Kompromatla şantaj, yoxsa katolikos üçün “mesaj”? Paşinyanın sosial şəbəkə paylaşımları haqqında
Paşinyan kilsə haqqında
Ermənistan hökuməti ilə kilsə arasındakı münasibətlər yenidən gərginləşib. Artıq bir neçə gündür sosial şəbəkələrdə baş nazir Nikol Paşinyanın paylaşımları fəal müzakirə olunur. O, kilsə və din xadimlərini tənqid edərək hətta nalayiq ifadələrdən istifadə edib.
Baş nazirin Facebook-dakı ilk paylaşımına reaksiyada onun səhifəsinin sındırıldığı düşünülürdü, çünki paylaşım çox gözlənilməz idi. Lakin sonrakı digər eyni məzmunlu paylaşımlar Paşinyanın müəllifliyinə əmin etdi.
Sosial şəbəkə istifadəçiləri paylaşımları fəal şəkildə şərh etməyə başladı. Bəziləri baş nazirin fikrini dəstəkləsə də, lakin çoxluq dövlət rəhbərinin belə ifadələrdən istifadə etməsini qəbuledilməz hesab etdi. Bəzi istifadəçilər hətta baş nazirə həyat yoldaşı Anna Akopyanın başladığı “Təhsil almaq dəbdədir” kampaniyasını xatırladaraq “Budur, sənin dəbə uyğun təhsilin” deyə ironiya etdilər.
Amma tənqidi reaksiyalar Paşinyanı dayandırmayıb. Sonda o yazıb ki, Ermənistan Respublikası bütün ermənilərin Katolikosunun seçilməsində qərarverici səsə malik olmalıdır. Namizədlər isə, onun fikrincə, səmimiyyət və dürüstlük yoxlamasından keçməlidirlər.
“Söhbət hansısa tanınmayan və ya dini dəyərlərə hörmətsizlik edən din xadiminə qarşı şantajdan getmir. Bu, Ermənistan Apostol Kilsəsinin ali rəhbərliyinə — katolikosuna mesajdır,” — deyə siyasi icmalçı Akop Badalyan bildirib.
O, istisna etmir ki, baş nazir katolikosun seçilməsində qərarverici səsin əldə edilməsini seçkiöncəsi “vəd” və ya hətta “nailiyyət”ə çevirə bilər.
Hakimiyyətlə kilsə arasındakı gərginlik 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra başladı. O vaxt bütün ermənilərin katolikosu II Garegin Paşinyanın istefası tələbinə qoşuldu.
Baş nazirin paylaşımlar seriyasından əvvəl hökumətin iclası keçirilmişdi və o, orada kilsənin “anbarlaşdığını” və lazımsız əşyaların saxlandığı yerə çevrildiyini bildirmişdi. Kilsənin “anbara” bənzədilməsi din xadimlərini qəzəbləndirmişdi. Üçkilsə kafedralının katibi bildirib ki, “yüksək vəzifə tutan rəhbər ‘dəb hesab olunan’ təhsilin çatışmazlığını nümayiş etdirmədən bacarmadı”. Quqark kilsəsinin başçısı baş nazirə “ölkənin əsas qəzəbli adamı” deyib, Syunik kilsəsinin başçısı isə belə ifadələrin “cəmiyyətdə müqəddəs anlayışları dəyərsizləşdirdiyini” açıqlayıb.
Bütün təfərrüatlar, habelə sosial şəbəkələrdən şərhlər və ekspertlərin mövqeyi
- Paşinyanın reytinqi düşməkdə davam edir: CRRC-nin sorğusuna əsasən ona cəmi 15% respondent etibar edir
- Gümrü sakinləri Paşinyandan “üz döndərib?” – Ermənistanın bələdiyyə seçkiləri haqqında
- Sülh sazişi hələ imzalanmayıb, atəşkəs pozuntuları isə davam edir – İNFOQRAFİKA
“Katolikosun seçilməsi məsələsində həlledici səs hüququ” — Paşinyanın əsas bəyanatı
“Zati-aliləri, sən əminin arvadını s**məyə davam et. Sənin mənimlə nə işin var?” — 30 iyun səhəri baş nazir öz Facebook səhifəsində belə yazıb.
Paşinyanın bu sözlərlə konkret olaraq hansı din xadiminə müraciət etdiyi isə məlum deyil.
Bu paylaşmadan sonra o, kilsə xidmətçilərinə qarşı daha bir neçə tənqidi status yazıb. Əvvəlcə Nikol Paşinyan yüksək rütbəli din xadimləri arasında selibat əhdinə sadiq qalanların sayının müəyyənləşdirilməsini təklif edib.
