Mixail Saakaşvilinin səhhəti məhkəmədə onun xeyrinə arqumentə çevriləcəkmi?
Mixail Saakaşvilinin səhhəti
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkilləri Tbilisi şəhər məhkəməsində vəsatət qaldıraraq onun dərhal azadlığa buraxılmasını tələb ediblər, çünki məhbusun həbslə bir araya sığmayan bir sıra sağalmaz xəstəlikləri var.
Eks-prezidentin vəkilləri və yaxınları həyəcan təbili çalır – Mixail Saakaşvilinin səhhəti hər gün pisləşir. Onun ağır metallarla zəhərlənməsi barədə tibbi rəy var. Bununla belə, hökumət güzəştə getməyə hazırlaşmır.
Mixail Saakaşvilinin səhhəti ilə bağlı son xəbərləri ümumiləşdirsək, vəziyyət belədir: Mixail Saakaşvili “Vivamed” klinikasına daxil olduqdan sonra 43 kilo arıqlayıb. Onda qızdırma, anareksiya, kaxeksiya, əzələ, oynaq və sümük ağrıları, əzələ spazmları müşahidə olunur ki, bu da naməlum yoluxucu prosesin və/və ya mümkün intoksikasiyanın nəticəsi ola bilər.
Onu görənlər deyirlər ki, Saakaşvili tanınmaz hala düşüb. O, çox halsızdır, əsasən uzanır, yavaş danışır, əlləri və gözlərində tremor yaranıb.
Dekabrın 2-də amerikalı toksikoloq professor Devid Smit yaydığı 28 noyabr 2022-ci il tarixli hesabatında Mixail Saakaşvilinin ağır metallarla zəhərləndiyini bildirib. Hesabatda deyilir ki, eks-prezidentin saç və dırnaqlarının müayinəsi nəticəsində onun bədənində civə və arsen izləri aşkar edilib. O da qeyd edilir ki, bu maddələrin bu cür dozaları dərman müalicəsi nəticəsində orqanizmə daxil ola bilməz.
Professorun sözlərinə görə, çox güman ki, bu zəhərli maddələr Mixail Saakaşvilinin orqanizminə həbsdən sonra daxil olub.
Devid Smit yazır ki, xəstə müayinə, əlavə araşdırma və müalicə üçün müvafiq tibb müəssisəsinə köçürülməlidir.
Bundan əvvəl dekabrın 1-də “Empatiya” mərkəzi də Mixail Saakaşvilinin səhhəti ilə bağlı ekspert rəyini dərc edib. Orada deyilir ki, Saakaşvili həbs olunan zaman “praktiki olaraq sağlam idi” və bu gün ölüm təhlükəsi qarşısındadır.
Dekabrın 4-də xalq müdafiəçisi Nino Lomdjariya Saakaşvilinin hazırda olduğu klinikaya baş çəkib. Onunla birlikdə ora Ombudsman yanında yaradılmış Həkimlər Şurasının üzvləri olan və vaxtaşırı eks-prezidentin səhhətinə nəzarət edən həkimlərdə gəlib. Həmin həkimlərdən biri Tengiz Tsuladzenin bunları deyib:
“[Klinikaya] 116 kiloqram çəki ilə daxil olub, indi isə 73,6 çəkisi var. Xəstənin vəziyyəti, fikrimizcə, açıq-aydın ağırdır, məqbul olandan qat-qat artıq çəki itkisi var. Kaxeksiya və əhəmiyyətli kilo itkisi həyat üçün təhlükəlidir, çox təhlükəlidir. Son səfərimdən sonra çox dəyişib. Koqnitiv funksiyaların pisləşməsi, düşüncənin əhəmiyyətli dərəcədə pisləşməsi var … Xəstənin vəziyyəti çox qeyri-sabitdir”.
Saakaşvili ailəsinin, onun komandasının üzvlərinin, müxalifətçilərin və vətəndaş cəmiyyətinin əsas tələbi Saakaşvilinin müalicə üçün xaricə göndərilməsidir.
Dekabrın 3-də Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyası “Vivamed” klinikasının yaxınlığında Mişanın xilas edilməsi tələbi ilə aksiya keçirib. Mitinqə bəzi başqa siyasətçilər də qoşulub. Aksiyanın təşkilatçıları Saakaşvilinin xaricə müalicəyə göndərilməsindən başqa heç bir siyasi tələblərinin olmadığını bildiriblər.
Bundan əvvəl eks-prezidentin ailə üzvləri hamını vəziyyəti siyasiləşdirməkdən çəkinməyə çağırıb. Ailə iddia edir ki, Saakaşvilinin Gürcüstanın siyasi proseslərində iştirak etməyə nə həvəsi, nə də imkanı var və indi yalnız onun fiziki sağ qalması məsələsi gündəmə gəlib.
