"Kreml Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışa bilər" - Rəy
Lavrovun açıqlamasına Bakıdan şərh
Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan razılaşmasına dair açıqlama verərək, sənədin ilkin mərhələdə “həvəslə qarşılandığını”, lakin daha sonra “skeptik rəylərin” artdığını bildirib.
Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, bu mövqe Kremlin Vaşinqton prosesini zəiflətmək cəhdidir.

Sergey Lavrov Vaşinqtonda imzalanan Azərbaycan-Ermənistan razılaşmasına münasibət bildirərkən bunları deyib:
“Bu, iki ölkənin suveren hüququdur. İlk günlərdə eşidilən həvəsləndirici rəylər sənəd ictimaiyyətə təqdim ediləndən sonra şübhəli qiymətləndirmələrlə əvəz olundu. Görünür, hər şey tam razılaşdırılmayıb. Rusiya bu razılaşmaların icrasını yaxından izləyəcək. Əgər ardınca real addımlar atılmasa, sənəd sadəcə informasiya effekti yaradan bir hadisə olaraq qalacaq”.
“Kremlin dayağı Ermənistandakı radikallardır”

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya rəsmiləri ilkin mərhələdə ehtiyatlı davranaraq açıq tənqidə getmədilər.
Onun fikrincə, bunun səbəbi Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla Alyaskada planlaşdırılan görüşü idi:
“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarının dəvəti üzərinə Trampla Alyaskada görüşə hazırlaşırdı. Bu ərəfədə Kreml sahibinin və onun əlaltılarının 8 avqust müqaviləsinin əleyhinə açıqlamalar verməsi doğru sayılmırdı. Bu Trampın səylərini şübhə altına almaq anlamına gələrdi.
Vaşinqtonda imzalanan müqavilədən bir ay keçib və zaman keçdikcə rusiyalı rəsmilər Azərbaycan və Ermənistan liderlərinin ABŞ paytaxtında imzaladıqları müqavilənin əleyhinə açıqlamalar verməyə başlayıblar.
Kreml həmişəki kimi xarici işlər naziri Sergey Lavrovu qabağa verib. O Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunan razılaşmanı iki ölkənin suveren hüququ saysa da, iki zəruri əlavəsini də unutmayıb.
Lavrovun açıqlaması Kremlin Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışacağından xəbər verir. Rusiyanın xarici işlər naziri müqavilə barədə “skeptik rəylər” sözləri ilə Ermənistanın radikal müxalifətini nəzərdə tutub. Çünki, məhz erməni radikallar Vaşinqtonda imzalanan müqaviləni topa tutublar. Kremlin dayağı da məhz onlardır.
İrəvan və Vaşinqton tələsməlidirlər. Zəngəzur dəhlizinin tikintisini və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Gecikmə Kremlin xeyrinə işləyəcək”.
Kontekst
Avqustun 8-i Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında sənəd imzalanıb. Bu razılaşma iki ölkə arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sənəd tərəflərin sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin bərpası, habelə regionda kommunikasiya xətlərinin – xüsusən də “Zəngəzur dəhlizi”nin açılması barədə razılaşmalarını ehtiva edir.
Razılaşma həm də sülh müqaviləsinin imzalanmasına aparan yolun əsas mərhələsi hesab olunur. İlk günlərdə həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətində sənədə dair ümidli açıqlamalar səslənsə də, daha sonra xüsusən Ermənistan daxilində razılaşmaya qarşı radikal etirazlar ortaya çıxıb. ABŞ tərəfi bu sənədi regionda sabitliyin təmin olunması və Rusiyanın təsir imkanlarının zəiflədilməsi baxımından strateji nailiyyət kimi təqdim edir.
Lavrovun açıqlamasına Bakıdan şərh