“Bəs məlum olanda ki, din xadimi selibat əhdini [bu termin nikahsızlıq və cinsi əlaqədən çəkinmək andını bildirir] pozub, nə baş verir? O, vəzifəsindən, rütbəsindən və dini məqamından məhrum edilir. Əxlaqi baxımdan hansı daha dürüstdür: könüllü şəkildə istefa vermək, yoxsa ‘birdən araşdırma başlanar, birdən həqiqət üzə çıxar’ düşüncəsi ilə əzab çəkmək?” — deyə baş nazir yazıb.
Onun fikrincə, selibat əhdini pozan bütün din xadimləri dini fəaliyyətdən getməlidirlər, çünki “xalqın Kilsəyə, mənəvi və əxlaqi dəyərlərə sahib olmaq haqqı var”.
Daha sonra Paşinyan erməni patriarxının seçilməsi məsələsinə toxundu:
“Ermənistan Respublikası bütün ermənilərin Katolikosunun seçilməsində həlledici səsə sahib olmalıdır. Katolikos vəzifəsinə namizədlər dürüstlük yoxlamasından keçməlidirlər. Bu məsələ birdəfəlik və həmişəlik həll olunmalıdır”.
“Anbar” sözünə görə dəli olublar” – baş nazirin həyat yoldaşı
Paşinyanın paylaşmaları ilə yanaşı, onun həyat yoldaşı Anna Akopyanın səhifəsində də təhqiramiz paylaşımlar yayılmağa başlayıb. O, katolikosu “ölkənin əsas mafiya başçısı” adlandırıb.
“Ölkənin əsas pedofilləri ‘anbar’ sözünə görə dəliyə döndülər. Əlbəttə, belə də olmalı idi, axı anbarlar qara cübbəli dəlilərin həyatındakı qaranlıq künclərdir. Pozğunluqlar məhz oralarda baş verir,” – deyə o yazıb.
Akopyan baş naziri tənqid edənlərin paylaşımlarını da öz səhifəsində dərc edir və onları ictimai qınağa məruz qoyurdu. O, 10-dan çox QHT-nin qoşulduğu Qadın Resurs Mərkəzinin aşağıdakı bəyanatına da münasibət bildirmişdi:
“Qadına qarşı təhqiramiz və qadınlara nifrət aşılayan cinsi xarakterli ifadələr siyasi kontekstdən və məqsəddən asılı olmayaraq xüsusilə də ölkənin ən yüksək vəzifəli şəxsi tərəfindən deyildikdə yolverilməzdir.”
Hüquq müdafiə təşkilatları baş naziri bu paylaşımı silməyə, eləcə də din xadiminin güman edilən sevgilisi haqqında məlumat yaymasına və diskriminasiyaedici açıqlamasına görə ictimai şəkildə üzr istəməyə çağırmışdılar.
“Bəzilərinin gözləri açılıb, nə deyim, alqışlanasıdır. Hətta şəxsiyyəti məlum olmayan bir qadını müdafiə etdikləri bu bəyanata görə belə, alqışlanasıdır”, – deyə Akopyan yazıb.
Bununla belə, o vurğulayıb ki, həmin təşkilatlar son 7 ildə Paşinyanın siyasi rəqibləri tərəfindən ona qarşı təşkil edilən gender əsaslı alçaldıcı kampaniyaları görməyiblər. O, əminliklə bildirib ki, görməyə bilməzdilər, sadəcə özləri də “siyasi rəqibdirlər”.
Eyni zamanda baş nazirin xanımı “Təhsil almaq dəbdədir” hərəkatı çərçivəsində “Effektiv kommunikasiya və nəzakət bacarıqlarının təşviqi üzrə Komissiya”nın yaradıldığını elan edib. İncəsənət və mədəniyyət xadimlərini əməkdaşlığa çağırıb.
“Görünür, Paşinyan özünü avtokrat elan etmək qərarına gəlib” — arxiyepiskop Baqrat Qalstanyan
Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bəyan edib ki, bütün ermənilərin Katolikosu İsveçrədə Dağlıq Qarabağa həsr olunmuş beynəlxalq konfransda iştirak etdiyi günlərdə Paşinyanın fəallığını təsadüfi hesab etmir.
Bütün ermənilərin Katolikosunun təşəbbüsü ilə İsveçrədə Dünya Kilsələr Şurası “Dini azadlıq: Artsaxda erməni dini, mədəni və tarixi irsinin qorunması” mövzusunda beynəlxalq konfrans təşkil edib.
