Kiyev məhkəməsi Mixail Saakaşvilini azad edib
Kiyev şəhəri Peçorski rayonunun məhkəməsi dekabrın 11-də axşam saatlarında prokurorluğun Mixail Saakaşvilinin ev həbsinə salınması haqda vəsatətini təmin etməyib. Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru məhkəmə zalındanca azadlığa buraxılıb. Azad ediləndən dərhal sonra o bildirib ki, bu qərar Ukrayna xalqının nailiyyətidir. Saakaşvili dəstəyə görə öz ailəsinə və tərəfdarlarına minnətdarlığını bildirib.
İclas açıq keçirilib və Ukrayna telekanalları ilə yayımlanıb.
Mixail Saakaşvili dekabrın 8-də cinayətkar dəstə iştirakçıları ilə əlbir olmaqda və dövlət maraqlarının ziyanına cinayətkar fəaliyyətə dəstək verməkdə ittiham edilərək saxlanılıb (ikinci cəhddən). İstintaqın versiyasına görə, Saakaşvili öz etiraz aksiyaları üçün hazırda axtarışda olan və Rusiyada gizlənən keçmiş prezident Yanukoviçə yaxın bir biznesmendən maliyyə alırmış.
Gün ərzində məhkəmədə nə baş verirdi?
Prosesdə prokuror bildirib ki, ittiham tərəfi Saakaşvilinin təhlükəsizliyi baxımından ev həbsinə salınmasını istəyir – guya Rusiyanın xüsusi xidmət orqanları Saakaşvilini və işdə adı gedən digər şəxsi – Danqadzeni “məhv etməyə” cəhd göstərə bilərlər.
Prokurorun sözlərinə görə, ev həbsi ittiham olunana qarşı o zaman tətbiq edilir ki, onu həbsxana məhkumluğu gözləsin. Siyasətçinin ittiham olunduğu maddə isə 5 ilə qədər həbs cəzası nəzərdə tutur.
“Putin indi gülür. Qəşş eləməkdən yerlərdə yuvarlanır rəsmən!” – Saakaşvili prosesdə deyib. – “Əgər FTX agentiyəmsə, o zaman məni Moskvaya təhvil verməlidirlər. Putin isə məni Cənubi Osetiya kəşfiyyatına təhvil verəcək”.
Saakaşvilinin sözlərinə görə, istintaq təcridxanasının kamerasında ona yalnız içməli su və dəftər veriblər. O, həmçinin bildirib ki, onu ukraynalı jurnalist Qriqori Qonqadzenin qatilinin saxlanıldığı 13 saylı kameraya salıblar.
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Saakaşvilini dəstəkləmək üçün məhkəməyə gəlib və jurnalistlərə bildirib ki, bu məhkəmə Saakaşvili ilə “haqq-hesab çürüdülməsidir”. “Poroşenko bununla Ukraynanı biabır edir. Bütün bu biabırçılığı təşkil edənlər cəzalanacaqlar”, – o deyib.
Timoşenko Saakaşviliyə zamin durmağa hazır olduğunu da bəyan edib. Bu haqda Ali Radanın deputatı Alyona Şkrum Facebook səhifəsində yazıb.
Məhkəmə iclasının xronikası
Mixail Saakaşvili Kiyevin Peçorski məhkəməsinə Kiyev saatı ilə səhər doqquzda gətirilib.
Prosesdə Saakaşvili bəyan edib ki, o, oliqarx rejiminin qurbanıdır.
Məhkəmə zalında Saakaşvili Ukrayna və Gürcüstanın himnlərini oxuyub.
Saakaşvilinin üç vəkili var.
Məhkəmə iclasında Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs da iştirak edib.
Əvvəlcə məhkəmə zalında Saakaşvili şüşə boksda oturmalı olub. Amma məhkəmə vəkillərin vəsatətini təmin edib və siyasətçini boksdan çıxarıblar.
Yuliya Timoşenko da məhkəmə zalında olub. O, Saakaşvilinin yanında oturub.
İclasda fasilə veriləndə onlar söhbət ediblər. “Mənim aclığım 28 gün davam edib”, – Timoşenko Saakaşviliyə deyib. “Mənimki hələ dörd gündür”, – Saakaşvili cavab verib.
Saakaşvilinin vəkilləri iclası daha geniş məkanda keçirməyi xahiş ediblər. Məhkəmə bu tələbi təmin etməyib. “Peçorski məhkəməsinin binasında daha böyük zal yoxdur”, – hakim bildirib.
Keçmiş Ukrayna prezidenti Viiktor Yanukoviçə bənzəyən kuklanın üzərində plakat var: “Petro, çamadanını topla, yalla Rostova!”
Məhkəmə zalı Milli Qvardiya tərəfindən qorunur.
- Saakaşvili Ukraynanın dövlət maraqları əleyhinə cinayətkar dəstə ilə əməkdaşlıqda ittiham olunurdu. Ukraynanın baş prokuroru Yuri Lutsenko özünün deməsinə görə, Saakaşvilinin Sergey Kurçenkodan ən azı 300 min dollar aldığını sübut edən səs yazısı və video təqdim edib. Kurçenko Ukraynada qalmaqallı biznesmen kimi tanınır, keçmiş prezident Viktor Yanukoviçin tərəfdarıdır, Ukrayna hakimiyyəti tərəfindən axtarışa verilib. O, Rusiyada gizlənir.
- Saakaşvili ilk dəfə Ukrayna hüquq-mühafizə xidmətləri tərəfindən dekabrın beşində saxlanılmışdı. Odessanın keçmiş qubernatorunun tərəfdarları həmin gün onu azad etməyə müvəffəq olmuşdu.
- Mixail Saakaşvili dekabrın doqquzunda təkrar saxlanıldı. İki sutka istintaq təcridxanasında qaldı. Ukrayna prokurorluğunun ona qarşı irəli sürdüyü ittihamı qəbul etmədi. Saxlandığı andan aclıq elan edib.