- Saakaşvili: “Zəhərlənmədən şübhələndiyimi heç vaxt deməmişəm”
- Saakaşvili ətrafında baş verənlərə Bakı və Yerevandan niyə reaksiya yoxdur? – şərhlər
- “Bu absurddur” – hüquqşünasların Gürcüstanın baş nazirinin Saakaşvilinin “intihar hüququnun olduğu” haqda sözlərinə reaksiyası
Məhkəmənin cavabı nə olacaq?
Mixail Saakaşvilinin vəkilləri onun azadlığa buraxılması üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət ediblər. Müraciət Empati Mərkəzinin hazırladığı nəticəyə əsaslanır. Bu hesabatda Saakaşvilinin həbslə bir araya sığmayan bir neçə sağalmaz xəstəlikləri olduğu bildirilir.
Saakaşvilinin vəkili Şalva Xaçapuridze “TV Pirveli”yə deyib: “Hesabatda sadalanan diaqnozlar rəsmi olaraq ağır və sağalmaz kimi tanınır”. O, həmçinin qeyd edib ki, bu prosesdə 25-ə qədər şahid dindiriləcək.
Mixail Saakaşvilini azad etməkdən imtina etdiyi halda müdafiə tərəfi eks-prezidentə qarşı hökmün icrasını təxirə salmağı xahiş edir.
“İstintaqın yekunlarına və məhkəməyə təqdim etdiyimiz sübutlara əsasən, mən çətin hesab edirəm ki, məhkəmə bizim vəsatətimizi təmin etməkdən imtina edəcək”, – vəkil Şalva Xaçapuridze bildirib.
Bu mövzu ilə bağlı ilk şərhi ədliyyə naziri Rati Breqadze verib. O, Saakaşvilinin Gürcüstanda tam müalicə olunduğunu və müalicə üçün başqa ölkəyə göndərilməyəcəyini bildirib. Onun sözlərinə görə, o, Mixail Saakaşvilinin hansı diaqnozlarla xəstəxanaya yerləşdirildiyini bilsə də və dövlətin lazım olan hər şeyi etdiyinə inansa da, Empati Mərkəzinin rəyi ilə şəxsən tanış deyil.
“Bu barədə həkimlərlə danışmaq daha yaxşıdır. Amma öz tərəfimdən deyə bilərəm ki, dövlət onun sağlamlıq hüququnun tam reallaşdırılması üçün əlindən gələni edir – o, dövlətdən daim müvafiq və adekvat tibbi xidmətlər alıb”, – nazir bildirib.
Yəqin ki, yaxın günlərdə məhkəmə Saakaşvilinin işinə baxacaq.
Hökumət nə etməyə hazırlaşır?
Prezident Salome Zurabişvilinin Mixail Saakaşvili ilə bağlı bəyanatları və mövqeyi ölkədə xüsusi diqqətlə izlənilir, çünki qanuna görə onu əfv edə biləcək şəxs prezidentdir.
Bununla belə, Zurabişvili BBC-yə müsahibəsində deyib ki, onun hələ Saakaşvilini əfv etmək səlahiyyəti yoxdur və etsə belə, bunu etməyəcək:
“Bir sadə səbəbdən bunu etmək səlahiyyətim yoxdur: hələ heç nə müəyyən edilməyib, o, hələ də mühakimə olunur və Gürcüstan qanunvericiliyinə görə, əfv yalnız bundan sonra mümkündür”, – Zurabaşvili deyib.
Salome Zurabişvili məhkəmə başa çatdıqdan sonra eks-prezidenti əfv edib-etməyəcəyini soruşduqda belə cavab verib: “Bu, başqa sualdır, mən bunu niyə etməyəcəyimi izah etdim. Bu, qütbləşmə faktorudur… Düşünürəm ki, daha çox qütbləşmə üçün alətə çevrilməli deyiləm”.
Eyni zamanda o əlavə edib ki, o, “prezidentin həbsdə ölməsini və ya düzəlməz zərər çəkməsini” istəmir.
“Mən açıq şəkildə deyirəm ki, o, ekstradisiya edilməlidir, yoxsa hansı termindən istifadə edildiyini bilmirəm, lakin o, əlavə müalicə ala bilsin… bu, məhkəmənin verməli olduğu qərardır” – dedi prezident.
Salome Zurabişvilinin sözləri hakim komandanın Saakaşviliyə qarşı koordinasiyalı mövqeyinə çox bənzəyir. Onun nümayəndələri daim təkrarlayırlar ki, Saakaşvilinin azadlığa buraxılması ölkədə xaosa, iğtişaşlara gətirib çıxaracaq və kim bunu istəyirsə, iğtişaşların tərəfdarıdır.
