Rusiya Federasiyası prezidentinin köməkçisi Vladislav Surkov Sxinvalda olub, respublika rəhbərliyi ilə görüşüb, yaxın zamanda istifadəyə veriləcək uşaq xəstəxanasının və teatrın binalarına baxıb.
Cənubi Osetiya prezidenti Leonid Tibilovla görüşdə Surkov onun siyasətini və atdığı addımları birmənalı olaraq dəstəklədiyini bildirib.
“Mən əvvəlki hakimiyyətdən sizə qalan mirası görmüşdüm, burada çiçəklənən məsuliyyətsizlik və qeyri-peşəkarlıq məni heyrətləndirirdi”, – Eduard Kokoytının prezidentlik dövrünü (2001-2011) nəzərdə tutaraq Surkov bildirib. Kokoytı 2017-ci il aprelin 9-da baş tutacaq prezident seçkilərində öz namizədliyini irəli sürüb.
Surkov hesab edir ki, bu gün situasiya kökündən dəyişib və Rusiyada Cənubi Osetiya üçün ayrılan vəsaitin “lazım olduğu kimi xərcləndiyindən, insanların dəstəklənməsinə, onların həyat səviyyəsinin yaxşılaşdırılmasına sərf olunmasından”, həmçinin respublika hakimiyyətinin “pulların israfına yol vermədiyindən” razıdırlar.
“Ağır iqtisadi vəziyyətə [Rusiyada – red.] baxmayaraq, Cənubi Osetiya üçün istisna edilir və Rusiyanın respublikaya maddi yardımı artır” , – Vladislav Surkov bildirib.
JAMnews-un şərhi
Bir çox ekspertlərin fikrincə, Cənubi Osetiyanın hazırkı prezidenti Leonid Tibilovun ünvanına açıq tərif və Eduard Kokoytının tənqidi 2017-ci il aprelin 9-da baş tutacaq prezident seçkilərində Kremlin birmənalı olaraq Tibilovun namizədliyini dəstəklədiyini göstərir. Hazırkı prezidentdən başqa parlamentin spikeri Anatoli Bibilov və keçmiş prezident Eduard Kokoytı öz namizədliklərini irəli sürmək niyyətindədirlər.
Vladislav Surkov Rusiya siyasətinin veteranlarından biridir və bir çox ekspertlərin rəyincə, Moskvadakı ən nüfuzlu şəxslərin sırasına daxildir. 2013-cü ildə o, Rusiya Federasiyası prezidentinin köməkçisi vəzifəsinə təyin edilib, Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlərə, həmçinin maliyyə yardımı məsələsinə görə cavabdehdir. Bir qisim ekspert arasında yayılmış rəyə görə, Surkov eyni zamanda qeyri-rəsmi olaraq Ukrayna, tanınmamış DXR və LXR münasibətdə Rusiyanın siyasətini kurasiya edir.
Surkov Ukraynadakı böhranda əli olan siyasətçi kimi Avropa İttifaqı tərəfindən Aİ ölkələrinə girişi qadağan olunmuş şəxslərin siyahısına daxil edilib.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeliyə üst-üstə düşməyə bilər.