“Nənələr” qrupu əvvəlcə adi musiqiçi ailəsi olub. Lənkəran rayonunun (Azərbaycanın cənub-şərq bölgəsi) Separadi kəndindən olan dörd bacı toylarda və digər mərasimlərdə xalq mahnıları oxuyub və elə bununla da əvvəl öz doğma kəndlərində, sonra bütün ölkədə məşhurlaşıb.
Qrup yaradıldığı dönəmdə, yəni 1970-ci ildə “Bacılar” adlanıb. İki üzvü – Ağabacı və Gülbacı öləndən sonra qrupun adını dəyişməli olublar. Deyilənə görə, Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev özü “Nənələr” adını təklif edib. Bu, 1997-ci ildə baş verib və elə həmin dönəmdə “Nənələr” qrupu çox məşhurlaşıb. Qrupun tərkibi zaman-zaman dəyişib, amma istənilən halda üzvləri ya bir-birinə qohum olub, ya da qonşu.
Onların vizit kartı “Ay lolo” xalq mahnısıdır. Bu mahnını Azərbaycanın cənubunda oxuyurlar və onun sirli bir hekayəti var: mütəxəssislər Azərbaycan folkloru üçün səciyyəvi olmayan, mahnı boyu sürəkli təkrarlanan “Ay lolo” ifadəsi üzərində indinin özündə də baş sındırırlar.
“Nənə”lərin repertuarında “Ay lolo”dan savayı Azərbaycan və talış dillərində daha yüzə yaxın mahnı var.
Qrupu zaman-zaman müxtəlif festival və konsertlərə dəvət ediblər, onlar qastrol səfərlərində olub və şübhəsiz ki, toy və nişanlarda oxumağa davam ediblər. Hazırda “Nənələr” qrupunun üzvləri artıq Bakıya dəvət olunmadıqlarından şikayətçidirlər və bunun səbəbini heç cür anlaya bimirlər.