Kadırov kultu – Çeçenistan prezidentinin doğma kəndinə atasının adı verilib
Paylaşmaq
Paylaşmaq
Çeçenistan prezidenti Ramzan Kadırovun doğma kəndi Tsentaroy (qeyri-rəsmi yerli adı Xosi-yurt) dəyişdirilərək onun atası, keçmiş prezident Ahmat Kadırovun adı verilib. İndən belə kənd Ahmat-yurt adlanacaq. Kavkazskiy uzel xəbər verir ki, kəndin adının dəyişdirilməsi faktını Ramzan Kadırov şəxsən təsdiqləyib və qeyd edib ki, kənd sakinləri özləri mayın 21-də toplantıda belə qərar qəbul ediblər.
Ahmat Kadırov 2003-2004-cü illərdə Rusiyanın tərkibində, Şimali Qafqazdakı Çeçenistan Respublikasının prezidenti olub. 2004-cü il mayın 9-da terror aktı nəticəsində qətlə yetirilib.
Çeçenistan prezidenti özünün Telegram kanalında kəndin adının dəyişçdirilməsini tarixi səbəblərlə izah edib – bildirdiyinə görə, kəndin əsasını məhz Kadırovlar nəsli qoyub.
https://www.youtube.com/watch?v=fZQ3oC2zw1Y
“Bu, Xosi-yurt sakinlərinin spontan aksiyası deyil, onlar durduq yerə küçəyə çıxıb kəndin Ahmat-yurt adlandırılmasını tələb etməyiblər. Dünən mayın 21-də xəbərlərdə bu haqda süjet getdi. Ən çox sadə kənd camaatından ibarət dəstənin üzərində Ahmat Kadırovun şəkilləri olan bayraqları əllərində tutaraq kəndin içi ilə getməsi, bir də hələ keç kim rəsmən kəndin adını dəyişməsə də, alaqapıda artıq kəndin yeni adının yerləşdirilməsi təsir etdi”, — “Kavkazskiy uzel” portalına müsahibəsində Çeçenistanın qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsi Əbubakar bildirib.
Ahmat Kadırovun adı Çeçenistanda dəfələrlə əbədiləşdirilib – mərkəzi meydan, respublikanın bir çox şəhərlərin və rayon mərkəzlərinin küçələri onun adını daşıyır. Bundan başqa, “Çeçenistanın qəlbi” məscidi, respublika fondu, Rusiya Qvardiyası alayı və əvvəllər “Terek” adı daşıyan futbol klubuna da mərhum prezidentin adı verilib. Qroznının mərkəzində Ahmat Kadırov prospektində “Ahmat-tauer” adlandırılan 400 metrlik qüllə yüksəlir
“Kəndin Ahmat Kadırovun şərəfinə adlandırılması Çeçenistanda Kadırov kultunun hökm sürdüyündən xəbər verir”, – Münaqişələrin Analizi və Önlənməsi Mərkəzinin direktoru Yekaterina Sokiryanskaya hesab edir.