Keçmiş siyasi məhbus etiraz əlaməti olaraq dövlətə borcunu xırda qəpiklərlə ödəmək niyyətindədir
Paylaşmaq
Paylaşmaq
Keçmiş vicdan məhbusu Qiyas İbrahimov Facebook-da xırda qəpik toplamaqla bağlı kampaniya başladıb. Xırda pul ona dövlətə 73 manat (43 dollara yaxın) ödəmək üçün lazımdır. Bu məbləği o, üç il əvvəl narkotik alverində ittiham olunduğu zaman məhkəmə ekspertizasına görə “borclanıb”. Üzərinə qoyulan borcu bu yolla – xırda qəpiklərlə qaytarmaqla Qiyas hakimiyyətə münasibətini göstərmək və əziyyətə salmaq istəyir.
Qiyas İbrahimov kimdir və hansı borcdan söhbət gedir?
2016-cı ildə Qiyas İbrahimov və Bayram Məmmədov narkotik alverində ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Rəmsi versiyaya görə, gənclərin evlərində kiloqramdan çox heroin aşkarlanmışdı.
Həbslərindən bir qədər əvvəl Qiyas və Bayram Azərbaycanın eks-prezidenti və hazırkı prezidentin atası Heydər Əiyevin heykəlinin postamentində hökumətə qarşı şüar yazıblar. Amnesty International hüquq müdafiə təşkilatı onları vicdan məhbusu elan etmişdi. Azərbaycanda onları “heykəl məhbusları” adlandırırdılar.
2019-cu il martın 16-da Qiyas və Bayram 50 nəfəri siyasi məhbus olmaqla 399 nəfəri əhatə edən prezidentin əfv fərmanı çərçivəsində azad ediliblər.
Aprelin 23-də Qiyas satışında ittiham olunaraq üç ilini həbsdə keçirdiyi həmin heroinin ekspertiza xərclərini ödəməli olduğu haqda məhkəmə qərarını alıb. Əks təqdirdə Qiyas İbrahimovun əşyalarına həbs qoyula bilər.
Aksiyanın təfərrüatları
Qiyas İbrahimov bu vəziyyəti “ideoloji təbliğat alətinə” çevirmək qərarına gəlib. O, bu haqda öz Facebook səhifəsində yazıb və arzu edən hər kəsə təklif edib ki, küncdə-bucaqda lazımsız qalan 5 qəpikləri (təxminən 3 sent) ona gətirsinlər.
“Gəlin qara qəpiklik dəyəri olmayan dövləti azca da olsa əziyyətə salmaq üçün dayanışma göstərək”, – Qiyas yazıb.
O vurğulayıb ki, məhz 5 qəpiklərə ehtiyacı var, çünki aksiyanın məqsədlərindən biri mümkün qədər çox insanı cəlb etməkdən ibarətdir. Fəal hesablayıb ki, lazımi məbləğin toplanması üçün 1460 nəfər öz töhvəsini verə bilər.
Qiyasın aksiyası artıq dəstəklənib, yüzdən çox adam bu aksiyaya qoşulmaq niyyətini bildirib.
2017-ci ildə oxşar aksiyanı video-bloger Mehman Hüseynov keçirmişdi. O, polisə müqavimətdə günahlandırılaraq 200 manat cərimə olunmuşdu. Bu cəriməni Mehman sosial şəbəkə vasitəsilə topladığı xırda pulla ödəmişdi.