Liftlərin mahnısı
Pilləkənlə yoxsa “öz ömrünü başa vurmuş liftlə qalxmaq? Stepanakertin 22 çoxmərtəbəli binasının sakinləri hər gün bu suala cavab verməli olur.
32 saniyə
İki il əvvəl valideynlərim 9-cu mərtəbədə təzə mənzil aldılar. Lifti artıq beş barmağım kimi tanıyıram. Çağırış düşməsi basılandan sonra tanış uğultu səsi gəlmirsə, deməli lift xarab olub, ya da yaşlı qonşu qadının dediyi kimi: “Nə oralıyıq, nə buralı, ev dustağı!
Qapılar açılır. Düymələrdə rəqəmlərdən əsər-əlamət qalmasa da mənə lazım olan mərtəbənin düyməsini gözü bağlı tapa bilərəm. Barmağım yarısına qədər düymənin içinə girirsə, bu birinci mərtəbənin düyməsidir. Sonra barmağımı ən yuxarı düyməyə qədər qaldırıb, bir az sağa çəkməliyəm, bu da 9-cu mərtəbənin düyməsidir.
Amma gözünü yummağa heç ehtiyac da yoxdur. Liftdə artıq iki aydır ki, işıq yanmır. Yaxşı ki, telefonumun fənəri var. Düyməni basandan sonra 32 saniyə gözləmək lazımdır ki, lif mənə lazım olan ən axırıncı 9-cu mərtəbəyə qalxsın.
15 dəqiqəlik caz
Səhərdir, liftin içi adəti üzrə qaranlıqdır, artıq liftdəyəm. Qulaqcıqlardan Maylz Devisin “Kind of Blue albomunu dinləyirəm. Akkord və improvizələrin mürəkkəb ardıcıllığı bəzən podşipniklərin cırıltısının səsini batırır. Liftdəki 32 saniyəm caza məxsusdur.
Bilmirəm, mühərrikin çarxına verilən təzyiq mümkün həddi aşdı, yoxsa uzunmüddətli istismardan sonra podşipnik qırıldı, onu gördüm ki, qığılcım çıxdı və bütün bu iki il ərzində olduğu kimi 33-cü saniyədə liftin qapıları açılmadı.
Lift 15 dəqiqə işləmədi. Bu, cazın vaxtı idi, 15 dəqiqəlik cazın. Bundan sonra xilasedicilər bağlı qapıları araladılar və mən birtəhər çıxa bildim.
Musiqili lif
Hazırda çoxlu sayda adam çoxmərtəbəli binalarda yaşayır və liftdən istifadə edirlər. Əlbəttə, onuncu mərtəbəyə ayaqla qalxmağa ərinməyən qoçaqlar da var, amma belə idmançılar barmaqla sayılası qədərdir. Xüsusən də toydan kefli qayıdan olanda. Bizdə bu yaxınlarda məhz belə bir hadisə baş verdi.
Stepanakertdəki çoxmərtəbəli evimizin sakinləri biləndə ki, lift növbəti dəfə xarab olub axşam saat on idi. Artıq gec olduğuna görə liftçiyə zəng edən olmadı. Onsuz da səhər gələcəkdi. Amma…
Saat yarım sonra – 23:20-də, 7-ci mərtəbədə yaşayan Qalina arası kəsilməyən mahnı səsindən cana doyaraq, bloka çıxdı. Səs liftdən gəlirdi.
Beş dəqiqə keçməmiş bütün qonşular artıq blokda yığılmışdı. Onlar hardasa 20-30 dəqiqə kömək gözləməli oldular, sonra da Qalinanın mobil telefonuna zəng edib dedilər ki, liftçi bu dəqiqələrdə gələcək.
Xilasedici doğrudan da gəldi və dedi ki, liftin kabinəsi 7-ci mərtəbədədir və tez qapıları açdı.
Məlum oldu ki, bütün bu müddət ərzində liftdə mahnı oxuyan qohumunun toyundan qayıdan kefli Qrant imiş.
Həmin vaxtdan sonra da Tiqran Mets küçəsində yerləşən yaşayış evinin lifti əməlli-başlı məşhurlaşıb, onu “musiqili lift adlandırırlar.
Əvəzedilməzlər
Stepanakertdə ən təzə liftin 30 yaşı var. Liftlərin xarab olduğu hallar hər gün olmasa da, həftədə bir neçə dəfə qeydiyyata alınır. Amma son bir neçə il ərzində bədbəxt hadisələr olmayıb.
Özəl sahibkar “Q.Doluxyan liftləri qismən təmir etməklə sakinlərin təhlükəsizliyini təmin etməyə çalışır. Nəticədə də liftlər işləməkdən daha çox təmirə dayanır. Onların qaldırıcı qüvvə əmsalı da gündən-günə azalır.
Liftlərin dəyişdirilməsinin maliyyələşdirilməsi dövlət büdcəsindən həyata keçirilir. Bir liftin dəyişdirilməsi 15 milyon drama [təxminən $31,000] başa gəlir. Mənzil-kommunal təsərrüfatı bildirir ki, 2017-ci ildən hər il bir lifti dəyişməyi planlaşdırır. Bəs bizim çoxmərtəbəli evin növbəsi nə vaxt çatacaq?
Stepanakertdə cəmi 22 çoxmərtəbəli ev var. Sakinlər hələ uzun müddət hər gün qərar verməli olacaqlar –
pilləkənlə, yoxsa “ömrünü başa vurmuş liftlə qalxsınlar.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc olunub: 24.11.2016