Kutaisidə müxalifətin mitinqi baş tutacaq. Bununla da müxalifət Gürcüstanın regionlarında da etiraz aksiyalarına başlayacaq
Gürcüstan hakimiyyəti və müxalifəti arasında danışıqlar heç bir nəticə verməyəndən sonra müxalifət liderləri etirazların coğrafiyasını genişləndirmək və regionları da aksiyalara cəlb etmək qərarına gəliblər.
Dekabrın 6-da Gürcüstanın böyüklüyünə görə ikinci şəhəri olan, ölkənin qərbində yerləşən Kutaisi şəhərində mitinq keçirilməsi nəzərdə tutulub.
Kutaisi mitinqində əsas tələb Tbilisidəki aksiyaların tələbi ilə eyni olacaq – 2020-ci ilin payızına təyin olunmuş növbəti parlament seçkiləri yeni, tam proporsional seçki sistemi üzrə keçirilməlidir. kompromis variantı kimi müxalifət seçkilərin “alman modelinə” uyğun keçirilməsini təklif edir.
•Gürcüstanda siyasi böhranı çözə biləcək “alman modeli” nədir?
Regionlarda mitinq keçirmək qərarı 30 müxalifət partiyası tərəfindən dekabrın 1-də təşkil olunan ümumi iclasda qəbul olunub.
Kutaisidəki aksiya 14:00-da başlamalıdır.
Buna qədər müxalifət və fəallar vilayət administrasiyasının binasına doğru yürüş keçirməyi planlaşdırır.
“Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze bildirib ki, aksiyalar “hakimiyyət müxalifətin və bütün ictimaiyyətin tələbini nəzərə alana qədər” davam edəcək:
“Kutaisidə aksiya dinc olacaq və bütün regionlarda dinc etirazlar keçiriləcək, indiyə qədər olduğu kimi. “Gürcü arzusu” və İvanişvili dərk etməlidirlər ki, siyasi böhran onlar xüsusi təyinatlıları çıxardıqları zaman yox, biz birlikdə siyasi dalandan çıxış yolu tapmağa çalışdığımız zaman çözüləcək…”
Müxalifətin planında Tbilisidə parlament və digər dövlət qurumlarının qarşısında keçirilən etiraz aksiyalarını davam etdirmək də var.
“Hakimiyyər alnamalıdır ki, ictimaiyyət dayanmayacaq. Nə xüsusi təyinatlılar, nə də “tituşka”lar onlara kömək etməyəcək. Çıxış yolu yalnız siyasi güzəştdədir”, – Bakradze deyir.
Gürcüstanda etirazlar noyabrın 14-dən, hakimiyyət seçki islahatını süquta uğradandan və bununla da iqtidar partiyasının lideri və Gürcüstanı qeyri-formal idarə edən Bidzina İvanişvili Tbisilisidə yayda keçirilən aksiyalar zamanı tam proporsional (partiyalı) seçki sisteminə keçiləcəyi ilə bağlı verdiyi vədə əməl etməyəndən sonra başlayıb.
Uzun müddət davam edən genişmiqyaslı küçə aksiyalarına baxmayaraq, hakimiyyət bildirib ki, 2020-ci il parlament seçkiləri qarışıq (proporsional və majoritar) sistem üzrə keçiriləcək.
Müxalifət bir müddət sonra güzəştli variant təklif edib – seçkilərin “alman modeli” əsasında keçirilməsini. Bu zaman seçki sistemi indi olduğu kimi qalacaq, amma mandatların paylaşdırılması prinsipi fərqli olacaq. Müxalifətin yekdil fikri ilə bu sistem bütün siyasi qüvvələrə münasibətdə ən ədalətli sistemdir.
Amma hakimiyyət bəyan edib ki, bu model Gürcüstan konstitusiyasına uyğun deyil. Hakimiyyətin müxalifətlə xarici diplomatların təşəbbüsü ilə baş tutan görüşü nəticəsiz sona çatıb.
Noyabrın 14-dən polis xüsusi təyinatlıları artıq iki dəfə parlament qarşısında toplaşan nümayişçiləri su şırnaqlarından istifadə edərək dağıdıb.
Bir dəfə polislər hətta parlament binası ətrafında dəmir hasar da quraşdırıblar ki, qanunverici orqanı piketçilərdən qoruya bilsinlər. Tbilisidə və Gürcüstanın digər şəhərlərində müxtəlif dövlət strukturlarının ofisləri qarşısında piketlər davam etdirilir.
Gürcüstan üçün “əks-aksiyaların” təşkil olunması yenilikdir – müxalifətin aksiya keçirdiyi yerlərdə hökumətyönlü “gənclər təşkilatlarının” peyda olur və etirazçılara fiziki müqavimət göstərirlər.
Cəmiyyətdə çoxları əmindir ki, bu cür qruplar hökumət tərəfindən idarə olunur. Dəfələrlə əks-aksiyalarda hakim “Gürcü arzusu” partiyasını təmsil edən məmurların övladalrının fəal iştirak etdiyi diqqəti çəkib.
Müxalifət bu qrupları “tituşkalar” adlandırır – prezident Yanukoviç dövründə Ukraynda mövcud olan aqressiv hökumətyönlü gənclərdən ibarət qruplara analoji olaraq.