Əvvəllər Astaranın Səkəşam kəndində 40-a yaxın ailə yaşayırdı. 1996-cı ildən sonra isə burada yaşayan ailələr kəndi yavaş-yavaş tərk etməyə başladı. Səbəb isə kənddə transformatorun partlaması oldu. Transformator sıradan çıxdıqdan sonra kənddə işıq problemi yaşanmağa başladı.
Hazırda kənddə 4 ailə yaşayır. Kəndin yolları bərbad olduğundan gediş-gəliş də çətinləşib. Qışda isə ümumiyyətlə kənddə həyat dayanır. Məktəblər, xəstəxanalar hamısı qonşu kəndlərdədir, kənddən ən azı 4 kilometr uzaqda.
Kənd sakinlərinin sözlərinə görə, Astara İcra Hakimiyyətindən onlara deyiblər ki, 4-5 ailəyə görə ora işıq çəkən deyilik. Sakinlər də dədə-baba evlərini tərk etmək istəmirlər.
Səkəşam kəndinə aparan yol. Səkəşam kəndinə ancaq UAZ markalı maşınlar gedib-gəlir
1996-cı ildə sıradan çıxan transformator
1996-cı ildən bu günə qədər işləməyən elektrik sayğacı
80 yaşlı kənd sakini Cahan nənə 21 ildir ki, “neft lampasından” istifadə etdiyini deyir
Əfqan Əliyev Səkəşam kəndində anadan olub. Evini isitmək və yemək bişirmək üçün odun doğrayır. Əfqanın əsas gəliri mal-qaradan çıxır. Ailəsi süd, qatıq, yağ hazırlamaqla dolanır. Həyətində əkdiyi naringi ağacının məhsulunu satır.
Axşam düşəndə Əfqan generatoru işə salır. Cəmi 4-5 saat (ailəsinin büdcəsinə çox ziyan dəyməsin deyə) televizora baxmaq, uşaqların dərsləri ilə maraqlanmaq olar. Generator 1 saata 1 litr benzin işlədir