Milli Mətbuat Günü münasibətilə Azərbaycanın iqtidaryönlü qəzetlərinə ümumilikdə milyon manat verilib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda Milli Mətbuat Günü münasibətilə maddi-texniki bazalarının yaxşılaşdırılması üçün dövlət büdcəsindən 33 qəzetə birdəfəlik yardım qismində 1 milyon 234 min manat [730 min dollar]vəsait ayrılıb.
Jurnalistlərin peşə bayramı olan Milli Mətbuat Günü Azərbaycanda hər il iyulun 22-də qeyd olunur. Bu tarix 1875-ci ilin bu günündə Azərbaycan dilində ilk qəzetin – “Əkinçi”nin nəşrinə başlanması ilə əlaqədar seçilib.
Bayramla bağlı bir neçə rəsmi tədbir keçirilib.
Məsələn, Prezident yanında KİV-ə Dəstək Fondunun təşkil etdiyi fərdi jurnalist məqalələri müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi.
Müsabiqənin nəticələrinə görə, 114 jurnalist mükafatlandırılıb. Birinci yerə görə, 500 manat [295dollar], ikinci yerə görə 400 manat [236 dollar], üçüncü yerə görə 300 manat [177 dollar] pul mükafatı verilib. Bu haqda məlumat verərkən, informasiya agentlikləri məhz hansı məqalələrin qalib olduğunu, onları haradan oxumaq mümkün olduğunu dəqiqləşdirməyiblər.
Mükafatlandırma mərasimində çıxış edərkən, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətin mətbuata qayğısından və qazanılmış uğurlardan danışıb:
“Dünyada Azərbaycan qəzetlərinə, jurnalistlərinə istinad olunur, onların xəbərləri bütün dünyada tirajlanır. Bunda İlham Əliyevin KİV azadlığının, cəmiyyətdə plüralizmin təmin edilməsi ilə bağlı həyata keçirdiyi siyasət vacib rol oynayır”.
Bəzi azərbaycanlı jurnalistlər Mətbuat Gününü həbsxanada qeyd edib. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına əsasən, hazırda on nəfər jurnalist cəza çəkir. Onlardan ən tanınmışı orduda və SOCAR-da korrupsiya ilə bağlı araşdırmalar hazırlayan və ötən il Azərbaycan sərhədini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilən Əfqan Muxtarlıdır. Jurnalist məcburən mühacirətə getdiyi Gürcüstandan oğurlanaraq, səhəri gün Azərbaycanda istintaq altında olduğu üşün bu iş hədsiz səs-küy doğurub.