Kütləvi saxlanılmalar, bağlanan metro stansiyaları, söndürülmüş internet – Azərbaycan hakimiyyəti müxalifətin mitinqinə necə mane oldu?
Müxalifətin razılaşdırılmamış mitinqinə mane olmaq üçün Azərbaycan hakimiyyəti yüzə yaxın fəalı saxlayıb, bir neçə metro stansiyasını bağlayıb, interneti kəsib.
Mitinq Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil olunub.
Qadağaya rəğmən
Milli Şura şəhərin mərkəzində mitinq keçirmək istəyib, amma hakimiyyət buna icazə verməyib. Əvəzində müxalifətə təklif olunub ki, mitinqi Bakının kənarında – Lökbatanda keçirsinlər.
Şəhər kənarına getmək istəməyən Milli Şura mərkəzdə razılaşdırılmamış mitinq keçirmək qərarına gəlib. Mitinq məkanı “28 May” metrosunun qarşısı, Dəmiryolu Vağzalının yaxınlığı təyin olunub.
Hakimiyyət öz növbəsində mitinqi dağıdacağı ilə bağlı xəbərdarlıq edib.
Hadisələr necə inkişaf edib?
Mitinqdən bir neçə gün öncə müxalifət Milli Şura üzvlərinin saxlanılmasından şikayətlənməyə başlayıb.
Mitinq oktyabrın 19-da saat 15:00-da olmalı idi.
Həmin gün səhər saatlarından metro stansiyası qarşısı və ətraf ərazilər polis və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
“28 May” metro stansiyası da daxil olmaqla üç stansiya müvəqqəti olaraq bağlanıb.
Şəhərin bütün mərkəzi hissəsində və ətraf rayonlarda internet kəsilib.
Hətta mərkəzdəki kinoteatrlarda seanslar təxirə salınıb.
Mitinq saatına yaxın vəziyyət gərginləşməyə başlayıb. Polis etirazçıları kütləvi şəkildə saxlayıb.
Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli evindən çıxarkən saxlanılıb.
Milli Şuranın koordinasiya mərkəzinin üzvləri Vahid Məhərrəmli və Tofiq Yaqublu da saxlanılanlar arasındadır.
İlkin məlumata əsasən, ümumilikdə polis yüzə yaxın fəalı saxlayıb.