O bildirib ki, hücumların səbəbi hamıya aydındır: kilsə erməni kimliyi və dəyərlərini qorumaq üçün son qaladır.
“Kilsənin hədəf seçilməsi o deməkdir ki, hakimiyyət artıq tərəfdarlarını razı salmaq üçün mümkün variantları tükədib. İndi isə bu cür yollarla onlara xoş gəlməyə çalışır”, — deyə arxiyepiskop bildirib.
Din xadiminə görə, küçə mübarizəsi ilə hakimiyyətə gəlmiş inqilabi komanda hələ də “küçədə qalıb”, tutduğu vəzifənin məsuliyyətini və necə davranmalı olduğunu dərk etmir.
2024-cü ildə Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan özü küçə mübarizəsinə başlayıb. O, “Vətən naminə Tavuş” müxalifət hərəkatına rəhbərlik edirdi. Başlanğıcda hərəkat Azərbaycanla sərhədin demarkasiyasına qarşı olduğunu bəyan edirdi. Lakin çox keçmədən əsas tələb baş nazirin istefası oldu. Bir müddət sonra hərəkat üzvləri baş nazir postu üçün namizədin arxiyepiskop Baqrat Qalstanyan olduğunu elan etdilər. Tavuş-Qazax Ermənistan-Azərbaycan sərhədində demarkasiya prosesi ilə paralel olaraq hərəkat zəifləməyə başladı.
Qalstanyan baş nazirin həyat yoldaşının paylaşımlarını da şərh edib:
“Mən ruhani qardaşlarımdan, Üçkilsə Kafedralından xahiş edirəm və çağırıram ki, bu şəxslərə qarşı məhkəmə prosesi başlatsınlar. Onların tərəfdən pedofiliya ittihamı səsləndirilib.”
Arxiyepiskopun sözlərinə görə, Paşinyan avtokrat olmağa, həm kilsənin, həm dövlətin başında durmağa qərar verib.
Sosial şəbəkələrdə gələn şərhlər
Dövlətin katolikosun seçilməsində iştirakı haqqında
“Əlbəttə, onun getməsinin və xalqın hörmət edəcəyi, həqiqi ruhani lider olacaq yeni katolikosun gəlməsinin vaxtı çatıb.”
“Ermənistan dünyəvi dövlətdir, teokratiya deyil. Dövlət dini işlərə müdaxilə etməməlidir, eləcə də kilsə siyasətlə məşğul olmamalıdır.”
“Yalnız ağılsız və iman etməyən şəxs düşünə bilər ki, dövlət bütün ermənilərin katolikosunun kim olacağına qərar verməlidir. Bu yalnız təhlükəli yanılma deyil, həm də kilsəmizə, tariximizə və dini kimliyimizə tam hörmətsizlikdir. Kilsə siyasi qurum deyil.”
Təhqiredici ifadələr yer alan paylaşım haqqında
“Ayıbdır. Ölkə rəhbəri belə davranmamalıdır. Cənab baş nazir, sizi çoxlu yeniyetmələr izləyir. Və sizin hər bir düşünülməmiş sözünüz ölkənin reytinqinə təsir edir.”
“Sizi seçən insanlara azacıq da olsa, hörmət edin. İşlə məşğul olun. Dünyaya bizi biabır etməkdən əl çəkin.”
“Cənab Paşinyan, niyə bir dəfə də olsun, gəncliyimizin bütün bir nəslini məhv edən azərbaycanlılara və Əliyevə qarşı belə söyüş etmirsiniz? Vətənimizin cənnət guşəsini əlimizdən alanlara qarşı etmirsiniz. Sizi və xalqınızı müxtəlif platformalarda alçaldan, ələ salanlara qarşı etmirsiniz.”
“Təəssüf ki, bəlkə də bu, yaxınlaşan faciədən, tezliklə başımıza gələcək hadisədən diqqəti yayındıran növbəti addımdır. Biz sınaq meydanına çevrilmişik. Üzərimizdə müxtəlif siyasi texnologiyalar tətbiq olunur.”
Analitiklərin fikri
Siyasi icmalçı Akop Badalyanın sözlərinə görə, Paşinyan faktiki olaraq din xadimlərinin həyatının araşdırılacağını elan edir. O, onların həyatından “xoşagəlməz təfərrüatların” üzə çıxa biləcəyini ehtimal edir.
