Kondoliza Rays: “Biz Saakaşvili ilə danışmışdıq ki, ruslar Gürcüstana soxula bilər, amma siz cavab verməməlisiz”
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays JAMnews-un media tərəfdaşı Hromadske-yə verdiyi eksklüziv müsahibəsində 2008-ci il Rusiya-Gürcüstan müharibəsi, o cümlədəndə 2008-ci ilin iyulunda –müharibə başlamazdan az əvvəl Gürcüstana səfərini xatırlayır.
“Biz o vaxt prezident Saakaşviliyə demişdik ki, ruslar sizin ölkənizə soxulmağa çalışacaqlar, buna cavab verməyin, bunu eləməyin, çünki heç kim sizi heç bir şəraitdə qoruya bilməyəcək. Və təəssüf ki, onda sülhməramlılar arasında atışma baş verdi, bu da rusiyalılar üçün atdıqları addıma bəraət oldu”, – Kondoliza Rays deyib.
Onun sözlərinə görə, “gürcülər kazarmada qalmalı idilər”, amma bu baş vermədi.
“Mən gürcüləri baş verənlərə görə qınamıram. Amma Birləşmiş Ştatlar bütün bunların qarşısını almaq üçün heç nə edə bilməzdi. Artıq hər şey baş verəndən sonra isə ABŞ mümkün olan qədər cəld hərəkət etməyə çalışdı, o cümlədən də Gürcüstana milyard dollar maliyyə yardımı etdi”, – keçmiş dövlət katibi deyib.
O, rusiyalı həmkarı Sergey Lavrovla həmçinin əməliyyatların bitirlməsi şərtləri haqda telefon danışığını da xatırlayıb. Raysın sözlərinə görə, digər tələblərlə yanaşı – Gürcüstan qoşunlarının kazarmalara qaytarılması və atəşkəs haqda sazişin imzalanması – Rusiya Mixail Saakaşvilinin istefasını da tələb edib.
“Mən dedim ki, Sergey, ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri bir ölkənin demokratik yolla seçilən liderinin devrilməsi haqda danışıq apara bilməz. Buna görə də bu gün nahardan sonra mənim BMT-dəki səfirim bu xəbəri BMT Təhlükəsizlik Şurasında açıqlayacaq ki, onların müharibəni bitirmək üçün şərtləri Saakaşvilinin vəzifəsindən uzaqlaşdırılmasıdır” – Rays danışıb. – “O dedi: “Sən bunu edə bilməzsən”. Mən də dedim: “Yox, edə bilərəm. Mən özüm bütün hamıya zəng vuracam – britaniyalılara, fransızlara, polyaklara, çexlərə – hamıya düzünü deyəcəm”. Elə belə də elədim”.
Kondoliza Rays 2005-ci ildən 2009-cu ilə qədər prezident Corc Buş zamanında ABŞ-ın dövlət katibi vəzifəsini tutub.