Kiyev aeroportunda azərbaycanlı siyasi mühacir jurnalist saxlanılıb
Azərbaycanlı müxalif jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin “Borispol” aeroportunda Azərbaycan hüquq-mühafizə orqanlarının İnterpola ünvanlandığı sorğu nəticəsində saxlanılıb.
Hüseynli səhər Düsseldorfa uçuş ərəfəsində saxlanılıb. Sərhəd kontrolu zamanı ona izah ediblər ki, onun haqqında İnterpol xətti ilə axtarış elan olunub.
Hüseynli saxlanılmazdan əvvəl Facebook səhifəsində bunları yazmağa macal tapıb: “Məni aeroportda Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham edərək həbs etdilər”.
Az sonra jurnalist aeroport polisinə təhvil verilib. Ukraynada yaşayan azərbaycanlı fəal Yalçın Qəhrəman Hüseynli ilə aeroportun polis şöbəsində görüşüb. Hüseynliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 318-ci (sərhədi qanunsuz keçmək) maddələri ilə ittiham irəli sürülüb, – “Kavkazskiy uzel” xəbər yayıb.
Qəhrəman əlavə edib ki, Hüseynli Kiyevdə olduğu müddətdə izləndiyini hiss edib.
Oktyabrın 16-da Ukraynanın Borispol məhkəməsi Hüseynlinin işinə baxacaq, o zamana qədər isə o həbsdə qalacaq, Qəhrəmanlı bildirib.
“Qanuni yolla məni Azərbaycana təhvil vermək mümkün deyil. Amma belə bir təəssürat var ki, Əfqan Muxtarlı kimi məni də qanunsuz olaraq oğurlayıb Azərbaycana təhvil vermək istəyirlər. Azərbaycanın Ukraynadakı səfirliyinin bir neçə əməkdaşı buradadır. Amma onlardan heç biri mənimlə ünsiyyətə girmir”, – “Azadlıq Radiosu” Hüseynliyə istinadən məlumat verir.
- Müxalif “Azadlıq” qəzetinin əməkdaşı olan Fikrət Hüseynli 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində üzü maskalı naməlum şəxslər tərəfindən döyülmüşdü. “Azadlıq” qəzeti o zaman bildirmişdi ki, bu hücum jurnalistin Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bağlı hazırladığı tənqidi materiallarla bağlı olub. Faktla bağlı cinayət işi açılsa da, istintaq bir nəticəyə gəlməyib. 2008-ci ilin əvvəlində ona qarşı təzyiqlər davam etdiyi üçün jurnalist Azərbaycanı tərk etməli olub.
- Son zamanlar Fikrət Hüseynli Avropadan yayımlanan Turan TV müxalif peyk telekanalı ilə əməkdaşlıq edir, Avropada azərbaycanlı siyasi emiqrantların etiraz aksiyalarının təşkilində iştirak edirdi, azadlıq.info xəbər verir.