Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı: Əlavə qadağalar qüvvəyə minəcək
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah ölkə ərazisində tətbiq ediləcək yeni qadağalar haqqında məlumat yayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.
Bundan başqa:
– Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;
– Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;
– 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;
– 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;
-2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.
Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.
Operativ qərargahın bu gün açıqlanan məlumatına görə, Azərbaycanda koronavirusa (COVID-19) 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 23 nəfər COVID-19-dan vəfat edib.
Ümumi ölənlərin sayı 1053 nəfərdir. Ümumi yoluxanların sayı 83994 nəfər, ümumi sağalanların sayı 59465 nəfərdir.