Borjomi meriyasının əməkdaşları maaşlarının qaldırılması üçün necə mübarizə aparıblarsa, axırda xüsusi təyinatlılar gəlməli olub
Martın biri, səhərdən Borjominin bələdiyyə şurası (sakrebulo) qarşısına avtobus və yük maşınlarında xüsusi təyinatlılar gəldi.
Şuranın binası bloklanmışdı – ora ancaq hakim “Gürcü arzusu” partiyasından olan deputatlar buraxılmışdı. Sakrebulonun digər üzvlərini, o cümlədən də sədr Zaza Çaçanidzeni içəri buraxmırdılar.
______________________________
Borjominin bələdiyyə şurasında hər şey 2017-ci ilin oktyabr ayından, yerli hakimiyyət orqanlarına seçkilərdən sonra qarışdı.
Borjomi sakrebulosu Gürcüstanda yeganə bələdiyyədir ki, burada hakim partiyanın nümayəndələri çoxluq əldə etməyiblər. 28 mandatdan “Gürcü arzusu”nun payına 13, qalan 15 mandat müxalifət partiyalarının payına düşüb. Onlardan daha çox, 11 mandat “Vətənpərvərlər alyansı” alıb.
Hakim partiyanın etirazlarına baxmayaraq, şura sədri vəzifəsinə “Vətənpərvərlər alyansı”nın nümayəndəsi Zaza Çaçanidze seçilib.
Seçkilərdən sonra şəhərin həyatı əhəmiyyətli dərəcədə “canlandı” – Borjomi sakinləri artıq beşinci aydır ki, hakimyönlü azlıqla müxalif çoxluq, müxalifətdən olan sakrebulo sədri ilə iqtidaryönlü mer arasında qarşıdurmanı müşahidə edirlər.
Noyabrdan sonra deputatlar ancaq dünən tam tərkibdə toplaşa bildi. Bundan əvvəl hakim partiyanın nümayəndələri iclasları boykot ediblər. Vəziyyət gündəmə meriya işçilərinin maaşlarının artırılması ilə bağlı məsələ daxil ediləndən sonra gərginləşməyə başladı. “Gürcü arzusu”nun boykotu səbəbindən Sakrebulo yığışa bilmədiyindən meriyanın ştat cədvəli və maaşların həcmi təsdiqlənməmiş qalırdı, bu səbəbdən də 12 işçi artıq iki ay maaş almırdı.
Fevralın 28-də maaşların təsdiqi ilə bağlı artıq altıncı cəhd edildi. Boykotu pozan “Gürcü arzusu”nun deputatları da gəldi. Amma müxalifətdən olan deputatlar mer, onun müavini və xidmət rəhbərlərinin maaşlarını 700-800 lari (285-324 dollar) artırmaqdan qəti şəkildə imtina ediblər və bildiriblər ki, onlara 150-200 lari (60-80 dollar) həcmində artım da kifəayətdir.
Nəticədə Sakrebuloda debatlar demək olar ki, döyüş əməliyyatlarına çevrildi. İş o yerə çatdı ki, saat ikidə meriya işçiləri stullardan barrikadalar quraşdırıb, şura sədrini şəxsi kabinetində bağladılar. Zaza Çaçanidze bir neçə saat ərzində öz kabinetindən çıxa bilmirdi.
Tbilisidən Gürcüstan parlamentinin müxalifətdən olan deputatları – Vahid Milli Hərəkatdan (Mixail Saakaşvilinin partiyası) Nika Meliya və “Avropa Gürcüstanı” partiyasından Serqo Ratiani Borjomiyə yerli həmkarlarını dəstəkləmək üçün gələndə vəziyyət bir az da gərginləşdi.
Axırda “Vətənpərvərlər alyansı” güzəştə getdi – axşam Sakrebulo binasında tələsik iclas keçirildi, iclasda 17 deputat iştirak edirdi (“Gürcü arzusu” və “Vətənpərvərlər alyansı”nın nümayəndələri), 13 “lehinə” və 4 “əleyhinə” səslə maaşların artırılmasına səs verdilər.
Amma bundan sonra da gərginliyi azaltmaq mümkün olmadı. Sakrebulo sədri Zaza Çaçanidze bildirdi ki, həm axşam iclası, həm də qəbul edilmiş qərar legitim deyil. Meriya işçiləri binanın əsas girişini bağladılar və maaşları ilə bağlı qərarın qəbul edildiyini təsdiq edən iclas protokolunun onlara təqdim edilməsini tələb etdilər. Onlar həm də Sakrebulo sədrini istefasını tələb etdilər, çünki aksiya iştirakçılarının fikrincə, o, “partiyasına xəyanət edib” və Vahid Milli Hərəkat partiyasının tərəfinə keçib.
Meriya işçiləri barrikadaları ancaq gecə saat ikiyə sökdülər. Onların sözlərinə görə, martın 1-dən onlar bələdiyyə şurası başçısı Zaza Çaçanidzenin istefası tələbi ilə nümayiş keçirəcəklər.