Moldova Parlamentinin Demokratik Partiyadan olan keçmiş deputatı Yuri Bolboçanu Vətənə xəyanət ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm martın 13-də, eks-deputatın ilkin həbs müddəti bitənə 4 gün qalmış elan edilib. Məhkəmə geciksəydi, onu azad etməli olacaqdılar.
Bolboçanu ötən ilin martında həbs edilib. O zaman o, artıq nə parlamentari, nə də Demokratik Partiyanın (MDP) üzvü idi. İstintaqın gəldiyi nəticəyə əsasən, eks-deputat Rusiyanın Moldovadakı səfirinin hərbi attaşesinin müavini Aleksandr Qrudinə “dövlət əhəmiyyətli” məlumatı ötürərkən saxlanılıb. Bu məlumatdan “Moldova Respublikasının suverenliyi və təhlükəsizliyinin ziyanına” istifadə etmək mümkün ola bilərdi. Daha sonra məlum olub ki, Bolboçanu mütəmadi olaraq Rusiya hərbi attaşesi ilə görüşür və ondan mükafat alırmış.
İstintaq bildirib ki, axtarış zamanı Bolboçanunun üzrərindən 23 min dollar, elektron məlumatların saxlanması üçün avadanlıq, noutbuk, bəzi parlament sənədləri və mobil telefonlar (onlardan biri xarici agentlə məxfi danışıqlar üçün nəzərdə tutulub) aşkarlanıb.
2014-cü ilin noyabrından bəri dövlət vəzifəsi tutmadığı halda Bolboçanu Rusiya kəşfiyyatı üçün dəyərli olan məlumatları haradan ala bilərdi? Bu haqda Moldovanın “Ziarul de Garda” qəzeti bu işi aparan prokuror Anatoli Piteldən soruşub. Prokuror cavab verib ki, keçmiş deputatın məmurlar və digər yüksək vəzifəli şəxslər arasında “çoxlu əlaqələti və dostları” olub. İstintaq keçmiş deputatın əlaqələrini altı ay müddətində yoxlayıb, deyə o əlavə edib.
2017-ci il martın 19-da Yuri Bolboçanuya qarşı dövlətə xəyanət və cəsusluqla bağlı ittiham irəli sürülüb. Bu cinayətlərə görə 12 ildən 20 ilə qədər cəza nəzərdə tutulub. Məhkəmə isə onun ilkin həbsi ilə bağlı qərar çıxarıb.
Rusiyalı diplomat Aleksandr Qrudin bu işlə bağlı diplomatik toxunulmazlığı sayəsində məsuliyyətdən kənar qalıb. Amma daha sonra o, “persona non-qrat” elan edilən daha dörd rusiyalı diplomatla birlikdə ölkədən çıxarılıb.