2018-ci ildə Gürcüstan Ordusunu ciddi islahatlar gözləyir
Gürcüstanın müdafiə naziri bildirib ki, bu ilin mayında “Gürcüstanın ən iddialı müdafiə hazırlığı proqramının” – Almaniyadakı Hohenfels hərbi bazasının analoqunda inşa edilmiş hərbi hazırlıq mərkəzinin işə salınması planlaşdırılır.
Mərkəz Vazianidə (Tbilisi yaxınlığında) Müdafiə Nazirliyinin bazasında açılacaq.
Yeni mərkəzin açılması haqda ilk məlumat bir il əvvəl – 2017-ci ilin fevralında bəlli olmuşdu.
Müdafiə naziri Levan İzoriya parlamentdə müdafiə və milli təhlükəsizlik üzrə komitənin dinləmələrində çıxış edərkən layihənin detallarını dəqiqləşdirib:
“2017-ci ildə biz Gürcüstan-NATO təlim və qiymətləndirmə mərkəzinin (JTEC) infrastrukturunun yaxşılaşdırılmasına iki milyon lari yönləndirdik. Biz həmçinin Vazianidə hərbi hazırlıq mərkəzinin inşasına da 18 milyon ayırdıq, bunlar əsasən nazirlikdə optimallaşma nəticəsində qənaət edilmiş pullar idi. Mayda biz artıq əsas strateji müttəfiqlərimizlə birlikdə Gürcüstanın müdafiə hazırlığı proqramını işə salacağıq”, – “Azadlıq Radiosu” İzoriyaya istinadən məlumat verib.
Proqram ABŞ-ın dəstəyi ilə Gürcüstan hərbçilərinin təlimini nəzərdə tutur.
Vazianidə hazırlıq mərkəzinin açılışı Gürcüstanın müdafiə hazırlığı proqramının başlaması ilə eyni vaxta düşür. Gürcüstan hərbçiləri ABŞ-ın dəstəyilə bu proqram çərçivəsində təlim keçəcəklər. Gürcüstan-Amerika hərbi əməkdaşlığının yeni mərhələsi 2016-cı ilin iyununda, ABŞ dövlət katibi Con Kerrinin Gürcüstana səfərindən sonra başlayıb. O zaman Tbilisidə “Gürcüstan və ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqda” memorandum imzalanıb.
İzoriya onu da bildirib ki, 2018-ci ildə Gürcüstan Ordusunu ciddi islahatlar gözləyir. Məsələn, Müdafiə Nazirliyinin büdcəsindən hərbi aviasiyanın modernləşdirilməsi və yenilənməsi üçün 23 milyon lari (9,5 milyon dollara yaxın) ayrılıb.
Hazırda Gürcüstan Ordusunda NATO standartlarına uyğunlaşma prosesi davam edir. İlk növbədə söhbət yüngül silahlanmadan gedir. Doqquz batalyonun lazımi silah və avadanlıqlarla tam təchiz olunması planlaşdırılıb. Ötən il Gürcüstana yüzlərlə Amerika istehsalı M-240 pulemyot gətirilib ki, bunlar da sovet nümunəsi olan sistemləri əvəz edəcək. Artıq bu il bir neçə min M4A1 avtomatik tüfəng və “Javelin” TƏRK gətirilib. Şimali Atlantika Alyansının yenidən silahlanma ilə bağlı tələbinin həyata keçirilməsi üçün Gürcüstan Müdafiə Nazirliyinin cari ildə 802 milyon lari (330 milyon dollara yaxın) təşkil edən büdcəsinin azı 20 faizi sərf olunacaq.