KTMT-də üzvlük Azərbaycana nə vəd edir? – Bakıdan şərh
Rusiyadan yayılan məlumatlara görə, Azərbaycan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına müşahidəçi statusunda qəbul edilə bilər. Bu status və gələcəkdə təşkilata tam hüquqlu üzvlük ölkəyə nə vəd edir? Bunun mənfi və müsbət cəhətləri hansılardır?
- Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb
- Ağrıya necə alışmalı və qorxmamalı: “erməni” xəstəliyi nədir?
- Şərh: Rusiya-Azərbaycan münasibətlərində “bal ayı”
Nə baş verib?
Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament assambleyası Şurasının iclasında qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin. Bunu Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirib. Məlumata görə, təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb.
Onun sözlərinə görə, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Bu da Volodinə görə, “bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə” qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək.
Volodin habelə deyib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.
Kalaşnikovun sözlərinə görə, “hərçənd bu haqda danışmaq qəbul edilməyib”, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.
Politoloqun şərhi
Azərbaycanlı politoloq Şahin Cəfərlinin fikrincə, qeyri-adi heç nə baş vermir.
“9 noyabr bəyanatının imzalandığı gün yazmışdıq ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qoşulması məsələsini qaldıracaq. Bu sənəd, eləcə də onun davamı olan 11 yanvar 2021-ci il tarixli razılaşma həm də Azərbaycanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasının bir növ, yol xəritəsidir.
Təbii ki, tamhüquqlu üzvlük ilk mərhələdə qeyri-mümkündür, çünki hələlik Ermənisanla probemlər çözülməyib, ona görə də “müşahidəçi”, “tərəfdaş” kimi aralıq statuslar gündəmə gətirilir. Kommunikasiyalar açıldıqdan, nəqliyyat əlaqələri bərpa edildikdən (Zəngəzur yolu da daxil olmaqla), sərhəd ixtilafı çözüldükdən və iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistanla eyni hərbi ittifaqda, vahid iqtisadi məkanda təmsil olunmağın önündəki əngəllər qalxmış olacaq”, – deyə, ekspert bildirib.
Ş.Cəfərli qeyd edir ki, bütün bunlar prezident Putinin 2016-cı ildə irəli sürdüyü Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsünün tərkib hissəsidir:
“Rusiyanın ötən il Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamasının təməl səbəbi də budur. Moskva münaqişəni dondurulmuş, bölgəni inteqrasiyaya qapalı “boz ərazi” statusunda saxlamağın artıq onun maraqlarına zərər verməyə başladığının fərqinə vararaq böyük düşünməyə başladı və konflikt yaradıb donduran “oyun pozucu” rolundan “oyun qurucu” roluna keçid etdi.
İndi Avrasiya İqtisadi İttifaqının bazasında təkcə postsovet məkanını əhatə etməyən daha geniş inteqrasiya modeli formalaşdırılmasına start verilib. İranın, Pakistanın, Çinin, Hindistanın da burada iştirakı nəzərdə tutulur. Moskva ümidlidir ki, Türkiyə də bu inteqrativ proseslərə qoşula bilər, Ankaranın Qarabağ məsələsinin həllinə qismən cəlb olunması da bununla əlaqədardır.
Britaniyanın bu prosesi (Avrasiya inteqrasiyasını) dəstəklədiyinə dair fikirlərin əsası yoxdur. Əksinə, anqlo-sakson ittifaqı və onların liderliyindəki NATO-nun Əfqanıstandan çəkilməsi Çin və Rusiya ətrafında qeyri-sabitlik və xaos zolağı yaratma, onlar üçün maliyətləri artırma (oyun pozucu) niyyətinə xidmət edir”.
Hansı nəticəni gözləmək olar?
“Bu prosesin bizim üçün müsbət tərəfi odur ki, Rusiya işğaldakı ərazilərin böyük hissəsini geri qaytarmağımıza şərait yaratdı. Xankəndi və çevrəsini isə girov kimi əlində saxlayır ki, birdən tərəflərdən biri cızılan çərçivənin xaricinə çıxmaq istəsə, ona qarşı istifadə etsin. İstisna deyil ki, son atəşkəs pozuntusu siyasi xarakter daşıyır və Bakıya xəbərdarlıq, yaxud xatırlatma məqsədli siqnaldır.
Prosesin mənfi tərəfi isə odur ki, Azərbaycan yenidən Moskvanın orbitinə qayıdır. (Bunu neqativ qiymətləndirməyim subyektiv qənaətimdir, çünki ölkəmizdə Rusiya ilə dərin inteqrasiyanı dəstəkləyənlər də var.) Çin totalitarizmi və Rusiya avtokratiya modelinin hegemon olduğu Avrasiya coğrafiyası və dəyərlər sisteminə inteqrasiya o deməkdir ki, nə vaxtsa ölkəmizdə hüquq və azadlıqlara əsaslanan demokratik sistem qurmaq əvvəlkindən daha çətin bir vəzifəyə çevrilə bilər”, – politoloq sözlərini yekunlaşdırıb.