Yenilənib: Fransada keçirilən prezident seçkilərin II turunda bülletenlərin 99,99 faizinin sayılmasına əsasən “İrəli” hərəkatının lideri Emmanuel Makron 66,06 faiz seçici səsi toplayıb.
Onun əsas rəqibi millətçilərin təmsilçisi Marin Le Pen artıq öz rəqibini qələbə münasibəti ilə təbrik edib.
* * *
Mayın 7-də, bazar günü fransalı seçicilər ölkəyə kimin başçılıq edəcəyi ilə bağlı qərar verəcəklər – Emmanuel Makron yoxsa Marin Le Penin. Seçki kampaniyası başa çatıb. Mayın 6-sı “sükut günü”dür, təşviqat qadağandır.
Çərşənbə günü son debatlar baş tutub. Sosioloji sorğuların nəticələrinə görə, onları Emmanuel Makron udub. O, Marin Le Peni təxminən 20 faiz qabaqlayaraq, prezident seçkilərində liderliyi özündə saxlayır.
Rəqabətin finişində namizədlər bir-birinə hücum etməyə də imkan tapdılar. Le Pen Makronu ofşor hesabının olmasında ittiham etdi. Makron isə seçicilərin yadına saldı ki, prokurorluq rəqibinin seçkiqabağı kampaniyasının Rusiya tərəfindən maliyyələşdirilməsi məsələsini araşdırır.
Xatırladaq ki, Le Pen Fransaın Avropa İttifaqından çıxmasının tərəfdarıdır, Makron isə “avrooptimistdir”.