Kükürd hamamları öz fəaliyyətlərini dayandırıb
Kükürd hamamları fəaliyyətini dayandırdı. Tbilisinin köhnə rayonunda yerləşən kükürd hamamlarının işçiləri etiraz əlaməti olaraq tətil edirlər. Onlar etiraz aksiyası keçirərək, “Georgian Water and Power (GWP) şirkətindən borcun silinməsi və suyun tarifinin azaldılmasını tələb etdilər. Etirazçıların sözlərinə görə, Tbilisi sakinlərinin əlindən sağlamlıq mənbəyini alırlar ki, bu da cinayətdir.
“JAMnewsla söhbət zamanı kükürd hamamları işçiləri qeyd ediblər ki, GWP şirkəti kükürd hamamları üçün suyun vergisini artırıb və onların borcu yığılıb qalıb.
Bununla əlaqədar olaraq GWP şirkətinin yaydığı bəyanatda qeyd edilir ki, kükürd hamamlarının rəhbərliyi destruktiv metodlara əl atıb, çünki onun mövqeyi hüquqi nöqteyi-nəzərdən uğursuzdur və onun başqa çıxış yolu yoxdur.
Kükürd hamamları tərəfindən istifadə edilən suyun ölçülməsi nəticəsində GWP şirkəti Gürcüstan Enerji və Su Təminatının Tənzimlənməsi Üzrə Milli Komissiya tərəfindən müəyyən edilən tarif üzrə axar suya vergi qoyub. Kükürd hamamlarının rəhbərliyi vergini ödəməkdən boyun qaçırır. Amma onların mövqeyi əsassızdır.
Xatırladaq ki, “Georgian Water and Power MMC Tbilisi ərazisində su təchizatının lisenziyaçısı kimi hamamlar tərəfindən iş vaxtı istifadə olunan suya mövcud tarifdən başqa, həm də axar geotermal suların təmizlənməsinin də qiymətini əlavə edib.
Şirkət yuxarıda qeyd edilən xidmətlərə görə ödənişi dəyişərək, Gürcüstan Enerji və Su Təminatının Tənzimlənməsi Üzrə Milli Komissiya tərəfindən müəyyən edilən tarifin maksimal həddini qoyub – 1 kub metrə görə 0.90 tetri.
Dərc edilib: 24.03.2016