"Meta" Rusiyada yaradılmış Gürcüstan, Ermənistan və Azərbaycanı hədəfləyən yüzlərlə təbliğat hesabını silib
“Meta” Rusiyada yaradılmış yüzlərlə hesabı silib
“Meta” şirkəti bu sosial şəbəkələrin siyasətini pozduqlarına görə “Facebook”da Rusiya mənşəli 76 saxta hesabı və 30 səhifəni, eləcə də 11 “Instagram” hesabını silib. Bu barədə şirkətin hesabatında deyilir. “Meta” təmsilçilərinin sözlərinə görə, bu saxta hesablar şəbəkəsinin hədəfi Gürcüstan, Ermənistan və Azərbaycan olub.
- Gürcüstanda şəbəkə xarici agentlər haqqında qanuna qarşı son etirazları tənqid edən, hakim “Gürcü Arzusu” partiyasına dəstək nümayiş etdirən məzmun yaymaqla məşğul olub.
- Azərbaycanda Qərbi tənqid edən postlar yayıblar.
- Ermənistanda bu şəbəkə rusiyayönlü narrativləri təbliğ edib və Ermənistanın baş nazirini tənqid edib.
- Gürcüstanda böyük Facebook təmizliyi
- Facebook-un Gürcüstan seqmentində Qərb əleyhinə əməliyyat – ISFED
Məlumata görə, söhbət konkret ölkələrə təsir etmək üçün nəzərdə tutulmuş informasiya şəbəkəsindən gedir. Şəbəkəyə, məsələn, Gürcüstanda “Georgia Today” (sakartvelo-today.org), Azərbaycanda “Yerli.Media” (yerlimedia.org) və Ermənistanda “Lurer Media” (lurermedia.org) kimi saxta saytlar daxildir.
Bu saytların hamısı Moskvada qeydiyyatdan keçmiş “IMA Digital” marketinq şirkəti ilə əlaqələndirilir.
Meta-ya görə, bu xəbər saytları daha qanuni və xəbər dəyərli görünmək üçün YouTube, Telegram və TikTok da daxil olmaqla müxtəlif platformalarda da mövcuddur.
“Facebook” və “Instaqram” hesablarının bağlanmasına baxmayaraq, bu saytlar gürcü, erməni, Azərbaycan və rus dillərində fəaliyyət göstərməyə və “qaynar xəbərlər” dərc etməyə davam edir.
“Facebook” və “Instagram”da şəbəkənin arxasında duran şəxslər saxta hesablardan istifadə edib, səhifələri manipulyasiya edib və istifadəçiləri öz vebsaytlarına cəlb etmək üçün mesajlar dərc ediblər.
Məzmunu “Meta” platformalarında tanıtmaq üçün onlar ümumi dəyəri 77.000 dollar olan reklamlar yayımlayıblar.
Saxta hesablar haqqında məlumat Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED) tərəfindən verilib, bundan sonra onlar “Meta”nın avtomatlaşdırılmış sistemləri tərəfindən aşkar edilib və araşdırmalar başa çatana qədər bloklanıb.
Hesabatda həmçinin “Meta”nın Ukrayna və Moldova vətəndaşlarına qarşı koordinasiyalı kampaniya apardığı üçün sildiyi 43 hesab və 85 səhifədən də bəhs edilir. Məsələn, bu səhifələrdə Ukrayna hökuməti ölkəni müdafiə etmədiyinə, hərbi səfərbərliyin aşağı səviyyədə olmasına və prezident seçkilərinin sonrakı tarixə təxirə salınmasına görə tənqid edilib, Moldovada isə rusiyayönlü siyasətçilər haqqında məlumatlar dərc olunub.
Bu ilk dəfə deyil ki, “Meta” Gürcüstan hökuməti və ya hakim partiyası ilə əlaqəli saxta hesabları və səhifələri bloklayır və ya onların “PR”ı ilə məşğul olur.
2023-cü ildə “Meta” “Facebook”da 80 hesabı, 26 səhifəni və doqquz qrupu və Gürcüstan hökumətinin Strateji Kommunikasiyalar Departamenti ilə əlaqəli iki “Instagram” hesabını dayandırıb.
2020-ci ildə “Gürcü Arzusu” və müxalif Vahid Milli Hərəkat partiyası ilə əlaqəli 511 səhifə, 101 şəxsi hesab, 122 “Facebook” qrupu və 56 “Instagram” hesabı silinib.