Katolikos-patriarx İkinci İliya Almaniyada müalicə olunandan sonra Gürcüstana qayıdıb. Gürcüstanın pravoslav kilsəsinin rəhbərini qarşılamaq üçün aeroporta yüzlərlə insan toplaşıb. Tbilisi meriyası İkinci İliyanı qarşılamaq istəyənlər üçün pulsuz nəqliyyat təşkil edib.
Jurnalistlərlə söhbətində patriarx həmvətənlərinə ifadə etdikləri şəfqətə görə, alman həkimlərinə isə apardıqları uğurlu müalicəyə görə minnətdarlığını bildirib. İkinci İliya guya onun Berlin klinikasında olduğu müddətdə planlaşdırılan sui-qəsdlə bağlı hay-küylü istintaq araşdırmasına da toxunub.
“Belə xoş olmayan olayların olması kədərlidir. Biz bu məsələləri hakimiyyətlə birlikdə incələyib nəticələr çıxaracağıq. Əminəm ki, hər şey yaxşı qurtaracaq”, – patriarx bildirib.
Katolikos-patriarx fevralın 2-dən Berlinin Helios klinikasında müalicədə idi. Fevralın 13-də o, öd kisəsindən əməliyyat olunub.
Patriarx alman klinikasında olduğu zaman, fevralın 10-da Tbilisi aeroportunda Berlinə yola düşməyə hazırlaşan Patriarxlığın Əmlakın İdarə olunması İdarəsinin rəhbəri Georgi Mamaladze saxlanılıb. Prokurorluğun bəyanatına görə, onun üzərində güclü zəhər aşkarlanıb, o, bununla “yüksək ranqlı dini xadimi” zəhərləmək istəyirmiş. Berlində İkinci İliyanın mühafizəsinin gücləndirilməsinə dair tədbirlər görülüb. Baş nazir və digər hakimiyyət mənsubları isə bildiriblər ki, dövlətə qarşı xüsusi ağır cinayətin qarşısı alınıb. Amma daha sonra prokurorluqdan bildirilib ki, sui-qəsd patriarxa qaşı planlaşdırılmayıb.
Bu gün fevralın 20-də saxlanılan şəxsin yeni vəkili həmçinin kilsə rəhbərinə qarşı sui-qəsd ittihamını təkzib edib. Mixail Ramişvilinin sözlərinə görə, Mamaladzeyə qarşı irəli sürülmüş ittihamda söhbət patriarxın katibi Şorena Tetruaşviliyə qarşı qəsddən gedir.
“Patriarxa qarşı heç bir təhlükə yox idi”, – vəkil bildirib. Bu günə qədər vəkillər istintaq sirri haqda iltizamı əsas gətirərək ittiham detalları haqda danışmaqdan çəkinirdilər.
Fevralın 17-də Georgi Mamaladze səhhətinin pisləşməsilə əlaqədar həbsxanadan klinikaya köçürülüb. Həkilərin sözlərinə görə, onun vəziyyəti normaldır, amma əlavə müayinəyə ehtiyac var.