Gürcüstan dağlarındakı erməni icması yeni mer seçir
Samtsxe-Cavaxetidə seçkiqabağı kampaniya sona çatmaq üzrədir. Mer kürsüsünə namizədlərin və siyasi partiyaların bir hissəsi fəal seçki kampaniyası aparır, bir hissəsi isə ümumiyyətlə meydanda görünmür.
Kampaniyalar çərçivəsində keçirilən əhali ilə görüşlərdə insanların az olması diqqət çəkirdi. Yerli sakinlərin passivliyi bir yandan onların seçkilərlə bağlı maraqlarının az olması, digər yandan isə sahələrdə işin çox olduğu payız mövsümü ilə izah olunurdu.
Samtsxe-Cavaxetidə seçkiqabağı vəziyyət
Samtsxe-Cavaxetidə yerli özünüidarə orqanına seçkilərdə 7 siyasi partiya iştirak edir. Regionun altı şəhərinin hamısında onlar mer kürsüsünə öz namizədini irəli sürüb. Bu partiyalar proporsional və majoritar sistem üzrə şəhər sakrebulolarının seçkilərində də iştirak edirlər.
Samtsxe-Cavaxetinin 6 şəhərində merliyə 35 namizəddən 14-ü etnik ermənidir, ikisini partiyalar deyil, təşəbbüs qrupu irəli sürüb, bir qadın da var – Anivard Martirosyan, o, Ninotsminda meri kürsüsü uğrunda mübarizə aparacaq. Onun namizədliyi iqtidarda olan “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülüb. Təşəbbüs qruplarının namizədləri – Ninotsmindada Andronika Karslyan və Aspindzada Levan Tsabadzedir.
Axalkalaki
Axalkalakidə merliyə 6 namizəd var, amma onlardan yalnız ikisinin şansları real dəyərləndirilir – iqtidarda olan “Gürcü arzusu” partiyasından Yurik Unanyan və “Gürcüstan Vətənpərvərləri Alyansından” Samvel Petroosyan. Axalkalaki merliyi uğrunda həmçinin Ruben Mkrtçyan (“Qriqorii Vaşadze – Yeni Vahid Gürcüstan”), Harutyun Aleksyan (“Avropa Gürcüstanı”), Zuurab Ozqebaşvili (“Milli Hərəkat”) və Melik Raisyan (“Dmitri Lorkipanidze, Kaxa Kukava – Demokratik Hərəkat”) da mübarizə aparır.
Seçkinin digər iştirakçıları ilə müqayisədə Yurik Unanyan və Samvel Petrosyan fəal seçkiqabağı kampaniya aparırlar. Onlar bir-bir kəndləri dolaşır, öz proqramlarını təqdim edirlər. Onlar hər gün 4-5 kənddə qonaq olurlar və səxavəttlə vəd yağdırırlar. Hər ikisi vaxtilə güc strukturlarının yüksək vəzifəli əməkdaşı olub. Yurik Unanyan yerli prokurorluqda, Samvel Petrosyan isə polisdə çalışıb.
Yurik Unanyan seçicilərə çiçəklənən gələcək, onların bütün problemlərinin həlli üçün yorulmadan işləyəcəyini vəd edir.
“Əziz xalqım, bu, həmişə öhdəsinə düşənləri yerinə yetirən partiyadır. Oktyabrın 21-də seçki günüdür və hər kəsi vaxt tapıb seçki məntəqələrinə gəlməyə səsləyirəm. Bütün partiyaların fəaliyyətini müqayisə edib belə qənaətə gəlmişəm ki, iqtidar partiyası ən yaxşısıdır. Düşünürəm ki, bu yol bizi demokratik inkişafa gətirəcək. Bu partiya ilə birlikdə xalqın rifahı üçün çalışmaq olar”, – Axalkalaki merliyinə namizəd Yurik Unanyan deyir.
“Vətənpərvərlər Alyansı” tərəfindən namizədliyi irəli sürülmüş Samvel Petrosyan 2012-2016-cı illərdə deputat olub və parlamentdə “Milli Hərəkatı” təmsil edib. O, əhaliyə islahatlar vəd edir, rayon büdcəsinin artırılmasından tutmuş, erməni genosidinin tanınmasına qədər.
“Biz erməni xalqına qarşı törədilmiş genosidin tanınmasına aparacaq məqsədə nail olmalıyıq. Biz elə bir vəziyyətdəyik ki, bu vəziyyət bizi miqrantlarla oxşar edir. Mən gürcü-erməni münasibətlərinin möhkəmləndirilməsi üçün hər şeyi edəcəm, biz bir yerdə daha güclü olacağıq. Hər iki xalq mənim üçün doğmadır”, – Axalkalaki merliyinə namizəd Samvel Petrosyan Abuli kəndində seçicilərlə görüşündə deyib.
Mer kürsüsünə namizədlərdən əhalinin ən az tanıdıqları Ruben Mkrtçyan və Melik Raisyandır. Axalkalakidə onlarla bağlı “onları tapana mükafat veriləcək” məzmununda zarafat da yayılıb.
“Bakradze-Uqulava – Avropa Gürcüstanı” partiyasını təmsil edən Harutyun Aleksyan daha passivdir. O, seçicilərlə daha az görüşür, amma uğura ümidini itirmir.
“Karrupsiya günbəgün artır. Bu hal əvvəl də var idi, amma bu miqyasda deyildi. Biz iş yerləri açmalı, pensiyaları qaldırmalıyıq”, – Aleksyan deyir.
Digər merliyə namizəd, keçmiş deputat Melik Raisyan deyir ki, regionda qanun işləmir və məhz bu problemi o, həll etməlidir:
“Xalq qorxu içindədir, xüsusi xidmət orqanlarının təzyiqi güclüdür. Konstitusiya Gürcüstanda işləmir. Sadəcə istəyirəm ki, qanunlar işlək olsun və bütün problemlər müvafiq qanunlarla həll edilsin”.
Bu il Baraletidə yol asfaltlanıb, amma kənd sakinləri bu işin keyfiyyətsiz görüldüyündən şikayət edirlər.
“Yol çəkiblər, amma o qədər pis eləyiblər ki, adam elə bilir dəniz dalğaları üstündə gəzir. Piyada səkiləri yoxdur, piyada getmək mümkün deyil, uşaqların məktəbə gedib-gəlməyi təhlükəlidir. Bir sözlə, bizim o qədər problemimiz var ki, saymağa başlasam, axşama qədər bitirə bilmərən”, – yaşlı Rafiq deyir.
Abuli kənd sakini Volodya Berekyan su və qaz problemindən şikayətçidir:
“Abula dağını görürsüz? Yalnız o, prbolemlərimizin qarşısında susub durub. Mənim dörd yaşım vardı kəndin içməli suyu kəsiləndə, bu gün nəvələrin var, içməli su isə hələ də yoxdur. Ötən il gəldilər, 130 min larini göyə sovurub, getdilər. Onlar fikirləşirlər ki, iş görüblər də, boru xətti çəkiblər, axı su yenə yoxdur. Bax, beləcə də yaşayırıq. Qazımız yoxdur, yolumuz yoxdur, qışda tamam bağlanır. Bizim yeganə məqsədimiz sağ qalmaqdır. Başqa variantımız yoxdur. Amma bütün bunlar nə qədər davam edəcək?!”