“Saakaşvilinin ölkə daxilində və ya xaricdə azad edilməsi haqqında danışan bu insanları hərəkətə gətirən yeganə şey ölkədə xaos yaratmaq marağıdır”, – hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
O, son bəyanatlarının birində deyib ki, əgər Zurabişvili Saakaşvilini əfv etsə, bu, “iğtişaşların xeyrinə” seçim olacaq.
“Saakaşvilini əfv etmək prezidentin səlahiyyətidir. Salome Zurabişvili sülh və iğtişaşlar arasında ikincinin xeyrinə seçim edərsə, cəmiyyət bunu dəyərləndirməlidir. Ümid edirəm ki, prezident bunu etməyəcək”, – Kobaxidze bildirib.
“Biz Mixail Saakaşvilinin səhhətini diqqətlə izləməyə davam edirik. Biz yeni sənədlərlə və onun səhhətinin vəziyyəti ilə bağlı açıqlanan hesabatla tanışıq”, – ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan hesabatı şərh edərkən bildirib.
Səfirin sözlərinə görə, Saakaşvilinin sağlamlığını və hüquqlarını qorumaq üçün lazımi addımların atılması vacibdir:
“Biz dəfələrlə hökuməti Saakaşvilinin müvafiq müalicə almasını və hüquqlarının qorunmasını təmin etməyə çağırmışıq. Məhz bu hesabatdan sonra onun sağlamlığının və hüquqlarının qorunması üçün zəruri olan müvafiq addımların atılması vacibdir”.
Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski də bildirib ki, Aİ Mixail Saakaşvilinin səhhətinə nəzarət edir və onun ailəsi ilə əlaqə saxlayır.
Qerçinski deyir ki, Aİ nümayəndəsi Gürcüstan hakimiyyəti ilə həbsdə olan eks-prezidentin hüquqları ilə bağlı məsələləri müzakirə edəcək:
“Biz keçmiş prezident Mixail Saakaşvilinin səhhətini diqqətlə izləyirik. Biz onun ailəsi ilə əlaqə saxlayırıq və hüquqları ilə bağlı məsələləri də qaldırırıq. Onun hüquqlarının tam şəkildə müdafiə olunması çox vacibdir. Amma təbii ki, onun gələcək taleyi ilə bağlı qərarı Gürcüstan məhkəməsi verməlidir”.
Xəstə Saakaşvili həbsxanada hakimiyyətin nəyinə lazımdır?
Hakimiyyət Saakaşvili məsələsini daxili siyasi gündəmdən çıxarmaq istəmir, çünki onlar illərdir onunla manipulyasiya edirlər, politoloq Gia Xuxaşvili İnterpressnews-a müsahibəsində deyib:
“Hökumət Saakaşvili amilini sırf siyasi aspektdə nəzərdən keçirir. Mixail Saakaşvilinin hökmü təxirə salınacaq və ya eks-prezident xaricə müalicə üçün köçürüləcək – yalnız müəyyən güzəştlərdən sonra. Gördük ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Gürcüstan prezidenti Salome Zurabişvilini birbaşa hədələyib ki, Saakaşvilini əfv etməyi ağlına belə gətirməsin. Söhbət bu tonda gedəndə aydın olur ki, hakimiyyət Saakaşvili faktorunu Gürcüstan siyasətindən çıxarmaqdan çox təəssüflənir”.
Xuxaşvili də istisna etmir ki, “Gürcü arzusu” bu mövzudan istifadə edərək Aİ üzvlüyünə namizəd statusu üçün Qərblə alver edəcək:
“Beləliklə, ölkənin namizəd statusu alması üçün hakim partiyanın heç bir şərti yerinə yetirməsinə ehtiyac qalmayacaq. Hökumətin yeganə məqsədi ömrünün sonuna qədər hakimiyyəti əlində saxlamaqdır”.
Mixail Saakaşvili həbsdə olarkən səhhəti pisləşdiyi üçün 2022-ci il mayın 12-də Vivamed klinikasına köçürülüb. Həmin vaxt eks-prezidentə baş çəkmiş dostları və ailə üzvləri deyirlər ki, o, xəstəxanada olsa da, Mixail Saakaşvilinin səhhəti günü-gündən pisləşməkdə davam edir.
Gürcüstanın eks-prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili 2021-ci il sentyabrın sonunda Gürcüstana qayıdıb. Oktyabrın 1-də o, iki cinayət ittihamı ilə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində daha 3 iş, o cümlədən dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə başlanıb.
Saakaşvili həbs olunduğu gün aclıq aksiyasına başlayıb və birinci mərhələdə 50 gün ərzində aclıq aksiyasını davam etdirib və bu, həkimlərin fikrincə, onun sağlamlığına ciddi ziyan vurub.