Litva Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqı Suriyanın yeni hakimiyyəti ilə Abxaziya və Tsxinvali regionunun tanınmasının geri götürülməsi istiqamətində işləməyə hazırdır.
Bundan əvvəl Avropa İttifaqı Suriya Xalq Assambleyasının ilk iclasını ölkənin siyasi transformasiyası prosesində irəliyə doğru atılmış addım kimi qiymətləndirib. Aİ Şurasının bəyanatına əsasən, assambleya yeni konstitusiyanın qəbuluna, islahatların həyata keçirilməsinə və inklüziv siyasi sistemin formalaşdırılmasına töhfə verməlidir. Həmçinin Aİ assambleya ilə əməkdaşlığa və Suriya ilə tərəfdaşlığın dərinləşdirilməsinə, o cümlədən beynəlxalq hüququn və BMT Nizamnaməsinin qorunması istiqamətində birgə fəaliyyətə hazır olduğunu bildirib.
Litva Xarici İşlər Nazirliyi yazır: “Avropa İttifaqı və ona üzv dövlətlər Suriya Xalq Assambleyası ilə əməkdaşlığa və ümumi məqsədlərə nail olmaq üçün birgə işləməyə hazırdır. Bu məqsədlərə beynəlxalq hüququn və BMT Nizamnaməsinin qorunması da daxildir. Bu, həmçinin Əsəd rejimi dövründə Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını tanıyan qərarların ləğvini nəzərdə tutur.”
2018-ci ildə Bəşər Əsədin hakimiyyəti dövründə Suriya Gürcüstanın işğal olunmuş bölgələri olan Abxaziya və Tsxinvali regionunu, qondarma Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb. Bu qərara cavab olaraq Gürcüstan Dəməşqlə diplomatik münasibətləri kəsib.
Hazırda Gürcüstanın işğal olunmuş bölgələrinin müstəqilliyini Rusiya, Venesuela, Nikaraqua və Nauru tanıyır.