Ermənistan atom stansiyasının təmiri üçün Rusiya kreditindən imtina edib
Ermənistan ölkə üçün hədsiz mühüm olan Metsamor atom stansiyasının təmiri üçün Rusiya kreditindən imtina edib.
Ermənisran atom elektrik stansiyasının modernləşdirilməsi üzrə qalan işləri hökumət öz vəsaiti hesabına maliyyələşdirəcək. AES-in təmir işləri üçün 63,2 milyard dram (130 milyon dollar) həcmində büdcə krediti ayrılacaq.
Ermənistan atom stansiyasının istismar müddətini 2026-cı ilə qədər uzatmaq üzrə işlərin yerinə yetirilməsi üçün kredit alıb. Kreditin ümumi məbləği 270 milyon dollar təşkil edir. Daha 30 milyon qrant şəklində ayrılıb.
Kreditdən imtina Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda baş verib.
Söhbət “Cənubi Qafqaz Dəmiryolları” şirkətinə qarşı açılan iki cinayət işindən gedir. Bu şirkət “Rusiya Dəmiryolları” şirkətinin 100 faizlik törəməsidir. Şirkətin ofisində 2018-ci ilin avqustunda həttta axtarış da həyata keçirilib: sənədlər götürülüb, əməkdaşların şəxsi əşyalarına baxılıb. Üstəlik bu əməliyyata xüsusi təyinatlılar cəlb olunub.
Bundan başqa, Yerevan bu yaxınlarda Ermənistana çatdırılan qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiya ilə danışıqları başladıb. Bunun cavabında Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanda Rusiya şirkətlərinə, o cümlədən də “Cənubi Qafqaz Dəmiryolları”na qarşı başladılan məhkəmə proseslərini xatırladıb.
Bütün təfərrüatlar – Ermənistan niyə Rusiyanın pullarından imtina edir?
İmtinanın səbəbləri haqda
Ermənsitanın ərazi idarəetməsi və infrastruktur naziri Suren Papikyan bu günlərdə bəyan edib ki, bütün son bir il ərzində kredit ödənişləri müddətinin uzadılması və güzəştli şərtlərlə vəsaitin ayrılması məsələləri müzakirə olunub.
Nəticədə Rusiya hökuməti ilə razılığa gəlmək mümkün olmayıb, buna görə də, nazirin sözlərinə görə, “kredit vəsaitinin istifadə olunmamış hissəsindən imtina eləmək lazım gələcək”:
“Artıq kifayət qədər böyük həcmdə iş görülüb, amma bir sıra obyektiv və subyektiv məsələlər üzündən modernləşdirmə proqramı müddət etibarilə ləngiyib… İşlərin qalanını Ermənistan hökuməti öz vəsaiti hesabına maliyyələşdirəcək”.
Bununla yanaşı nazir vurğulayıb ki, bu vəziyyətin Ermənistan-Rusiya münasibətlərinə heç bir təsiri yoxdur:
“Bizim münasibətlərimiz stabil, strateji, tərəfdaş münasibətləridir, eyni zamanda bizim ölkəmizdə kreditlərin səmərəli istifadəsi problemi mövcuddur”.
Atom stansiyasının modernləşdirilməsi işinin davam etdirilməsinə gəlincə, Suren Papikyan təsdiqləyib ki, “Rosatom” dövlət korporasiyası “Ermənistanın əsas tərəfdaşı olaraq qalır”. Əsaslı təmirin başlıca podratçısı yenə də Rusiyanın “Rosatom” dövlət korporasiyasına daxil olan Rusiyanın “Rusatom xidməti” şirkətidir:
“Tərəfdaşlarla razılaşmalar var və maliyyə vəsaitinin təqdim olunması nəticəsində işlər lazımı qaydada davam etdirilib”.
Öz növbəsində Ermənistanın baş naziri bəyan edib ki, mövcud kredit həcm və şərtlərinə görə AES-in gələcək fəaliyyəti üçün çox da uyğun deyil.
Nikol Paşinyanın sözlərinə görə, öz vəsaitləri hesabına təmir olaraq məhsulları və xidmətləri məsləhət bildikləri kimi bazar şərtlərinə uyğun əldə etməyə imkan verəcək.
“Keçmişdə bizdə bəzi məhdudiyyətlər olub, o cümlədən də kimdən almaq və necə rezlizə etmək məsələsi ilə bağlı. İndi biz bütün alışları bazar məntiqinə tam uyğunlaşdıra və məhsulu rəqabət əsasında əldə edə biləcəyik. Bu halda bizim üçün qiymətlər aşağı olacaq, biz ümid edirik ki, keyfiyyət əvvəllər aldıqlarımıza uduzmayacaq. Uzun illər boyu AES qoyulan xərcdən daha çoxunu verən obyekt olub. Bizim qarşımızda AES-in həm idarəetmə, həm də enerji təhlükəsizliyi nöqteyi-nəzərindən səmərəliliyini artırmaqla bağlı konkret məsələ dayanıb”.
Ekspert rəyi
Energetika sahəsində ekspert Vahe Davtyan bildirir ki, 2021-ci ilə qədər Ermənistan AES-in modernləşdirilməsini başa çatdırmalıdır. Əks təqdirdə ciddi problemlər ortaya çıxa bilər, çünki Yerevan öz üzərinə beynəlxalq öhdəliklər götürüb:
“Yaxşı olardı ki, Ermənistan hakimiyyəti Rusiya kreditindən imtina etdiyini bəyan etdiyi zaman dırnaq açıb vəsaiti haradan cəlb etmək niyyətində olduqlarını və “öz vəsaiti” deyəndə nəyi nəzərdə tutduqlarını desinlər”.
Ekspert həmçinin təsdiqləyir ki, Rusiya kreditindən imtina etdiyi zaman Ermənistan “Rosatom” dövlət korporasiyası ilə müqavilədən imtina etmir. Məhz bu korporasiya AES-in modernləşdirilməsi işini tamamlamalıdır:
“Burada Ermənistanın Rusiya ilə əməkdaşlıqdan başqa alternativi yoxdur”.