbuki onun maaşı ayda 700 avrodan azdır.
Bu haqda Moldovanın ZdG qəzeti xəbər verir və bunu korrupsiya əlaməti olaraq dəyərləndirir.
Prezident Facebook səhifəsində təyyarədə çəkilmiş həyat yoldaşı və kiçik oğlu ilə əks olunduğu fotonu paylaşıb və ailəsini Aralıq dənizi sahilində yerləşən Türkiyənin Antalya kurortuna istirahətə gətirdiyini qeyd edib.
Moldovanın ZdG qəzetinə məlum olub ki, onlar dəniz kənarında nömrələrinin bir gecəlik qiyməti 4 min avrodan başlayan dəbdəbəli oteldə yerləşiblər.
Facebook-dakı paylaşımında prezident istirahətin nə qədər davam edəcəyini qeyd etməyib. Bir müddət sonra o, növbəti paylaşımını edib və bildirib ki, ZdG-nin məlumatı yanlışdır, o, bu mövzunu müzakirə etməyəcək, sonra da əlavə edib ki, Türkiyədə istirahət imkanı prezident ailəsinə Moldovanın Antalyadakı fəxri konsulu tərəfindən ərməğan edilib.
ZdG dərhal fəxri konsulla əlaqə saxlayıb, o da öz növbəsində bildirib ki, dövlət başçısının istirahəti haqda məlumatsızdır və son ay ərzində onunla heç danışmayıb.
İqor Dodonun 2016-cı ilin dekabrından tutduğu prezident postunda aldığı əmək haqqı təxminən 636 avro təşkil edir. Bu o deməkdir ki, dövlətin başında durduğu beş ay ərzində o, 3500 avro qazanıb.
Moldova prezidenti bahalı kurortlara marağını ilk dəfə deyil ki, nümayiş etdirir, ZdG yazır. Bundan əvvəl o, qohumları və cangüdənləri ilə birlikdə Soçidə, İranda, və İtaliyanın dəbli Brey-Çerviniya kurortunda görülüb.