Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili dövlət vəsaitlərini mənimsəmək (“pencək işi” də adlanır) ittihamı ilə 9 il həbs cəzasına məhkum edilib. O, həmçinin 3 il müddətinə hər hansı dövlət vəzifəsini tutmaqdan da məhrum edilib.
Cəza Mixail Saakaşvilinin 1 oktyabr 2021-ci ildə həbs olunduğu tarixdən başlayacaq və 1 oktyabr 2030-cu ildə başa çatacaq.
Hazırda Saakaşvili digər iki iş üzrə altı illik həbs cəzasını çəkir. Bundan əlavə, 7 noyabr 2007-ci il hadisələri ilə bağlı və qanunsuz sərhəd keçidi ilə əlaqədar ona qarşı hüquqi proseslər davam edir.
İttihama görə, 1 may 2009-cu il və 25 fevral 2013-cü il tarixləri arasında Mixail Saakaşvili şəxsi məqsədlər üçün dövlət vəsaitlərindən 9 milyon lari xərcləyib. O zaman bu məbləğ təxminən 5,4 milyon dollar ekvivalentində idi.
İttiham 2014-cü ildə irəli sürülüb.
Eyni işdə prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib. Məhkəmə ona 300,000 lari (təxminən 108,000 dollar) cərimələyib.
Martın 10-da keçirilən məhkəmə iclasında Mixail Saakaşvili Vivamed klinikasından, onlayn iştirak edib.