Jurnalist Xədicə İsmayılovanın bank hesabına həbs qoyulub
Jurnalsit Xədicə İsmayılova Azərbaycan hökumətindən almalı olduğu kompensasiyanı əldə edə bilmir, çünki Vergilər Nazirliyi onun bank hesabına həbs qoyub. Jurnalistin vəkili deyir ki, Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanın ödənməsi üçün istənilən maneə qanunsuzdur. Vergilər Nazirliyi və Milli Bank məsələ ilə bağlı şərh verməkdən çəkinib, ВВС yazır.
Xədicə İsmayılova kimdir?
Xədicə İsmayılova azərbaycanlı jurnalistdir, hakimiyyətlə bağlı səs-küylü araşdırmaları, tənqidi materialları ilə məşhurdur.
2015-ci ildə o, vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə yeddi il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2016-cı ildə həbs qərarı şərti cəza ilə əvəz olunub.
Xədicə İsmayılova həbsdə olduğu müddətdə beynəlxalq təşkilatlar onun dərhal azad edilməsini tələb edir, həbsinin siyasi motivli olduğunu bildirirdilər.
• Qafqazda insan haqları – Amnesty International-ın gəldiyi nəticələr
• Azərbaycanda siyasi məhbus siyahılarının tarixi
Nəyə görə kompensasiya?
Hələ 2013-cü ilin yanvarında Xədicə İsmayılova etiraz aksiyasında saxlanılaraq cərimələnmişdi. O, cəriməni ödəməkdən imtina etdiyi üçün ictimai işlərə məhkum edilmişdi. 2017-ci ilin aprelində Avropa məhkəməsi bu qərarı qanunsuz elan edərək Azərbaycan hökumətini İsmayılovaya kompensasiya qismində 6 min avro və məhkəmə xərclərinə görə 2 min avro ödəməyə təhkim etmişdi.
Hesaba niyə həbs qoyulub?
Xədicə İsmaylovanın vəkili Fariz Namazlı İsmayılovaya qarşı daha əvvəl irəli sürülən vergidən yayınma ittihamı ilə bağlı hesabına həbs qoyulduğunu güman edir. Amma heç bu da kompensasiyanın ödənməsi üçün mane olmamalıdır.
Namazlı Avropa Şurası Nazirlər Komitəsinə müraciət etmək niyyətindədir.
Xədicə İsmayılovanın sözlərinə görə, hesaba dekabrın 4-də həbs qoyulub, dekabrın 11-də isə eyni hesaba kompensasiya köçürülüb (7 min avroya yaxın).
“Belə çıxır ki, Milli Bank gizliliyi pozaraq, Vergilər Nazirliyinə mənim hesabımla bağlı məlumat ötürüb. Ya da bunu Prezident Aparatında ediblər”, – jurnalist ehtimal irəli sürür.