Gürcüstan-Macarıstan biznes forumunda iştirak etmək üçün “Kortyard-Merriott” mehmanxanasına gələn Gürcüstan və Macarıstan baş nazirlərini əllərində transparantlar olan insan kütləsi qarşılayıb.
Bir-birindən bir neçə metr məsafədə iki aksiya təşkil olunub.
Aksiyaların birində vətəndaş cəmiyyəti nümayəndələri Viktor Orbanın Avropada Mərkəzi Avropa Universitetinin (CEU) fəaliyyətini sual altına qoyan anti-liberal siyasətinə qarşı etiraz ediblər.
“CEU öz dəyərləri, akademik prinsipləri ilə tanınan Avropanın qabaqcıl universitetlərindən biridir. Biz Viktor Orbanın yürütdüyü utancverici siyasətini yolverilməz sayırıq, onun yanaşması faşistcə və qeyri-demokratikdir”, – “Liberal”ın veb-səhifəsində aksiya iştirakçısından sitat verilib.
İkinci aksiyanı Gürcüstanın millətçiləri – “Gürcü gücü” təşkilatı keçirib. Onlar CEU tərəfdarlarını “sorosçu” adlandırıblar və Orbana məhz “anti-sorosçu” mövqeyinə və sərt miqrasiya siyasətinə görə dəstək ifadə ediblər. “Liberalizm rədd olsun!” – onların transparantlarında yazılıb.
“Biz gürcüyük və sorosçu həngamələr bizdə keçməz. Anti-gürcü və anti-dövlət təxrbatlar alınmayacaq”, – kontraksiya iştirakçıları bildiriblər.
Macarıstan hakimiyyəti sürətləndirilmiş qaydada Mərkəzi Avropa Universitetini bağlanmağa və ya başqa ölkəyə köçməyə vadar edən yeni qanun qəbul ediblər. Viktor Orban Corc Soros və onun Açıq Cəmiyyət Fondunun Macarıstanda fəaliyyətinə qarşı çıxış edir.
Orban Tbilisidə keçirilən aksiyalara reaksiya olaraq Gürcüstan jurnalistlərinə bildirib ki, Mərkəzi Avropa Universitetinə qarşı heç bir təhlükə yoxdur və danışıqlar gedir.
— Mərkəzi Avropa Universiteti Sovet İttifaqı dağılandan sonra 1991-ci ildə Budapeştdə Corc Sorosun dəstəyilə yaradılıb. Universitet demokratik cəmiyyətin inkişaf mərkəzi, həmçinin keçmiş SSRİ, mərkəzi və şərqi Avropa ölkələrinə Avropa biliklərinin və dəyərlərinin daşıyıcısı olmalı idi və oldu. Hazırda universitetdə 1400 tələbə təhsil alır. Universitet Qafqaz regionunda çox populyardır, məzunları arasında gürcülər də az deyil.
—Viktor Orban Gürcüstana aprelin 21-də ikigünlük rəsmi səfərlə gəlib.