Korrupsiya millətçilik və populizmin populyarlaşmasının əsas səbəblərindən biridir, bu haqda “Transparency International Beynəlxalq Təşkilatının Avropa və Mərkəzi Asiya ölkələrinə həsr olunan yeni hesabatında deyilir.
Bu regionların 42 ölkəsindən 60 000 adamın iştirak etdiyi sorğunun nəticələrinə görə, hər üçüncü sorğu iştirakçısı korrupsiyanı ölkəsinin ən ciddi problemlərindən biri sayır. Moldova, Kosovo və İspaniyada sorğu iştirakçılarının üçdə bir hissəsi bu fikirdədir.
53 faiz respondent hökumətlərinin bu halla mübarizəsindən narazıdır. Öz vətəndaşlarından ən pis qiyməti Ukrayna (86 faiz narazı), Moldova (84), Bosniya və Herseqovina (82) və İspaniya (80) hökumətləri alıb.
Orta hesabla hər üçüncü ailə dövlət xidmətlərindən yararlanmaq üçün rüşvət verməli olub, amma bu məlumatlar regionlar üzrə kəskin şəkildə bir-birindən fərqlənir – şərqə doğru uzaqlaşdıqca göstərici daha da pisləşir. Aİ-yə üzv ölkələr arasında ən böyük korrupsiya göstəriciləri Rumıniya (38 faiz) və Litvadadır (24). Qalanları arasında lider mövqeləri Tacikistan (50), Moldova (42), Azərbaycan, Qırğızıstan və Ukrayna (hərəsində 38 faiz) tutur.
Post-sosialist ölkələrində ümumi korrupsiya reytinqi aşağıdakı kimidir:
50% – Tacikistan 42% – Moldova 38% – Qırğızıstan 38% – Azərbaycan 38% – Ukrayna 34% – Albaniya 34% – Rusiya 29% – Qazaxıstan 29% – Rumıniya 27% – Bosniya və Herseqovina 24% – Litva 24% – Ermənistan 22% – Serbiya 22% – Macarıstan 20% – Belarus 18% – Özbəkistan 17% – Bolqarıstan 16% – Monteneqro 15% – Latviya 12% – KYR Makedoniya 12% – Slovakiya 10% – Kosovo 10% – Xorvatiya 9% – Çexiya 7% – Gürcüstan 7% – Polşa 5% – Estoniya 3% – Sloveniya
“… Korrupsiya içində olan elita və oliqarxları aradan qaldırmaq çətindir. Amma insanlar birləşib, öz rəhbərlərindən daha yüksək standartlara cavab verməyi, onlara nəzarət etməli olan məhkəmə sistemindən isə daha çox müstəqillik tələb edəndə bunun mümkün olduğunu görmüşük, – “Transparency International təşkilatının sədri Xose Yuqaz deyir.
“Transparency International tərəfindən korrupsiya ilə mübarizə üçün irəli sürülən 4 əsas tövsiyə:
· Lobbiçilərin fəaliyyətinin şəffafləğını təmin edəcək qanunlar
· Məhkəmə sisteminin müstəqilliyinin möhkəmləndirilməsi, icra hakimiyyətinin ona təsirinin azaldılması
· Xəbər çatdıranların qanunvericilik səviyyəsində mühafizəsi
· Korrupsiya halları ilə bağlı istənilən məlumata davamlı reaksiya