Mixail Saakaşvili Ukraynadan çıxarılıb. İndi o Polşadadır
Paylaşmaq
Paylaşmaq
Mixail Saakaşvili Kiyevdə “Suluquni” restoranında nahar edərkən Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Şahidlərin sözlərinə görə, hərbi geyimli adamlar restorana soxulublar. Onlar hadisə yerinə dörd mikroavtobusda gəliblər. Saxlanılandan sonra ilk saatlarda Saakaşvilinin harada olması haqda heç nə məlum deyildi. Ukraynanın hakimiyyət nümayəndələri heç bir konkret bəyanat vermirdi.
Daha sonra məlum olub ki, Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni Qüvvələrin Hərəkatı” müxalif partiyasının lideri “Borispol” aeroportuna aparılıb, oradan isə özəl təyyarə ilə Polşaya göndərilib. Ukraynanın Sərhəd Xidməti təsdiqləyib ki, Saakaşvili ötən ilin sentyabrında ərazisindən Ukraynaya gəldiyi Polşaya geri göndərilib.
Bu fakt Polşanın Sərhəd Xidməti tərəfindən də təsdiqlənib. Polşanın müvafiq qurumunun saytında dərc olunan bəyanatda deyilir ki, Polşa Gürcüstanın keçmiş prezidentini öz ərazisində qəbul edib:
“Ukrayna Miqrasiya Xidmətinin təqdim etdiyi readmissiya haqda bəyanat bu qərar üçün əsas olub. Ukrayna tərəfinin bəyanatına baxılarkən Mixail Saakaşvilinin həyat yoldaşının Aİ dövlətinin vətəndaşı olduğu faktı da rol oynayıb”, – Polşa Sərhəd Xidmətinin bəyanatında deyilir.
Polşaya çatan kimi “Rustavi-2” telekanalı Saakaşvili ilə əlaqə saxlayıb.
“Baş verənlər kəskin təlaş ifadəsidir. Onlar məndən qorxduqları kimi heç kimdən qorxmurlar”, – Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib. Onun sözlərnə görə, Kiyevdən onu silah tətbiq etmək təhdidi ilə oğurlayıblar. O bildirib ki, Polşa tərəfi onu isti qarşılayıb. “Məni görmək üçün deputatlar gəlmişdi. Dövlət mühafizəsi ilə təmin etdilər, çox isti qarşıladılar”, – Saakaşvili bildirib.