Kadırov: Qızlarım heç vaxt məktəbdə hicablarını çıxarmayacaqlar
Paylaşmaq
Paylaşmaq
Çeçenistan başçısı Rusiya Təhsil və Elm naziri Olqa Vasilyevanı məktəbə hicabla gəlməyin yolverilməz olduğu haqda bəyanatına görə tənqid edib. Çeçenistan başçısının sözlərinə görə, Mordoviya məktəblərində müsəlman başörtülərinə qoyulan qadağaya anlayışla yanaşan nazirin mövqeyi onu təəccübləndirib.
“Nazirin yerli rəhbərlərin yanlışını düzəltmək əvəzinə öz “şəxsi qənaətini” milyonlarla vətəndaşa sırıması təəccüb doğurur. Mənim üç qızım məktəbdə oxuyur və hicab taxırlar, çox yaxşı oxuyurlar. Olqa Vasilyeva tələb edir ki, onlar başlarını açsınlar? Qızlarım heç vaxt bunu etməyəcək”, – Kadırov Instagram səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya Konstitusiyası hər kəsəin vicdan və dini etiqad azadlığına zəmanət verir, amma “görünür Rusiya məmurlarının heç də hamısı bu maddəni oxumayıb”.
Yanvarın 24-də Təhsil və Elm naziri Mordoviyaya səfəri zamanı bildirib ki, Rusiya məktəbliləri öz dini etiqadlarını atributlarla vurğulamamalıdırlar. “Düşünmürəm ki, həqini inanclı insanlar özlərinin dinə münasibətini atributlarla vurğulamaq istəyər. Təhsilimiz dünyəvi xarakter daşıyır”, – Vasilyeva bildirib. O, həmçinin qeyd edib ki, “məsələ artıq Konstitusiya Məhkəməsində həllini tapıb” və “məktəbdə milli mənsubiyyəti vurğulayan hicaba yer yoxdur”.
Kadırov Vasilyevaya xatırladıb ki, RF Konstitusiya Məhkəməsi hicabla bağlı qərar qəbul etməyib.
Əslindı isə 2015-ci ilin fevralında Rusiya Ali Məhkəməsi Mordoviya məktəblərinə hicab və digər dini atributlarla, həmçinin mini ətəklər, cins, dərin dekolteli paltar və pirsinqlə gəlməyə respublika hökumətinin tətbiq etdiyi qadağanın qanuniliyini təsdiqləyib.
Daha əvvəl 2012-ci ildə məktəbdə hicab geyilməsilə bağlı münaqişə Stavropolda baş vermişdi. Vilayətin bəzi rayonlarında müsəlman qızları məktəbə hicabla buraxmamağa başlamışdılar ki, bu da müsəlmanların qəzəbinə səbəb olmuşdu. O zaman münaqişəyə Rusiya prezidenti Vladimir Putin qarışmışdı və bildirmişdi ki, məktəbdə hicab geyinməyin yaxşı bir tərəfi yoxdur. Onun sözlərinə görə, bu cür ənənə Rusiyada, hətta müsəlman regionlarda da heç vaxt olmayıb.
Münaqişə Stavropol vilayətində bütün məktəblərdə klassik məktəb forması məcburiyyətinin tətbiqi ilə nəticələndi. Məktəblilərə rəsmi şəkildə baş geyimləri, o cümlədən də hicab, həmçinin dini atributlu başqa geyimlər qadağan edildi.
2013-cü ilin yayında Rusiya Ali Məhkəməsi Stavropol məktəblərində hicab geyinməyə qoyulan qadağanın qanuniliyini tanıdı.