Kim mühakimə edəcək?
Cənubi Osetiyada Konstitusiya Məhkəməsinin yaradılması haqqında ilk dəfə 15 il əvvəl, 2001-ci ilin avqust ayında Cənubi Osetiyanın Konstitusiyası qəbul edilən zaman danışmağa başladılar, burada “Cənubi Osetiya Respublikasının Konstitusiya Məhkəməsi haqqında 8-ci maddə də var.
Amma bu qurumun real olaraq yaradılması məsələsi hələ indi gündəmə gəldi. Bu günlərdə Cənubi Osetiyanın prezidenti Leonid Tibilov “Cənubi Osetiya Respublikasının Konstitusiya məhkəməsinin fəaliyyətə başlamasının təmin edilməsi üçün tədbir görülməsi haqda sərəncam imzaladı.
Bu addımı prezidentin həm siyasi opponentləri, həm də onun məsləkdaşları dəstəklədilər. O cümlədən, birincilərə aid parlament sədri Anatoli Bibilov bildirdi ki, respublikada “siyasi mənada zəruri olan ən əsas məhkəmə yaradılıb. İkincilərə aid olan “Nıxas partiyasından olan parlament deputatı Zita Besayeva isə bildirdi ki, “Leonid Tibilov özünün seçkiqabağı kampaniyası zamanı Konstitusiya məhkəməsinin işə başlayacağı ilə bağlı söz vermişdi və öz sözünü tutdu.
Konstitusiya məhkəməsinin konkret olaraq nə vaxt işə başlayacağı və harada yerləşəcəyi barədə hələ heç nə məlum deyil. Onun real fəaliyyəti ilə bağlı bir çox suallar da hələ qaranlıq qalır. Suallar isə çoxdur – Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin müəyyən edilməsindən tutmuş onun işçi heyətinin seçilməsinə qədər.
Bütün bu suallarla bağlı cəmiyyətdə çoxlu sayda tövsiyyə və şübhələr də səslənir.
Maliyyə
Zita Besayeva:
“Konstitusiya məhkəməsinə ehtiyac həmişə olub, sadəcə imkan olmayıb – axı başa düşmək lazımdır ki, onun fəaliyyəti üçün kadrlar, bina, işçilərin maaşı olmalıdır. Leonid Tibilov ancaq Rusiyadan maliyyələşdirmə ilə bağlı razılıq alandan sonra Konstitusiya məhkəməsi haqqında fərmanı imzaladı.
Səlahiyyətlər
Anatoli Bibilov:
“Bu, məhkəmə islahatının sonu deyil. Hansı işlərə Konstitusiya, hansılara Ali məhkəmə tərəfindən baxılacağı ilə bağlı qayda-qanun yaradılmalıdır.
Timur Tsxurbatı, politoloq:
“Ölkənin siyasi sistemini Konstitusiya Məhkəməsi qurur. İndi, artıq bizim Konstitusiya Məhkəməmiz olandan sonra ümid etmək olar ki, tezliklə Cənubi Osetiya həyat səviyyəsinə görə ABŞ-ı qabaqlayıb keçəcək.
‘Mən hüquqşünas, bu sahədə də böyük mütəxəssis deyiləm, amma yüksək həyat səviyyəsi və öz əhalisinin firavan yaşaması ilə öyünə bilən hər bir ölkədə Konstitusiya məhkəməsi var.
Onun olmaması bizi dünya ictimaiyyəti qarşısında nüfuzdan saldı. Buna görə də mən bunun müsbət addım olduğunu düşünürəm və ümid edirəm ki, öz rolunu oynayacaq.
Bax, mənim üçün səciyyəvi olan nədir, nə deyə bilərəm… Biz hazırda Birləşmiş Ştatlara yaxşı münasibət də bəsləyə bilərik, pis münasibət də, amma bu fakt olaraq qalır ki, Amerika Birləşmiş Ştatları dünyanın aparıcı dövlətidir.
Biz ikiqütblü dünya, nə bilim nələr haqqında danışa bilərik, amma o istənilən halda birqütblüdür və Birləşmiş Ştatlar burada başçılıq edir və Birləşmiş Ştatların siyasi sistemini məhz Konstitusiya Məhkəməsi formalaşdırıb.
Ora seçilmiş insanlar gəlirdi, onları yenidən seçmək mümkün deyildi, onlar müvafiq qanunlar yaradırdı və biz bu ölkənin çiçəkləndiyini görürük.
Ümid edirəm ki, tezliklə Cənubi Osetiya həyat səviyyəsinə görə Birləşmiş Ştatları qabaqlayıb keçəcək’.
Politoloq Timur Tsxurbatı danışır
Peşəkar işçilər
Konstitusiya məhkəməsinin tərkibində beş hakim olur və onlar 10 il müddətinə seçilir.
Prezident iki namizədi şəxsən təyin edir və üçüncü namizədi parlamentin müzakirəsinə təqdim edir. Daha iki namizədi Konstitusiya Məhkəməsinə parlament göndərir.
Alan Cussoyev, “Bizim seçimimiz Osetiyadır ictimai-siyasi hərəkatının lideri:
“Hazırda idarələrarası müqavilələr haqqında çoxlu söhbətlər gedir. Konstitusiya Məhkəməsi bütün bu sənədlərə qiymət verəcək, bundan başqa da, RF və digər ölkələrlə müqavilə bazasının konstitusiyaya nə dərəcədə uyğun olması məsələsinə. Məmurlarımız ən azı daha savadlı və daha məsuliyyətli olmalıdırlar, bu ilk növbədə DİN, prokurorluq, istintaq orqanları və yerli administrasiyalara aiddir.
Zita Besayeva:
“Hesab edirəm ki, bu gün biz ali məktəbi bitirəndən sonra yaxşı təcrübəsi olan 35 və ondan yuxarı yaşı olan hüquqşünaslara ümid edə bilərik.
Sosial şəbəkələrdəki müzakirələrdən:
“Köhnə, əldən düşmüş kadrları yeni yerlərə yerləşdirəcəklər. Əslində isə Konstitusiya Məhkəməsinin gələcək üzvlərinin bilik səviyyəsinin yoxlanılması üçün yeni yüksək ixtisaslı kollegiya yaratmaq və bu kollegiyanı televiziyanın da iştirakı ilə açıq proses etmək lazımdır. Belə bir məhkəmənin yaradılmasının adətən olduğu kimi boş bir yerdə lovğalılıq deyil, peşəkarlığın olduğu halda bir mənası var.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 22.03.2016