Kataloniya müstəqilliyin bir addımlığında dayandı – muxtariyyət lideri Madridlə danışıqlar təklif edib
REUTERS/Enrique Calvo
Kataloniyanın hökumət başçısı oktyabrın 10-da İspaniyanın bu varlı şimal-şərqi regionunun müstəqilliyə can atması nəticəsində Madridlə münasibətlərdə yaranmış gərginliyi azaltmağa çağırıb, Rueters xəbər verir.
Kataloniya İspaniyanın tərkibində 7,5 milyon nəfər əhalisi olan muxtar regiondur. 2017-ci il oktyabrın 1-də burada müstəqillik haqda referendum keçirilib. Spaniya hakimiyyəti referendumu qanunsuz adlandırıb və səsvermənin qarşısını almağa çalışıb. Bu da nümayişçilərlə polis arasında kütləvi qarşıdurmalara səbəb olub, 800 nəfərdən çox adam xəsarət alıb.
Amma bütün bunlara rəğmən referendumu keçirmək mümkün olub və iştirak edənlərdən 90 faizi İspaniyanın tərkibindən çıxmağın lehinə səs verib. Amma Kataloniya hökuməti etiraf edib ki, referendumda muxtariyyət əhalisinin yalnız 43 faizi iştirak edib.
Bütün dünya gözləyirdi ki, çərşənbə axşamı, oktyabrın 10-da Kataloniyanın hökumət başçısı Karlos Puçdemont parlamentə müstəqillik haqda bəyannamənin reallaşdırılması haqda məsələnin səsverməyə çıxarılmasını təklif edəcək. Bu, İspaniyada yaranmış vəziyyəti təxmin edilməyən cığıra sala bilərdi. İspaniya hökuməti dəfələrlə bəyan etmişdi ki, birtərəfli müstəqillik elanı qanunsuz sayılacaq və bu halda “qanun və demokratiyanın” bərpası yönündə tədbirlər görüləcəyi haqda xəbərdarlıq etmişdi.
Amma Puçdemont parlamentdə səsverməni təxirə salmaq qərarı verdi.
“Bizim bütün mübahisələrimizə və fikir ayrılıqlarımıza baxmayaraq, biz bir xalqıq”, – Karlos Puçdemont Barselonada parlamentdə çıxışı zamanı bildirib. – “Xalq bizə kataloniya ərazisində respublika formasında müstəqil dövlət qurmaq üçün mandat verib. Amma mən təklif edirəm ki, bunun həyata keçirilməsini dayandıraq və razılaşdırılmış qərarın əldə edilməsi üçün danışıqlara başlayaq”.
İspaniyanın baş naziri Mariano Raxoy Puçdemontun bəyanatına cavab olaraq deyib ki, müstəqil dövlət qurmaq planlarından əl çəkməyincə katalon liderləri ilə danışıqlara razı olmayacaq.’
D aha əvvəl Avropa Parlamenti Kataloniya məsələsi ilə bağlı misilsiz birlik nümayiş etdirmişdi.
Bir həftə əvvəl, oktyabrın 4-də Avropa Parlamentinin deputatları bu məsələ ilə bağlı debat keçiriblər və bu zaman demək olar ki, hamı istisnasız olaraq referendumu qanunsuz adlandırıb. Bu nəticə bir-birini inkar edən siyasi ideya təmsilçilərindən – mühafizəkarlar, sosialistlər, liberallar, solçular, sağçılar, “yaşıllar” və Avropa skeptiki milətçilər – ibarət olar Avropa Parlamenti üçün nadir hadisədir.
Hətta mütəmadi olaraq Avropa İttifaqına qarşı çıxış edən və bu qurumu millətlərin fərdiliyini məhv etməkdə günahlandıran Fransa təmsilçisi Marin Le Pen kimi deputatlar da katalon separatçılarını dəstəkləməyib. Debatlar zamanı Kataloniya rəhbərlərinin Madridin yürütdüyü siyasətlə bağlı əhalinin narazılığından siyasi məqsədlərlə istifadə etdiyi və öz vətəndaşlarını məsuliyyətsizcə polis dəyənəyi altında qoyduğu yönündə təxminən vahid fikir səslənib.
Bundan başqa debat iştirakçıları İspaniya polisinin hərəkətlərini də pisləyiblər və bütün bunların İspaniya hökuməti tərəfindən “qeyri-proporsional güc tətbiqi” olduğunu bildiriblər.
REUTERS/Enrique Calvo
Debatda bütün çıxış edənlər bir fikirdə razılığa gəliblər ki, Madrid və Barselona arasındakı münaqişənin yeganə həll yolu Brüsselin iştirakı ilə iki tərəf arasında siyasi dialoq olmalıdır . Avropa Komissiyasının sədr müavini Frans Timmermans qarşıya qoyulmuş vəzifəni belə ifadə edib:
“Qanunun dəyişdirilməsi uğrunda mübarizə aparmaq olar, amma qanunu iqnor eləmək olmaz”.
Bu iclas zamanı səslənən başqa bir yaddaqalan sitat Belçikanın keçmiş baş naziri Qi Verxofstadta aiddir: “Siyasətdə kompromis utancverici deyil”, – separatçılığı dəstəkləməklə bağlı şəxsi təcrübəsi olan Verxofstadt deyib.
O, öz vətənində – Flandriyadakı prossesləri xatırladıb. Burada da separatçı əhval-ruhiyyə fəaldır, amma uzunmüddətli və mürəkkəb danışıqlar nəticsində kompromis əldə edilib və Flandriya vahid Belçikanın bir hissəsi olaraq qalıb.
“Dünyada dövlətlər yox, insanlar yaşayır. Onlar dövlətləri yaradırlar ki, burada insanlar üçün yaşamaq rahat olsun”, – Verxofstadt deyib.