Karantin günlərində 70 yaşlı Ruhəngiz xanımın yaşadıqları haqqında film festivalın qalibi oldu
SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı – Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır. Festival yerli kinematoqrafçıları və bu sahə ilə əlaqədar insanları sənədli filmə təşviq etmək, eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq, gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
- Azərbaycanda seks qalmaqallarının yeni dalğası: hədəfdə “iqtidar partiyası”nın funksionerləridir
- Ermənistanda depopulyasiya: doğulmayan qızlar, həlak olan oğlanlar, pandemiya
- Mixail Saakaşvili: mən həbsdən qorxmuram, bu seçkilərdə şəxsən Gürcüstana gələcəyəm
SEVİL fəaliyyətə düz bir il əvvəl – 2020-ci ilin sentyabr ayında başlayıb.
Festivalın təsisçisi Aygün Rəşidova deyir ki, SEVİL-i fərqləndirən cəhət layihənin əsas hissəsinin Bakıda keçirilməməsidir. Rəsmiyyətdən qaçmağa çalışırlar.
Müsabiqənin ilk turu 2020-ci ildə Azərbaycanın qərb regionuna olub. Ötən il də, bu il də festival Gəncədə keçirilib.
Bu il festival 25-29 avqust tarixlərində baş tutub. Rəsmi qapanış mərasimi isə Bakıda keçirilib.
Müsabiqənin dörd beynəlxalq və iki yerli münsiflər heyəti var.
“Beynəlxalq Qısa Sənədli Film” nominasiyası üzrə birinci yerin qalibi olan filmin əsas qəhrəmanı transgender qadındır. “Bu ilham pərisi deyil” filmi Braziliya istehsalıdır, rejissoru isə Thais Demelodur.
“Ən Yaxşı Tammetrajlı Sənədli Film” nominasiyası üzrə birinci yerin qalibi “Ayaqlarımın altındakı cənnət” filmidir. Rejissoru Sandra Madi olan bu film Livan istehsalıdır.
“Yerli Qısa Sənədli Film” mükafatını isə “Anamla dəqiqələr” filmi ilə Sənan Səfərov qazanıb. 70 yaşlı Ruhəngiz xanım pandemiya səbəbilə yalnız evdə vaxt keçirdiyindən yaşadığı travmaları, ürəyində qalan arzularını xatırlayır. Oğlu isə bu anları unudulmaz edib.
“Həmişə anamın anlarını ölümsüzləşdirmək istəmişəm. Başladım müşahidə etməyə və telefonla lentə almağa. Montaj etdikcə isə gördüm ki, bu videolar elə filmə bənzəyir. Dostlarım dedilər ki, filmi festivala göndərək. Gəncədə və qapanış mərasimində nümayiş olundu. Əslində, mükafat alacağımı gözləmirdim. Çox sevincliyəm”, – Sənan Səfərov deyir.
Tammetrajlı filmlər arasında Fransa istehsalı “Rioya çağırışım”, beynəlxalq qısametrajlı filmlərdən isə Çexiya istehsalı “Qara və Ağ” filmləri münsiflər heyətinin xüsusi təltifinə layiq görülüb.