“Kadırovu sevmək” – Çeçenistan lideri tanınmış rusiyalı blogerlərlə “yumoristik” videolarda çəkilir
Çeçenistan rəhbəri Ramzan Kadırov yeni rolda – aktyor qismində çıxış edib. O, populyar blogerlərlə ittifaqa daxil olub və bir-birinin ardınca onu xeyirxah və güclü lider kimi təqdim etməyi hədəfləyən qısa “yumoristik” video-hekayələr buraxıb – Rusiyanın Medialeaks saytı xəbər verir.
İki hekayə
•Video: Rusiyada Putinə pərəstiş haqda ən yaxşı şeir müsabiqəsi
“Çeçen dilini öyrən, arvadın sözünə baxacaq”
Bu rolik Instagram-da üç milyona qədər izləyicisi olan bloger Artyom Kalaycyanın iştirakı ilə çəkilib.
Bloger çay süfrəsində Ramzan Kadırova yol polisinin onu necə saxladığı haqda danışır, amma bu zaman ona arvadı zəng vurur və hekayəsini tamamlamağa imkan vermir. O, arvadına deyir ki, məşğuldur, amma qadın təkrar zəng vurur və bu zaman zəngə Kadırov cavab verir.
O, blogerin arvadı ilə çeçen dilində danışır və deyir ki, bloger onun qonağıdır və tezliklə evə qayıdacaq. Durumdan məmnun qalan qadın Kadırova cavab verir ki, indiyə qədər çeçen dilini bilməsə də, onu anladı. Ərinə də söz verir ki, öz “axmaq zəngləri” ilə onu dəng etməyəcək.
Heyrətlənmiş bloger deyir ki, indən belə o, çeçen dilini öyrənəcək.
“Məşqçi Kadırovdursa, düşmənlər qorxulu deyil”
Kadırovun digər poliki üç bloger tərəfindən çəkilib – Artyom Kalaycyandan başqa, səkkiz milyondan çox izləyicisi olan Mixail Litvin və üç milyona yaxın izləyicisi olan Amiran Sardarov da videoda yer alıb.
İki gənc mübahisə edir, üçüncü təklif edir ki, münasibətlərini rinqdə aydınlaşdırsınlar. Hər iki rəqib məşqə başlayır, amma Kalaycyanın məşqçisi Ramzan Kadırov olur. O, blogerə zərbələr endirir, onu var gücü ilə məşq etməyə məcbur edir və “əsl döyüşçü baxışını” öyrədir. Artyom Kalaycyan rinqə Kadırovla gəlir. Onu görən kimi rəqibi döyüş başlamamış huşunu itirib yerə sərilir.
“İnternetdə harmoniya bərqərar olana qədər öldürmək və həbs etmək”
Bu reklam kampaniyasını tənqid etmək istəyənlərə Ramzan Kadırovun Çeçenistan hökumətinin iclasında hələ video-çarxlar yayımlanmağa başlamamış xəbərdarlıq edib:
“Hətta əgər bütün dünya od tutub yansa belə, əgər hətta bütün ölkələrin qanunları pozulsa belə, biz məgər [internetdə başqasının] ləyaqətinə toxunan adamı rahat buraxacağıq? Müqəddəs Qurana and olsun ki, buraxmayacağıq!”
Bundan əvvəl isə Çeçenistan rəhbəri “internetdə harmoniya və qarşılıqlı hörmət bərqərar olana qədər öldürmək, həbs etmək, heyter və trolları qorxutmaq” lazım olduğunu bildirmişdi. Hüquq müdafiəçilərinin tələbi ilə Rusiya DİN-i bu çağırışı araşdırıb, amma heç bir qanun pozuntusu aşkarlamayıb.