“Bəlkə də bu, din xadimlərinə mövcud kompromat barədə xəbərdarlıqdır. Seçki ilində siyasi hakimiyyət kilsə rəhbərliyi ilə qarşıdurmanı yeni səviyyəyə qaldırır. Əslində söhbət kompromatların səviyyəsindən gedir,” — Badalyan öz teleqram kanalında yazıb.
O düşünür ki, bu proses 2026-cı il seçkilərinin astanasında Ermənistan cəmiyyətinin “kütləvi səhnələşdirmələrə” və ya əvvəllər olduğundan daha amansız daxili mübarizəyə şahidi olacağına işarədir.
Siyasi ekspert Suren Surenyants isə Ermənistan Konstitusiyasının 17-ci və 18-ci maddələrini xatırladır, hansı ki, kilsənin statusunu və dövlət ilə kilsənin ayrılma prinsipini təsbit edir.
“Paşinyanın bəyanatları [katolikos seçkilərində iştirakı və namizədlərin etibarlılıq yoxlaması ilə bağlı] konstitusion və hüquqi əsaslara malik deyil. Onlar həm siyasi, həm də hüquqi baxımdan son dərəcə təhlükəlidir,” — o hesab edir.
Eyni zamanda, analitik kilsəni də islahatlar barədə düşünməyə və öz sosial və sivilizasiya missiyasını effektiv həyata keçirməyə çağırır:
“Paşinyanı və onun mümkün xarici himayədarlarını mexaniki tənqidlə “qidalandırmağa” ehtiyac yoxdur. Bunun əvəzinə, cəmiyyəti birləşdirə biləcək məzmun təklif etmək lazımdır və Paşinyanı bu prosesdən kənarda saxlamaq lazımdır”.
Azərbaycan üzrə ekspert Tatevik Ayrapetyanın fikrincə, cəmiyyət kilsəyə qarşı «xuliqan kampaniyasının» şahidi olub.
O, bu kampaniyanın Bakıdan gələn və erməni kilsəsinə və xristian inancına nifrət və düşmənçilik ehtiva edən bəyanatlarla səsləşməsini təsadüfi saymır. Qeyd edir ki, Ermənistan Apostol Kilsəsi Azərbaycana xarici səviyyədə ciddi problemlər yaratmağı bacarır. Xüsusilə, Dağlıq Qarabağda erməni irsinin məhv edilməsinin məsələsini qaldırır. Onun sözlərinə görə, Bakıda gərginlik yaradan məsələlərdən biri də erməni kilsəsinin orada saxlanılan əsirlərlə bağlı səsləndirdiyi yüksək səsli bəyanatlardır.
“Azərbaycan tərəfi indi xristianlığa qarşı heç bir düşmənçiliyi olmadığını göstərmək üçün böyük resurslar xərcləyir. Amma bu, onlara çox da alınmır. Buna görə də mövzuya yerli kollaborant qoşulur. Onun məqsədi — bir tərəfdən erməni cəmiyyətində nifrətin növbəti dozasını artırmaq, digər tərəfdən isə kilsəyə və onun xidmətçilərinə xarici səviyyələrdə zərbə vurmaqdır”, — o vurğulayıb.
Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan hesab edir ki, Paşinyanı «bu ruhi vəziyyətə və ucuz leksikaya» gətirən səbəb hakim partiyanın son reytinq göstəriciləridir.
O, xüsusilə “Qafqaz barometri” illik araşdırmasının nəticələrini nəzərdə tutur. Bu sosial sorğuya görə, ölkə əhalisinin 71%-i Ermənistan Apostol Kilsəsinə güvənir. Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” partiyasını isə cəmi 17% dəstəkləyir.
Tatoyan düşünür ki, Paşinyan cəmiyyətdə etimadı etimadı itirdiyini və ölkənin idarəçiliyində uğursuzluğa düçar olduğunu qəbul edə bilmir. Onun fikrincə, hakim komanda səlahiyyətlərini saxlamaq üçün Azərbaycanın maraqları istiqamətində hərəkət edir.
“Baş nazir statusundan sui-istifadə edən “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri katolikosun seçilməsi məsələsində hökumətin konstitusiyaya zidd müdaxiləsindən və erməni kilsəsini qanunsuz ələ keçirmək niyyətlərindən danışır”, — deyə Tatoyan vurğulayır.
O, “teatr tamaşasının tamaşaçıları” olmamağa və nifrət təbliğatını rədd etməyə çağırır.
Paşinyan kilsə haqqında
Azərbaycanda xəbərlər