Laçın dəhlizinə alternativ yolun inşası başa çatıb
Laçın dəhlizinə alternativ yol
Azərbaycan Laçın dəhlizinə alternativ yolun inşasının başa çatdığını açıqlayıb. Bu yol Azərbaycana Laçın rayonunun mərkəzinə nəzarət etməyə imkan verəcək. Bu arada Laçın dəhlizi üzərində yerləşən Laçın şəhəri və Zabux kəndindən erməni əhali köçürülür. Ermənistan tərəfi bildirir ki, yeni yolun Ermənistanın ərazisindən keçən hissəsi hələ hazır deyil.
- Baş Prokurorluqdan media azadlığı və sosial şəbəkələrdəki paylaşımlara müdaxilə
- “Azərbaycan üçtərəfli bəyanatın 4-cü maddəsinin yerinə yetirilməsində israrlıdır” – Azərbaycanın XİN rəhbəri
- Azərbaycanda Aşura günü: son üç ildə ilk dəfə məhdudiyyətsiz – FOTOREPORTAJ
Xankəndini Ermənistanla birləşdirən yeni yolun inşası başa çatıb. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Yeni yol Laçın dəhlizinin alternatividir.
Bu yol Azərbaycanın nəyinə lazımdır?
Azərbaycanlı ekspertlərin sözlərinə görə, Laçın dəhlizi Laçın şəhərinin içindən keçdiyi üçün Rusiya sülhməramlılarının bir hissəsi bu rayon mərkəzində yerləşdirilib.
Alternativ yolun inşasının məqsədlərindən biri bu yolun Laçın şəhərindən keçməməsindən ibarətdir. Bununla da Azərbaycan sülhməramlıları şəhərdən çıxara biləcək. Amma bu, sülhməramlı kontingentin tamamilə ərazidən getməsi demək deyil, Rusiya hərbçiləri sadəcə yeni yola doğru yer dəyişəcək.
İstənilən halda alternativ yol özündə sülhməramlıların hərəkət arealının daralması və gələcəkdə regiondan tamam çıxarılması elementlərini əks etdirir – ekspertlər qeyd edirlər.
Erməni əhalinin köçürülməsi və qaz məsələsi
RF sülhməramlı kontingentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan tərəfləri arasında əldə edilən razılaşmaların şərtlərinə əsasən, avqustun 25-ə qədər erməni əhali Laçın dəhlizi üzərində yerləşən Laçın şəhərini və Zabux kəndini tərk etməlidir.
Azərbaycan tərəfinin məlumatına görə, birinci Qarabağ müharibəsindən sonra ermənilər Laçın və Zabuxa Ermənistan hökuməti tərəfindən imtiyazlı yaşayış şərtləri ilə yerləşdiriliblər.
Laçın dəhlizi boyunca Ermənistandan Xankəndiyə uzanan infrastruktur – elektrik təchizatı xətləri, qaz boruları, rabitə xətləri daha bir sual doğuran məsələdir. Ermənistan tərəfinin bəyanatına əsasən, bütün bu məsələlərin həlli var. Yeganə problem Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinin qazla təmin olunmasıdır.
Ermənistan tərəfi həmçinin bildirir ki, yeni yolun Ermənistan ərazisindən keçən hissəsi hələ hazır deyil. Yolun Azərbaycan-Ermənistan dövlət sərhədinə qədər olan 4 kilometrlik hissəsinin inşası başa çatana qədər burada qrunt yol mövcud olacaq.
Yeni yol haqda
Laçın dəhlizinə alternativ olan yeni yolun ümumi uzunluğu 32 kilometr təşkil edəcək. Bunun 22 kilometri Azərbaycan ərazisindən keçir – AAYDA-nın məlumatında deyilir.
Mənbənin məlumatına əsasən, yol “İnşaat normaları və qaydalarına” müvafiq inşa edilib və üçüncü texniki dərəcəyə uyğundur.
Əsasən yol iki zolaqlıdır, amma bəzi hissələrdə (yoxuşlarda və enişlərdə) üç zolaqlı olur.
Asfalt örtüyün eni 7,5-10 metr təşkil edir.
Yolda çay üzərindən keçən 149 metrlik körpü var.